Hadisə yerindən yayınmaya görə cəzalar sərtləşdirilməlidir

988

İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsinə (dəmiryol keçidlərinin keçilmə qaydalarının pozulmasına, qəza şəraitinin yaradılmasına, yəni hərəkətin başqa iştirakçılarının sürəti və hərəkətin istiqamətini məcburi dəyişməsinə səbəb olan pozuntular törədilməsinə, yol-nəqliyyat hadisəsi yerindən yayınmağa, yaxud Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə) əsasən, yol-nəqliyyat hadisəsi yerindən yayınmağın cəriməsi 80 manatdır. Təəssüf ki, sürücülərin bəziləri qəza törədən zaman müəyyən səbəblərdən hadisə yerindən yayınırlar. Düşünürlər ki, hadisə yerindən qaçmaq vəziyyətdən çıxış yoludur. Halbuki belə deyil. Məsələn, bəziləri düşünürlər ki, hadisəni törədən şəxs qaçırsa, hər şey zərərçəkənin üstündə qalır. Bəs bu hallarda hadisəyə səbəb olan şəxs hadisə yerindən yayınmaqla məsuliyyətdən uzaqlaşırmı? Daha sonra 80 manat cərimə ödəməklə bu “işdən” yayınırmı?

“Ola bilməz ki, polis “hörmət” müqabilində nəqliyyat vasitəsini buraxsın”

Redaksiyamıza müraciət edən bir vətəndaş avtomobilinin vurulduğunu, qəzaya səbəb olan şəxsin isə hadisə yerindən qaçdığını deyib. Qeyd edib ki, həmin ərazidə yerləşən polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib. Amma ərizə verilməsinin üstündən aylar keçməsinə baxmayaraq, vətəndaşa heç bir məlumat verilməyib. Zərərçəkənin iddiasına görə, hadisə törədəni polis tapıb, amma “hörmət” qarşılığında məsələni ört-basdır edib.

Mövzu ilə bağlı “Zaman-Azərbaycan” qəzetinə açıqlama verən Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (RBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev dedi ki, ola bilməz ki, kiminsə maşınını vurub qaçsınlar, zərərçəkən polisə şikayət etsin və həmin şəxs tapılmasın: “Həmin maşının dövlət qeydiyyatı barədə məlumat polisə verilibsə, o maşın tapılır. Bu məsələ ilə bağlı bizə də müraciət edilməlidir. Ola bilməz ki, həmin maşını tapsınlar və polis “hörmət” müqabilində nəqliyyat vasitəsini buraxsın. Həmin şəxsin avtomobilinin sığortası varsa, zərərçəkənə vurduğu zərər ödənilir. Həmin şəxs də yol nəqliyyat hadisəsi törədib, hadisə yerindən yayındığına görə məsuliyyətə cəlb olunacaq. Bunun cəriməsi o qədər yüksək deyil ki, polisə “hörmət” etməklə məsələ bağlansın”.

Kamran Əliyev inzibati xətalara görə, məsuliyyətin gücləndirilməsinin bu növ qayda pozuntularının qarşısını aldığını bildirdi. Onun sözlərinə görə, bir çoxları hadisə törədəndə müşahidə kameraları və digər qaydaları düşünərək qaçmağın səhv olduğunu anlayır: “Bu gün istənilən yol-nəqliyyat hadisəsinin üstü tezliklə və asanlıqla açılır. Hadisəyə səbəb olan düşünür ki, əgər qaçsam, məni sabah ikiqat cərimə gözləyir və mənim tapılmamağım da mümkün deyil. Həm də avtomobilin sığortası varsa, vurduğu zərər ödənəcək. Hadisə törədilən zaman hadisə yerini tərk etmədən polisə müraciət etmək ən sərfəli yoldur. Sürücü hansı hallarda qaçmağı düşünür? Ya sərxoş vəziyyətdə olanda, ya da sürücülük hüququ olmayanda. Əsas bu iki halda sürücü hadisə törədəndən sonra qaçmaq istəyir. Əgər hər şey qaydasındadırsa, sürücü bilir ki, onun sığortası qarşı tərəfə dəyən zərəri ödəyəcək. Burada məsuliyyət daha da gücləndirilsə, hadisə törədənlərin qaçmaq maraqları daha da azalacaq. Yol-nəqliyyat hadisəsi yerindən yayınmağın məsuliyyəti daha yüksək olmalıdır. Çünki burda söhbət təkcə avtomobilin avtomobillə toqquşmasından getmir. Burada piyadaların vurulmasından da söhbət gedir. Çox olub ki, piyadanı avtomobil vurub, piyada çıxıb yolun kənarına, gecə vaxtı yoldan görünmədiyinə görə ilkin tibbi yardım göstərilməməsi səbəbindən yolun kənarında qalaraq dünyasını dəyişib”.

