Hacıqabul Sənaye Məhəlləsi: Yaradılma tarixinə görə üçüncü olsa da investisiyalarda birincidir

86

Prezident İlham Əliyevin Hacıqabul rayonuna səfəri çərçivəsində Hacıqabul Sənaye Məhəlləsinin açılışını etməsi Azərbaycanda hətta pandemiya dövründə də sənayeləşmə siyasətinin davam etməsinin göstəricisidir.

Sənaye məhəlləsində yerləşən “Azərmaş” zavodu ildə 1500 ədəd yük və xüsusi təyinatlı avtomobil istehsal etmək imkanına malikdir. Qiymətləri 17-130 min  manat arasında dəyişən avtomobillərin yaxın vaxtlarda istehsalına başlanılacaq. 100 nəfərdən çox insan üçün iş yeri olacaq zavodda Özbəkistan və Rusiya ilə birgə layihələr icra ediləcək.

Hacıqabul Sənaye Məhəlləsində yaradılan müəssisələrdən biri də “Elberg” tikinti materialları üçün avadanlıqların istehsalı zavodudur. Azərbaycanda ilk olan bu zavodda tikinti materialları istehsal edən zavodların layihələndirilməsi və quraşdırılmasını həyata keçiriləcək. Sənaye məhəlləsinin digər rezidenti “Uyusal Ambalaj” plastik su qabları istehsalı müəssisəsidir. Azərbaycanda su istehsal edən müəssisələrə qab satan müəssisə bu sahədə idxaldan asılılığı aradan qaldırmaqla keyfiyyət və qiymət sahəsində də üstünlüklər vəd edir. Buradakı növbəti müəssisə ildə 600-900 ton yüngül tara istehsal etmək gücünə malik  “Plasstech” zavodudur. Ölkədə yüngün taraya illik tələbatın 500 ton olması və daha bir tara istehsalçısının mövcudluğunu nəzərə alanda yeni müəssisə bu sahədə rəqabət yaratmış olacaq.  Sənaye məhəlləsində istifadəyə verilən müəssisələrdən biri isə orqanik gübrə istehsalı ilə məşğul olan “AzAgromila” müəssisəsidir. Sahibkar Ramazan Karaşahir deyib ki, Hacıqabul Sənaye Məhəlləsi Ələt Ticarət Limanına yaxın məsafədə yerləşir və müəssisəni yaradarkən bu amili nəzərə alıblar.

Göründüyü kimi, Hacıqabul Sənaye Məhəlləsini seçərkən sahibkarların ən çox diqqət yetirdiyi məsələ məkanın coğrafi və infrastruktur baxımından əlverişli olmasıdır. Azərbaycan Prezidentinin 2017-ci il 25 iyul tarixli Sərəncamı ilə yaradılmış Hacıqabul Sənaye Məhəlləsində ümumilikdə müxtəlif istehsal sahələri üzrə 10 müəssisə qurulub və sahibkarlar tərəfindən bu layihələrin icrasına 45,44 milyon manat investisiya cəlb olunub ki, bu da ölkə üzrə sənaye məhəllərinə (5 sənaye məhəlləsi var) qoyulmuş ümumi sərmayələrin 62 faizidir.

Azərbaycanda ilk sənaye məhəlləsi ölkə başçısının 2015-ci il 2 fevral tarixli Sərəncamı ilə Neftçala rayonunda yaradılıb və 2017-ci il 24 sentyabr tarixində açılışı olub. Neftçala Sənaye Məhəlləsində 8 müəssisə qeydiyyatdan keçib. “Xəzər” avtomobil zavodu burada yerləşir.

Azərbaycan 2016-cı il 13 iyun tarixli Sərəncamına əsasən yaradılmış Masallı Sənaye Məhəlləsinin 2018-ci il 18 sentyabr tarixində açılışı olub. Hazırda sahibkarlıq subyektlərinin istifadəsinə verilmiş sənaye məhəlləsində 9 müəssisə iştirakçı kimi qeydiyyata alınıb, bunlardan 5 müəssisə fəaliyyətə başlayıb.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli Sərəncamı ilə yaradılmış Sabirabad Sənaye Məhəlləsində 3 müəssisə qeydiyyatdan keçib, 1 müəssisə fəaliyyətə başlayıb. Ümumilikdə sənaye məhəlləsi üzrə 50-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərmanına əsasən, Şərur Sənaye Məhəlləsi yaradılıb. Hazırda Sənaye Məhəlləsində tikinti işləri aparılır.

Buradan o da məlum olur ki, yaradılma tarixinə görə 5 sənaye məhəlləsi arasında 3-cü olmasına baxmayaraq Hacıqabul Sənaye Məhəlləsi ərazisində müəssisələrin sayına görə də birincidir.

Sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir. Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır. “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”yə uyğun olaraq, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə sənaye məhəllələrində torpaq sahəsinin və tikililərin icarə haqqının aşağı həddə müəyyən edilməsi, güzəştli kreditlərin verilməsi, inzibati prosedurların sadələşdirilməsi, sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili kimi stimullaşdırıcı tədbirlər həyata keçirilir.

Bununla belə, ölkədə sənaye məhəllələrinin yaradılmasına başlanılmasından 6 ildən çox vaxt keçməsinə baxmayaraq rezidentlər cəmi 96 milyon manat dəyərində məhsul satışı həyata keçiriblər. Bu mənada Prezident İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyinin yaradılması və Balaxanı Sənaye Parkı istisna olmaqla  digər sənaye parkları ilə yanaşı, Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla, qalan sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin təşkilinin, onların idarə olunmasının bu quruma həvalə edilməsi sözügedən sahədə yeni mərhələ olacaq. Agentliyin yaradılma məqsədi idarəetmənin, habelə nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsi, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, daha sıx koordinasiyanı və sistemliliyi təmin etmək məqsədi daşıyır. Hesab edilir ki, bu tədbirlərin görülməsi ölkəyə sərmayə axını, ixracın genişlənməsi ilə yanaşı, iş yerlərinin yaradılması prosesini də sürətləndirəcək.

Ceyhun Piriyev, “İki sahil”