Həyat sığortasına maraq artır, qeyri-həyat sığortasına azalır

Ötən ilin yanvar-dekabr aylarında Azərbaycandakı 28 sığorta şirkətinin xətti ilə təxminən 429,2 milyon manat sığorta haqqı toplanıb. 
Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu, 2013-cü illə müqayisədə 23,5 milyon manat və ya 5,8% çoxdur. 2014-cü il ərzində sığorta şirkətlərinin həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə təxminən 157,1 milyon manat təşkil edib. Bu da 2013-cü ilə nisbətən 34,3 milyon manat və ya 28% çoxdur. Hesabat dövründə sığorta bazarında toplanan hər 100 manat sığorta haqqı müqabilində 36,6 manat ödəniş həyata keçirilib. Bu göstərici 2013-cü ildə 30,3 manat olub.

Həyat sığortası bazarı 52,7% böyüyüb

2014-cü ildə Azərbaycanda toplanmış sığorta haqlarının 24,5%-i və ya 105 milyon manatı həyat sığortasının payına düşüb. 2013-cü illə müqayisədə həyat sığortası bazarı 36,2 milyon manat və ya 52,7% böyüyüb. Həyat sığortasındakı yığımların 56,7%-i və ya 59,5 milyon manatı həyatın yaşam sığortasının, 27%-i və ya 28,3 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 15,9%-i vəya 16,7 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 458 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

Ötən il həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 28,6 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 18,2%-ni təşkil etməklə, 2013-cü ilə nisbətən 24,7 milyon manat və ya 7,4 dəfə çoxdur. Həyat sığortası üzrə ödənişlərin 86,7%-i və ya 24,8 milyon manatı həyatın yaşam sığortasının, 8,4%-i və ya 2,4 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 4,6%-i və ya 1, 3 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 62 min 500 manatı isə sağalmaz xəstəliklərlə bağlı sığortanın payına düşüb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 27,2 manat ödəniş həyata keçirilib. 2013-cü ildə isə bu göstərici 5,7 manat olub.

Qeyri-həyat sığorta bazarı 3,8% azalıb

Ötən il Azərbaycanda sığorta haqlarının 324,2 milyon manatı və ya 75,5%-i qeyri-həyat sığortasının payına düşüb. 2013-cü illə müqayisədə qeyri-həyat sığorta bazarı 12,7 milyon manat və ya təxminən 3,8% azalıb. Qeyri-həyat sığortası üzrə yığımların 22%-i və yaxud 71,3 milyon manatı tibbi sığortanın, 21,7%-i və ya 70,3 milyon manatı avtomobillərin icbari sığortasının, 11,7%-i və ya 37,8 milyon manatı kasko sığortanın, 11,2%-i və ya 36,4 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 5,4%-i və ya 17,4 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb.

Ötən il sığorta ödənişlərinin 81,8%-ni və ya 128,55 milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu, 2013-cü ilə nisbətən 9,6 milyon manat və ya təxminən 8,1% çoxdur.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 37,5%-i və ya 48,1 milyon manatı tibbi sığortanın, 22,2%-i və ya 28,6 milyon manatı kasko sığortanın, yəni 23,5%-i və ya 30,2 milyon manatı avtomobillərin icbari sığortasının, 5,9%-i və yaxud 7,6 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 1,9%-i və ya 2,4 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb. Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqına görə 39,7 manat ödəniş həyata keçirilib. Bu göstərici 2013-cü ildə 35,3 manat olub.

 Sığorta haqlarının 66,3%-i könüllü sığortanın payına düşüb

Sığorta haqlarının 66,3%-i və ya 284,7 milyon manatı könüllü sığortanın payına düşüb. Bu, ötən ilin eyni dövrüylə müqayisədə 5,1% və ya 13,7 milyon manat çoxdur. İcbarı sığorta növlərində yığımlar isə 144,5 milyon manat və ya bazarın 33,7%-ni təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə icbari sığorta bazarı 7,3% və ya 9,8 milyon manat artıb. Ötən il ümumi ödənişlərin 73%-i və ya 114,7 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortalar üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 35,1% və ya 29,8 milyon manat artıb. İcbarı sığorta növləri üzrə ödənişlər isə 11,9% və ya 4,5 milyon manat artaraq 42,5 milyon manata çatıb.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 40,3 manat ödəniş həyata keçirilib. 2013-cü ildə isə bu göstərici 31,3 manat olub. İcbarı sığorta üzrə toplanmış hər 100 manat üzrə ödəniş isə ötən ilki 28,2 manatdan 29,4 manata qalxıb.

 Sığorta yığımında ən çox artım kredit sığortasında qeydə alınıb

Sığorta növləri arasında ən ciddi artım kredit sığortasında qeydə alınıb. Bu növ sığortada yığım 10,3 dəfə artaraq 1,31 milyon manat təşkil edib. Artımın dinamikasına görə 2-ci yeri kənd təsərrüfatı heyvanlarının sığortası tutub. Bu sığorta növündə toplanan sığorta haqqı 3,8 dəfə artaraq 2 milyon manatı keçib.

İl ərzində sığorta növləri arasında ən ciddi azalma isə avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə yığım 53,7% azalaraq 939 min manata düşüb. Azalmanın dinamikasına görə 2-ci yeri işçilərin dələduzluğu sığortası tutub. Bu sığorta növü üzrə toplanan sığorta haqqı 43,7% azalaraq 567 min manat təşkil edib.

 Milli Məclis deputatlarının icbari şəxsi sığortası üzrə sığorta ödənişləri azalıb

Sığorta ödənişlərinin məbləği həyatın ölüm halından sığortasında 5,2 dəfə artaraq 1,3 milyon manat, həyatın yaşam sığortasında 11,4 dəfə artaraq 24,8 milyon manat, fərdi qəza və xəstəlik sığortasında 10,6% artaraq 1,6 milyon manat, tibbi sığortada 4,3% artaraq 48,1 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortasında 2,4 dəfə artaraq 7,6 milyon manat, kasko sığortasında 2,2% artaraq 28,6 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 65% artaraq 2,4 milyon manat, daşınmaz əmlakın icbari sığortasında 67% artaraq 2,4 milyon manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında 12,3% artaraq 30,2 milyon manat təşkil edib.

Sığorta ödənişləri üzrə ən çox azalma isə Milli Məclis deputatlarının icbari şəxsi sığortasında və auditorların peşə məsuliyyətinin icbari sığortasında qeydə alınıb. Bu sığorta növləri üzrə ödəniş 100% azalıb. Səyahət sığortası üzrə ödənişlər isə 8,4% azalaraq 268 min manata düşüb.