“Həyatımın amalının bir fəlsəfəsi var, o da vətəndir”

554
Azərbaycan tarixində xalqın mənəvi dəyərlərini, xarakterini, milli xüsusiyyətlərini özündə birləşdirən görkəmli sərkərdələr olmuş, hazırda həmin ənənələr uğurlu davamını tapır. 
Şadlinskilər nəsli milli tariximizin parlaq səhifəsini təşkil edir. Tanınmış şəxsiyyət, ictimai xadim, tibb elmləri doktoru, professor Vaqif Şadlinski hazırda şəcərənin layiqli davamçısıdır. Qışın oğlan çağında dünyaya gəlsə də qəlbi, əməli, niyyəti, diləyi hər zaman bahar təravətli, bahar müjdəli olub. Ömrünün hər anını ən xeyirxah, ən ülvi hisslərə sərf edib. Yaşamağın mənasını, müqəddəsliyini bunda görüb. Vaqif müəllimlə ünsiyyətdə olmaq, dünəndən bu gündən söhbət açmaq tibdən, təhsildən məlumat almaq, onun ibrətamiz fikirlərini dinləmək çox maraqlıdır. Vaqif Şadlinskinin adı ölkə ictimaiyyətinə yaxşı tanışdır. Onun həyat mərhələlərini müşahidə etsək ailə qayğılı günlərindən tutmuş, ömrünü həsr etdiyi tibb sahəsi, alim və pedaqoji fəaliyyəti, ziyalı qayğıkeşliyi gözümüz önündə canlanır. Professor V.Şadlinski Vedibasar elinin görkəmli sərkərdəsi, xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin yaxın qohumu Bilas Şadlinskinin oğludur. Bu şəcərənin layiqli övladı, dəyərli davamçısı kimi Vaqif Şadlinskiyə rəğbət göstərir və sevirlər. Bu günlərdə görkəmli alimin 75 yaşı tamam olur. Bu münasibətlə alimlə müsahibəmiz belə başladı.Quş qanadlı illər bir-birini əvəz edir. Mahiyyət etibarilə həyat əvvəlki mənasını qoruyub saxlayır.- Sizin üçün həyatın mənası  nədir, hansı anlamdadır?

– Çətin sualdır. Zənnimcə, bu suala dünyanın bütün insanları, hətta filosofları cavab verməyə çətinlik çəkər. Mənim anlamımda həyatın fəlsəfəsi nədir? Yaşa dolmuş insan ömrü boyu əsas məqsədinə doğru addımlayır. O, həyatda normal insan kimi sözünü deməyi bacarmalıdır. Bunun üçün insanın sənəti, sənəti üzrə iş təcrübəsi və ailəsi olmalıdır. Lakin dərindən düşünəndə, həyatımın amalının bir fəlsəfəsi var. O da torpaq və vətəndir. Vətən sevgisi bunların hamısından üstündür. Vətəni sevməyən bir insanın hansı gerçəkliyə söykənməsinə inanmıram.  Ümumiyyətlə, mənim həyat amalımın, əsas prinsiplərimndən biri “düşmənə aman verməmək!” prinsipidir. Belə mənəvi dəyər meyarları Şadlinskilər nəslinin qanına, canına hopub. Bütün bunlar neçə-neçə yüzilliklərdən bəri genetik kodda təsbitlənib möhkəmlənərək dayanıqlı immunitet yaradıb. Belə dönməz, sarsılmaz immunogenlər nəsildən-nəslə ötürülür, bəşəri əhəmiyyət kəsb edir, təkcə Şadlinskilər nəslinin deyil, bütövlükdə xalqın, millətin milli dəyərlərinə çevrilir.

– Ömrünüzün mühüm hissəsini həsr etdiyiniz həkim-alim, pedaqoq kimi fəaliyyətiniz həyatınızda hansı çalarlar vurub?