Şöbə rəisi bir çox insanların məlumatı dəqiqləşdirmədən danışmasına da münasibət bildirdi. Onun sözlərinə görə, polis bu cür hallarda “hörmət” qarşılığında problemi ört-basdır etməz, belə bir böyük məsuliyyətin altına girməz: “Məsələn, qəza törədən 100-200 manat maddi zərər vurub. Hansı normal insan bu 100 manatın müqabilində, ondan nə qədər pul almalıdır ki, həmin hadisəni ört-basdır eləsin və fikirləşməsin ki, bu hadisənin üstü açılanda onu xidmətdən xaric edəcəklər. Vətəndaşlar bilmədən iddia etməməlidirlər ki, polis hansısa məsələni bağlayır. İnsanlar bəzən belə düşünürlər, yəqin ki, polis qəza törədib qaçmış sürücünü tapıb və “hörməti”ni alıb və sərbəst buraxıb. Hadisənin üstü açılmayanda və ya gec açılanda belə söz-söhbətlər yaranır. Polis əməkdaşı bilir ki, bu hallarda təkcə xidmətdən xaric olunmur, həm də onun barəsində cinayət işi açıla bilər”.

“Hadisəni törədən də, zərərçəkən də hadisə yerindən yayınarlarsa, cərimələnirlər”

“Digesta” firmasının direktoru, hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, yol-nəqliyyat hadisəsi yerindən yayınmaq məsuliyyətdən uzaqlaşmaq demək deyil: “Bir var, cinayət xarakterli, bir də var, inzibati xəta sayılan yol-nəqliyyat hadisəsi. Cinayət xarakterli nəqliyyat hadisəsindən qaçmağa görə cinayət məsuliyyəti var, bu ayrı məsələdir. Biz inzibati xətadan danışırıq. Yol-nəqliyyat hadisəsi yerindən yayınan sürücü, demək olar ki, bütün təqsiri boynuna alaraq çıxıb gedir. 80 manat burada təkcə qaçmağının cəriməsidir. Amma hadisə törədən tapılandan sonra 80 manat cərimə ilə yanaşı, həm də hadisəyə hüquqi qiymət verilir. Məsələn, sürücü yol verməli olduğu yerdə yol verməyib və hadisə törətdi, üstəlik, hadisə yerindən qaçdı. Burada cərimələr toplanır, 60 manat yol vermədiyinə görə, 80 manat da hadisə yerindən qaçdığına görə cərimələnir. Təqsirkar olduğu sübut ediləndən sonra avtomobilinin sığortası varsa, sığorta şirkəti vurulmuş ziyanı ödəyir. Sığortası yoxdursa, zərərçəkən hadisə törədənə qarşı iddia qaldırıb ziyanı tələb etməlidir”.

Kamran Əliyevdən fərqli olaraq, ekspert Ərşad Hüseynov hesab edir ki, hadisə yerindən yayınmaya görə cərimənin miqdarının az və ya çox olması bu məsələdə az rol oynayır. Ekspertin sözlərinə görə, hadisə yerindən qaçmağın cəriməsinin 1 manat və ya 1000 manat olmasının heç bir əhəmiyyəti yoxdur, bunun əhəmiyyəti sıfra bərabərdir: “Sadəcə olaraq, hadisə yerindən qaçan adamı bəzən tapmaq bir az çətin olur. Amma tapılandan sonra onsuz da cərimənin azlığının və çoxluğunun əhəmiyyəti yoxdur. Əsas məsələ qəza törədən sürücünü tapmaqdır. Burada bir şeyi də bilmək lazımdır ki, hadisəni törədən də, zərərçəkən də hadisə yerindən yayınarlarsa, cərimələnirlər. Cərimənin olmasının təyinatı da elə odur ki, hadisədə iştirak edənlər qaçmasınlar ki, hadisəyə hüquqi qiymət verilə bilsin”.

Rasim Məmmədli