Hakim də simulyasiya edərmiş

525

Dünyada çox ittifaq düşüb ki, birisinə cavab verməyə aciz qalam. Həmişə hazırcavab olub, hər bir kəsin sözünü haman saat rədd etmişəm. Amma dünən bir lənkəranlı futbol azarkeşinin suallarına heç bir cavab tapa bilməyib məəttəl qaldım.

Hə, həmin gözünə döndüyüm azarkeş qabağımı kəsib başladı məni məzəmmət eləməyə ki, a kişi, hələ utanmırsan hər yazında futbolumuzu qaldırıb qoyursan dağın başına. İstədim ki, onun cavabını verim, tez cibindən telefonunu çıxarıb, tutdu qabağıma və hirslə dilləndi:

– Sən Topaz Premyer Liqasının sonuncu – XXXVI turu çərçivəsində keçirilmiş “Rəvan” – “Xəzər Lənkəran” matçındakı bu epizoda baxmısan?

Dedim, nə olub məgər?

Lənkəranlı dostum başını bulayıb dedi:

– Ay kişi, daha nə olmalıdır ki? Həmin matçın baş hakimi Ramil Diniyev 82-ci dəqiqədə heç bir əsas olmadan qapımıza penalti təyin etdi. Bu penaltidən yararlanan “Rəvan” Premyer Liqada yerini qoruyub saxladı, mənim komandam isə turnirin son pilləsinə yuvarlandı. Buradan da hara yuvarlanacağı hər kəsə bəllidir. Budur, biz azarkeşləri yandıran həmin epizod, diqqətlə bax da, məgər burada qayda pozuntusu var? Əksinə, hakim simulyasiyaya görə rəqibi – Ruslan Tağızadəni sarı vərəqə ilə cəzalandırılmalı idi. Amma Ramil nə etdi? “Xəzər Lənkəran”ın kapitanı Tural Cəlilovu cəzalandırdı. Vallah, bütün dünyanın hakimləri buna baxsalar, Ramil bəyə itin sözünü deyərlər. Birdən çaşıb deyərsən ki, bəs AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov öz hakiminin haqlı olduğunu bildirib, nə badə belə söz demə. Hər şeydən əvvəl ona görə ki, şəxsən mən onu dünya hakimləri cərgəsində görmürəm. Xülasə, mənə elə gəlir ki, buna penalti demək üçün insan gərək bütün haqq-ədalət, vicdan prinsiplərinə tüpürə, sonra da onu ayağı altına salıb tapdalaya. Vallah-billah, bu rüsvayçılıqdır. Məncə, burada hakim simulyasından başqa bir şey yoxdur. Hakim də simulyasiya edər? Hə, lap yadımdan çıxacaqdı: AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov dadeyib.

Lənkəranlı azarkeş susduğumu görüb davam etdi:

– Mənə elə gəlir ki, Ramil bəy kimlərinsə sifarişini yerinə yetirib. Gəlin, açıq danışaq, niyə bizim komandanı bu günə qoydular? Axı bu komanda neyləyib? Niyə rəsmilərimiz bizi aşağı liqaya göndərməkdə belə israrlıdır? Niyə Azərbaycanda “1 nömrə”li azarkeşi olan komandanı bu günə saldılar, hə? Olmaya regionlarda futbolun inkişafında maraqlı deyillər? Eh, o qədər sualım var ki? Yenə deyirəm, mənə elə gəlir ki, elə bil “Xəzər Lənkəran”dan nəyinsə qisasını alırlar? Olmaya PFL sədri 2007-ci ildə rəhbərlik etdiyi “Neftçi”nin çempionluq arzusunu ürəyində qoyduğuna görə komandamızı cəzalandırır? “Xəzər Lənkəran” kimi idman bazası, akademiyası və gələcəyi olan bir klub axı nə üçün kimlərinsə şəxsi ambisiyalarının güdazına getməlidir? Amma öz aramızdır, bu məsələdə klubun rəsmisi Tuyqun Nadirovun da kifayət qədər əməyi var. Görünür, o, “Xəzər Lənkəran”dan çox öz himayədarları üçün çalışıb.

Vallah, bu lisensiya məsələsi də lap aləmi qarışdırıb e… Sən oxumuş adamsan bir mənə de görüm, necə olur ki, aləmə borcu olan “İnter”ə daxili yarışlarda iştirak üçün lisenziya verilir, amma “Xəzər Lənkəran”a verilmir? Elə bunlar bir yana e… Bu oyun öncəsi “Rəvan”a xal verən “Qarabağ”ı isə heç cür anlaya bilmirəm. Bəlkə sən anlamısan? Nə isə verdilər “Xəzər Lənkəran”ı fələyin güdazına. Allah baiskarın komandasını dağıtsın.

Doğrusu, mən cavab verməyə məəttəl qaldım. Çünki doğrudan da, heç bilmədim ki nə deyim.

Qvami Məhəbbətoğlu