– Sənətim elmi fəaliyyətimlə formalaşdı. Elmi düzgün halal yol kimi seçdim.1982-ci ildə Tbilisidə “Gözyuvasıaltı və aşağı alveol sinirlərinin topoqrafıyası və kötükdaxili quruluşu” mövzusunda namizədlik, 1999-cu ildə yenə də həmin şəhərdə “Normada və zobogen faktorların təsiri altında qalxanabənzər vəzin struktur homeostazı və morfofunksional xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyası müdafıə etdim. Doktorluq dissertasiyası müdafiəsindən sonra elmi fəaliyyətimi daha qlobal şəkildə inkişaf etdirməyə başladım.

1984-cü ildə ATU-nun insan anatomiyası kafedrasının dosenti, 1995-ci ildə isə həmin kafedranın müdiri vəzifəsinə seçildim və indiyə qədər həmin vəzifədə çalışıram. Bu illər ərzində kafedranın tarixi ənənələrinin bərpası, mühafızəsi və davam etdirilməsi istiqamətində fundamental işlər görüldü. Bunlarla yanaşı, insan anatomiyası morfoloji elmlər sahəsinə aid olan digər kafedralarla tədrici inteqrasiyasının, onların birgə vəhdət fəaliyyətinin və vahid orqanizm kimi tamlığının bərqərar olmasının təmin etdim. Bununla da morfologiya elminin xaotik şəkildə müxtəlif istiqamətlərə faydasız dartılma qüvvələrinin, yerində sayaraq tərpənməz qalıb inertləşməsinin qarşısı alındı. Bu elmə tətbiq edilən qüvvələr birləşdirildikdən, onların eyni istiqamətə yönəldilməsindən sonra ölkəmizin morfoloji elmlərə aid kafedralarında gözoxşayan dinamiklik yarandı. Çox keçmədi ki, bu kafedralarda yaranan və inkişaf etdirilən sağlam elmi-pedaqoji atmosfer tədrisin və elmin inkişafında öz inamlı sözünü deyə bildi. Çəkdiyimiz zəhmət bəhrəsini verdi. Son 20 il ərzində ATU rəhbərliyinin tədris prosesinin yenidən təşkili və keyfiyyətinin yaxşılaşdırılması uğrunda həyata keçirdiyi tarixi layihələrdə yaxından iştirak etdim. Bunu nəzərə alan rəhbərlik 1996-cı ildə məni ATU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin etdi və 5 il bu vəzifəni uğurla yerinə yetirdim. Bu  illərdə universitetin mənə doğma olan bütün kafedraları ilə birlikdə insan anatomiyası kafedrasının da elmi-pedaqoji fəaliyyətini diqqət mərkəzində saxladım. ATU-da elmi və tədris proseslərində qəbul edilən bütün yeniliklərin tətbiqini həyata keçirən ilk kafedralardan biri insan anatomiyası kafedrası olurdu. Onu da qeyd etmək istəyirəm ki, kafedraya rəhbərlik etdiyim dövrdən keçən 20 il ərzində əsası K. Balakişiyev tərəfındən qoyularaq dünyada tanınan Unikal Tədris və Elmi-Tədqiqat Muzeyinin yenidən qurulmasına, tarixi ənənələrin mühafızəsinə, yeni otaqların təşkilinə, onların müasir avadanlıqla təchizinə, yeni eksponatlarla zənginləşməsinə böyük zəhmət və enerji sərf etmişəm. Bundan da xoş bir qürur hissi keçirirəm ki, bütün bunları vətənim, xalqım, millətim və onun övladları üçün etmişəm. Mənim yaratdığım elmi məktəbin nümayəndələrinin elmi-tədqiqat işlərində endokrinologiya, ekzokrinologiya, limfologiya və immunologiyanın morfoloji xüsusiyyətlərinin əsas prinsipləri prioritetlik təşkil edir. Bu sahələr üzrə tədqiqat işlərini yerinə yetirən aspirant və dissertantlar namizədlik və doktorluq dissertasiyaları müdafiə edərək, ölkəmizin morfologiya elmini yeni müasir elmi dəlillərlə zənginləşdirirlər.

– Kafedranın elmi əlaqələri, gördüyünüz işlər barədə nə deyə bilərsiniz?

