Hadrutun erməni işğalından azad edilməsindən 1 il ötür

25

Dünya hərb tarixinə düşəcək Hadrut əməliyyatı 44 günlük Vətən savaşının taleyini müəyyən etdi

Sentyabrın 27-də başlayan Azərbaycan Ordusunun sürətli əks-hücum əməliyyatları nəticəsində ardıcıl olaraq düşmənin torpaqlarımızda qurduğu müdafiə-istehkam xətləri darmadağın edildi. Oktyabrın əvvəlindən başlayaraq Azərbaycan Ordusu cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə – Hadruta yönəlmişdi. Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyat idi. Çünki məhz Hadrutu azad edəndən sonra Azərbaycan Ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başlayacaqdı. Hansı ki, düşmən Şuşaya hücumun bu istiqamətdən olacağını heç ağlına da gətirməmişdi və onlar hücumu iki istiqamətdən – Laçın dəhlizindən və Qırmızı Bazar istiqamətindən gözləyirdilər. Oktyabrın 7-dən başlayaraq ağır artilleriya döyüşləri başladı, oktyabrın 9-də isə Azərbaycan qoşunları qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına aldılar. Hərbi-strateji əhəmiyyəti baxımından Hadrutun azad edilməsi 44 günlük savaşın taleyini müəyyən etdi.

Prezident Əliyev Hadrut qəsəbəsində milli bayrağımızı qaldırarkən qəsəbənin önəmini belə vurğulayıb: “Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi. Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olmuşdur. İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi”.

Ali Baş Komandan İlham Əliyevin açıqlamasından da göründüyü kimi, Hadrutun terrorçu qruplardan təmizlənməsi sıradan bir əməliyyat olmayıb, öncədən hərbi-strateji plan hazırlanıb və əməliyyat Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşıb. Azərbaycanın siyasi və hərbi rəhbərliyi dəqiq hərbi plana malik olub və bu strateji plana görə Cəbrayıl rayonu, Cəbrayıl şəhəri, daha sonra isə Hadrutun azad edilməsi əməliyyatına start verilib. Bu qəsəbənin işğaldan azad edilməsi nəticəsində Ermənistan rəhbərliyi artıq məğlub olduğunu dərk edib, lakin bunu öz xalqından gizlətməyə çalışıb.

Ölkə başçısı mart ayının 15-də Xocavənddə, keçmiş Hadrut rayonunda olarkən həmin vaxtlarda erməni yalan təbliğatının da iflasa uğradığını xüsusi qeyd etmişdi: “Mən bu günə qədər başa düşə bilmirəm ki, Ermənistan rəhbərliyi nə üçün öz xalqını aldadırdı? Biz dəqiq bilirdik ki, Hadrut bizdədir. Biz bilirdik ki, artıq Ermənistan ordusu burada tamamilə məhv edilib və sağ qalan erməni hərbçilər buradan qorxaqcasına qaçıb dağlarda gizlənmişdilər. Hadrut tam bizdə idi. Ancaq bəzi xarici jurnalistlər bildirirdilər ki, guya Hadrut ermənilərin əlindədir. Hadrutun azad edilməsindən sonra biz Şuşaya istiqamət götürdük. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq biz Şuşanı işğalçılardan azad etdik. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq”.

Dövlət başçısının vurğuladığı kimi, Hadrut qəsəbəsinin işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olan bir əməliyyat kimi qiymətləndirilir. Təsadüfi deyil ki, müxtəlif ölkələrin aparıcı elmi mərkəzlərində Azərbaycan Ordusunun həyata keçirdiyi Hadrut əməliyyatının yaxından öyrənilməsinə başlanılıb. Hadrutun azad olunması ilə birbaşa  düzəngahdan yüksəkliyə doğru bir əməliyyatın icra olunması baş tutmuşdu. Hansı ki, o yüksəklikdə düşmən müdafiə ehkamları qurmuş, ciddi şəkildə müdafiə olunurdu. Düşmənin ciddi silah arsenalları, silah ambarları Hadrut ətrafında yerləşmişdi. Hərbi ekspertlər bildirir ki, belə bir ərəfədə şimal istiqamətində əməliyyatların icra olunması və bölmələrin daha çox düzəngah ərazidən dağlıq əraziyə doğru irəliləməsi çox çətin əməliyyat idi.  Hadrut ərazisində əməliyyatlar keçirmək üçün texnika ilə irəliləmək mümkün deyildi. Orada əsgərlərimizin fərdi silahlardan istifadə edərək əməliyyatları icra etməsi nəticəsində sözügedən nailiyyət əldə olunmuşdur.

Prezident İlham Əliyev qazandığımız Qələbəni belə qiymətləndirib: “Bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir. Azərbaycan müharibədə Zəfər çaldı, düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi”.

Dövlət başçısı bir daha bəyan edib ki, bütün dağılmış şəhərlər, kəndlər yenidən qurulacaq, bu yerlərə həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik. “İki sahil”