“Həyatdan nə istədiyimi anladım və qərar verdim ki, rəssam olmalıyam”

0
646

Müsahibimiz öz üslubu ilə seçilən rəssam Lalə Ağayevadır. Qeyd edək ki, Lalə Ağayevanın dekabr ayının 30-u “Atropat” hotelində “Yuxu” adlı rəsm sərgisi keçiriləcək.

– Lalə xanım, özünüz və yaradıcılığınız haqqında nə deyə bilərsiniz?

– İlk ali təhsilim ibtidai sinif müəllimliyi olub. Sonra fortepiano dərsləri almağa başlamışam. 5 illik Cəfər Cabbarlı adına Musiqi Məktəbini əla qiymətlərlə bitirsəm də, rəssam olmaq qərarına gəldim. Çünki bu sahə mənə daha doğma gəldi. 1995-ci ildən fəlsəfi kitablar oxuyuram. Həmin kitablar mənə özümü yetişdirməyə çox kömək oldu. Həyatdan nə istədiyimi anladım və qərar verdim ki, mən rəssam olmalıyam. Yuxularımda qəribə hadisələr görürdüm və anladım ki, artıq öz yolumu seçməyin zamanı gəlib. İkinci təhsilim Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsm, heykəltəraşlıq və boyakarlıq fakültəsi oldu. Burada 4 il təhsil aldım. Tez-tez sərgilərdə iştirak edirdim. Ali məktəbi bitirən günü universitetin rektoru Bəhlul Ağayev mənə kafedramızda işləməyi təklif etdi. Bu mənim üçün böyük qürur idi. 2005-ci ildə universiteti bitirdim və elə həmin fakültədə çalışmağa başladım. 2003-cü ildən bəri Rəssamlar İttifaqının, 2005-ci ildən Gürcüstan və Azərbaycan Assosiasiyasının, 2005-ildən “Uluslararası Aktivist Sanatçılar” Birliyinin üzvüyəm.

– Şəkil çəkmək bacarığınızın olduğunu necə və nə zaman kəşf etdiniz? Bu zaman sizi yönləndirən, istiqamət verən kim oldu?

– Hər bir insanın bacardığı nəsə var. Onu uşaqlıqdan valideynlər hiss etməli və dəstək olmalıdırlar. Mən memar ailəsində anadan olmuşam, çox maraqlı həyatım olub. Atam mənə həm ata, həm də yaxın dost olub. Bu qabiliyyətimi ilk kəşf edən də məhz atam olub. Uşaqlıqdan böyük bir həvəslə rəsm çəkirəm. İlk rəsmimi 5 yaşım olanda çəkmişəm. Həmin rəsmi atam görüb, çox bəyənib və məndə bu sahəyə qarşı maraq oyadıb.

– Sizə ilham verən nədir?

– Mənə ilham verən elə həyatın özüdür. Bir də fəlsəfi kitablardır.

– İndiyə qədər təxminən neçə rəsm əsəri çəkmisiniz?

– İndiyədək, təxminən, 100-dən çox rəsm əsəri çəkmişəm.

– İlk sərginiz nə zaman keçirilib? Ümumiyyətlə, neçə sərgi keçirmisiniz? Beynəlxalq sərgilərdə iştirak etmisinizmi?

– Əsərlərimi təqdim etdiyim ilk sərgim 2000-ci ildə keçirilib. 2001-ci ildə Moda (geyimlər nümayiş olunub) sərgim keçirilib. Burada şəxsi geyim brendim olan LACO (Lala Aqaeva Collection) təqdim edilib. Geyimlərin üzərində minimalist stildə geyim və üzərində Azərbaycan xalq rəssamlarının əsərləri əks olunur. Həmin ildən bəri universitetin və muzeylərin təşkil etdiyi sərgilərdə də iştirak etmişəm. 100-ə yaxın diplom və sertifikatlar almışam. Sərgilərimin hamısı layiqincə rəğbət qazanıb. Xarici ölkələrdə ölkəmizi layiqincə təmsil etmişəm və edirəm də. Bundan başqa, əsərlərim muzey və qalereyalarda nümayiş olunub. Ölkəmizi “World Art Gams” da təmsil etmiş, diplom və kataloqla təltif olunmuşam.

– Azərbaycanda və ya dünyada özünüzə nümunə götürdüyünüz, üslubunu bəyəndiyiniz, ideal seçdiyiniz rəssam varmı? Ən çox hansı rəssamın əsərlərini bəyənirsiniz?