– İnsan anatomiyası kafedrasının beynəlxalq münasibətlərinin, dəyərli əlaqələrinin genişləndirilməsinə böyük əmək sərf etdim və belə əlaqələrin bünövrəsini gələcək nəsillər üçün də sarsılmaz edərək möhkəmləndirdim. Belə ki, ölkə rəhbərliyinin təhsil işçiləri üçün yaratdığı əlverişli şəraitdən yetərincə istifadə edərək, 1997-ci ildə A. N. Natişvili adına Tbilisi Dövlət Eksperimental Morfologiya İnstitutunun baş direktoru akademik N.A.Cavaxişvili, İ.M.Seçenov adına Moskva Dövlət Tibb Akademiyasının (hazırkı – Tibb Universitetinin) insan anatomiyası kafedrasının müdiri akademik M.R.Sapin kimi görkəmli alimlərlə, həmçinin qardaş Türkiyə Cümhuriyyətinin bir sıra universitetlərinin tibb fakültələrinin rəhbərləri ilə aparılan danışıqlar nəticəsində Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının rəhbərliyi ilə həmin ali tibb müəssisələrinin rəhbərləri arasında tibb təhsili və tibb elminin inkişafı istiqamətində ikitərəfli müqavilələr imzalandı, yeni layihələrin həyata keçirilməsi üçün razılıqlar əldə edildi.Dəfələrlə Almaniyada, ABŞ-da, Türkiyədə, İsraildə, Rusiya Federasiyasında, Ukraynada, Belarusda, Gürcüstanda, İspaniyada, Fransada, Rumıniyada və digər xarici ölkələrdə keçirilən konqres, konfrans və simpoziumlarda elmi məruzələrlə çıxışlar etmiş, həmin ölkələrin elmi toplu və məcmuələrində məqalə və tezislər çap etdirmiş, bu ölkələrdə Azərbaycan morfologiya elmini ləyaqətlə təmsil etmişəm.450-dən artıq çap olunmuş elmi işin, o cümlədən 11 monoqrafıya, 19 dərslik və dərs vəsaitinin, 20 metodik vəsaitin, 2 səmərələşdirici təklifin, onlarla elmi-publisistik məqalələrin müəllifiyəm. 1998-ci ildə Türkiyənin İzmir şəhərində Şərqdə ilk dəfə olaraq, mənim təşəbbüsümlə orijinal “İnsan anatomiyası atlası” çap etdirilərək tələbələrin ixtiyarına verilib. “Normada və strumogen faktorların təsiri altında qalxanabənzər vəzin struktur təşkili və morfofunksional xüsusiyyətləri”, həmçinin “Həzm və tənəffus sistemlərinin kiçik vəziləri” adlı monoqrafıiyalarım Moskvada çap olunub. 2009-cu ildə mənim redaktəm altında 4 dildə (Azərbaycan, latın, ingilis və rus dillərində) 7428 termindən ibarət beynəlxalq miqyasda qəbul edilmiş “Anatomik nomenklatura” adlı kitab işıq üzü gördü. Bu kitab 1964-cü ildə K.Balakişiyevin 1955-ci ildə Parisdə qəbul edilmiş yeni terminologiya əsasında 3 dildə (Azərbaycan, latın və rus dillərində) çap etdirdiyi “Anatomik nomenklatura” kitabının işıq üzü görməsindən keçən 50 ildən sonra respublikamızda dərc olunmuş yeganə ikinci orijinal kitabdır.

– Bu günlərdə sizin yubiley yaşınız tamam olur. Sizi bu münasibətlə təbrik edirik. Ömrün bu pilləsində ətraf-mühiti, dünyanı, insanları necə görürsüz?

– İnsanlar elə bil ki, harasa tələsir. Elə bir yolu seçiblər ki, mənəviyyat yavaş-yavaş itir. Bax, mən bundan qorxuram, mənəviyyata ləkə düşməməlidir. İllər keçdikcə bu da keçəcək. Dünyanın hər bir ölkəsində Azərbaycan üstün dövlət kimi seçilir. Bütün insanlara, cəmiyyətə sağlam həyat, vətən sevgisi arzulayıram.

 

Şövkət Hüseynova

H. B. Zərdabi mükafatı laureatı