– Azərbaycan rəssamlarından Səttar Bəhlulzadənin, Maral Rəhmanzadənin, Cavad Mircavadovun əsərlərini bəyənirəm. Xarici rəssamlardan isə Pikassonun, Leonardo da Vinçinin, Joan Miro Ferranın, Amodeo Modelyaninin yaradıcılığını bəyənirəm. Xatırlayıram ki, bir gün bibim bizə qonaq gəlmişdi. Bu zaman əsərlərimi görüb, çox təəccüblənmişdi və Amadeo Modelyaninin dəst xəttinə oxşatmışdı.

– Daha çox hansı tərzdə əsərlər çəkirsiniz? Üslubunuz haqqında məlumat verərdiniz.

– Daha çox abstrakt və sürrealist üslubda rəsmlər çəkirəm. Çünki bu cərəyanlar mənə daha çox yaxındır və çox vaxt bu üslubda işləyirəm.

– Bir çox sənətçinin dəyəri öldükdən sonra bilinir deyirlər. Siz bu barədə nə düşünürsünüz? Əsərləriniz layiqli şəkildə dəyərləndirilirmi?

– Bəli. Əsərlərimin layiqincə dəyərləndirildiyini düşünürəm. Mənim fikrimcə, sənətkar öz əsərinə dəyər verməlidir, sənətini ucuz tutmamalıdır, özünü əsər ortaya çıxarmağa məcbur etməməlidir. Bu, insana verilən bir vergidir. Yaxşı rəssam təkrarolunmaz əsərlər yaratmağı bacarmalıdır.

– Görünəni, yoxsa görünməyəni çəkmək daha asandır?

– Görünəni çəkmək, görünməyəni çəkməkdən asandır. Çünki görünməyəni təsəvvür etmək çətindir.

– Əsərləriniz arasında ən çox bəyəndiyiniz rəsm əsəriniz hansıdır?

– Əsərlərim arasında ən çox bəyəndiyim “Yuxu” rəsm əsərimdir.

– İlk rəsm əsərinizi nə zaman və kimə satmısınız?

– İlk rəsm əsərimi bir kolleksiyaçı alıb. Ondan sonra sənətimə olan həvəsim daha da artdı.

– Özünüzə rəqib olaraq kimi görürsünüz?

– Hazırda heç bir rəqibim yoxdur, olmayacaq da.

– Hədəfinizdə olan, almaq istədiyiniz mükafat varmı?

– İstərdim ki, “Azərbaycan Xalq rəssamı” adına layiq görülüm.

– Rəssam olmaq istəyən gənclərə nə tövsiyə edərdiniz?

– Gənclərə öz üzərlərində çox çalışmalarını tövsiyə edirəm.

– Rəsm əsərlərinizdə istifadə etdiyiniz xüsusi bir mövzunuz varmı?

– Bəli var. Əsasən Ay rəsmindən istifadə edirəm.

– Bu sənəti seçdiyiniz üçün nə vaxtsa peşman olmusunuzmu?

– Xeyr. Əksinə, həmişə fəxr etmişəm.

– Ən böyük dəstəyiniz kimdir?

– Ən böyük dəstəyim Allahdır.

– Uğurlarınızın səbəbi nədir?

– Düşünürəm ki, uğura aparan yol xoşbəxtlikdən keçir.

– Sizi digər rəssamlardan fərqləndirən nədir?

– Məni digər rəssamlardan fərqləndirən əsas fərq əsərlərimi yuxuda görməyimdir deyə düşünürəm. Çəkdiyim əsərin ikincisi heç kimdə ola bilməz. Bir də ki, mən heç bir zaman öz əsərlərimi başqa rəssamların əsərlərinə oxşatmaq istəməmişəm. Uşaqlıqdan fərqlənməyi sevirəm. Yaradıcı insanam, beynim daim yeni ideyalar, fikirlər üzərində işləyir.

– Son sərginizə “Yuxu” adı vermisiniz. Bu adı seçməyinizin bir səbəbi varmı?

– Məncə, yuxu Allahla insan arasında olan bir sirdir. Yuxu mənim üçün müqəddəsdir. Buna görə də sərgimin adını “Yuxu” qoymuşam.

– Gələcək həyatınızda nələr etməyi düşünürsünüz? Etmək istəyib, ancaq edə bilmədiyiniz bir arzunuz varmı?

– Həyatda arzusunda olduğum hər şeyə nail olmuşam. Ancaq istəyərdim ki, gələcəkdə şəxsi emalatxanam olsun. Arzum budur ki, xarici ölkələrdə əsərlərim tez-tez sərgilənsin. Bu mənim yaradıcılığım üçün də çox vacib amildir.

Nərmin Haqverdiyeva