“Həvəssiz seçilən ixtisas peşmançılıq hissinə səbəb ola bilər”

0
407

Ali məktəblərə qəbulun bir sonrakı mərhələsi də ixtisas seçimi mərhələsidir. İxtisas seçimi insan həyatında olduğu qədər, ölkənin insan resurslarının keyfiyyətində də vacib rol oynayır. Abituriyentlərin peşə seçiminə təsir edən faktorların başında məktəb və valideyn durur. Bir çox hallarda bu qərarı abituriyentdən çox valideynlər verirlər. Həyat təcrübəsinin övladından daha çox olduğunu bildirən valideyn yaşadığı yerin, ölkənin əmək bazarının tələbatını, abituriyentin xarakterini, qabiliyyətini, ümumi psixi, fiziki, vəziyyətini nəzərə almadan, doğmaların və ətrafdakı insanların təhriki ilə müəyyən populyar ixtisasları seçirlər. Bu da bir çox hallarda insanın gələcəkdə müstəqil həyata qədəm qoyduğu zaman sahib olduğu peşə ilə arasında ziddiyyətlərin yaranmasına səbəb olur. Peşəsini sevməyən insan iş həyatında necə uğurlu ola bilər axı? Digər bir qrup abituriyentlər isə daha şanslıdırlar. Çünki gələcək həyatları ilə bağlı qərar vermə şansları olur. Hər bir insan hələ uşaq vaxtlarından hansı peşəyə yiyələnmək istədiyini əvvəllcədən düşünür. Bunu bilən valideyn də, seçimi övladının ixtiyarına buraxır. Abituriyent də, sevdiyi, uşaq vaxtdan arzusunda olduğu ixtisası seçir və sevərək öyrənir. Bu zaman gələcəkdə iş həyatında uğurlu da olsa, uğursuz da olsa öz seçimləri olduğu üçün heyifislənmirlər. Bəs görək Azərbaycanın tanınmış ziyalıları öz ixtisaslarını özlərimi seçiblər? Seçdikləri ixtisasdan məmnundurlarmı?

Mövzu ilə qəzetimizə müsahibə verən Təhsil Şurasının sədri Əjdər Ağayev bildirdi ki, ixtisas seçimi birinci növbədə abituriyentin istəyinə, arzusuna, qabiliyyətinə uyğun edilməlidir. Çünki insan öz peşəsindən, ixtisasından zövq almalıdır: “Həvəssiz seçilən ixtisas ömür boyu peşmançılıq hissinə səbəb ola bilər. Ancaq abituriyent seçim edə bilmədikdə və ya çətinlik çəkdikdə valideyni ona kömək edə bilər. Yəni, valideyn də kənara atılmamalıdır. Valideyn övladının qabiliyyətini nəzərə alaraq, ona münasib yaxşı bir ixtisas seçərək övladını yönləndirə bilər. Ancaq onu məcbur etmək olmaz. Mən özüm bir təcrübənin şahidi olmuşam. Məktəbi qurtaran bir gənc yüksək balla Azərbaycan Tibb Universitetinə daxil oldu. Ancaq üçüncü kursdan universiteti tərk etdi. Bunun səbəbini soruşduqda isə gənc valideynlərinin istəyi ilə bu ixtisası seçdiyini, ancaq oxumaq istəmədiyi üçün atdığını bildirdi. Buna görə hər bir abituriyent ixtisas seçimində sərbəst olmalı, istədiyi sahəni seçməlidir. Mənim özümün də ixtisas seçim marağım geniş olub. Bir tərəfdən romantik olduğuna görə geoloq olmaq istəyirdim, digər tərəfdən mətbuatla bağlı olduğuna görə jurnalist olmaq istəyirdim, valideynlərim isə həkim olmağımı istəyirdilər. Ancaq ürəyimdə müəllimliyə də həvəs var idi. Mənim qardaşım, dayım müəllim idi. Buna görə də mən artıq orta məktəbi bitirdikdə müəllimliyin nə olduğunu bilirdim. Birinci il sənədlərimi geologiya fakültəsinə verdim, ancaq daxil ola bilmədim. İkinci il isə, sənədlərimi verdiyim zaman valideynlərim məni Tibb Universitetinə yönəltdilər. Ancaq mən artıq qərarımı vermişdim. Validenlərimin də xəbəri olmadan sənədlərimi müəllimliyə verdim. Həmin ilə ADPU-nun (Azərbaycan Dövlət Pedoqoji Universiteti) Tarix-Filologiya fakültəsinə daxil oldum. Yəni demək istəyirəm ki, müəllimliyi sevdiyim üçün hara yönəlsəm də, sonda yenə müəllimliyi seçdim. Sevdiyim üçün də müəllimlik peşəsində uğur qazandım. Sevgi varsa, həvəs də yaranır. Məndən soruşsalar ki, yenidən seçim imkanınız olsa, hansı peşəni seçərdiniz? Mən də yenə müəllimliyi seçərdim”.

“Yenə də jurnalist olardım”

Əməkdar jurnalist Məzahir Süleymanzadə isə əlavə etdi ki, abituriyentlər kifayət qədər yaşa dolmuş, şəxsiyyət kimi formalaşmağa başlamış insanlardır. Buna görə də öz ixtisaslarını özləri seçə bilərlər: “Əslində ixtisas seçimi asan bir iş deyil. Çünki bu insanın taleyi, gələcəyi haqqında verdiyi ən mühüm qərarlardan biridir. Bu seçim abituriyentin istəyi, arzusu ilə olmalıdır. Ancaq elə abituriyentlər də var ki, qərar verməkdə çətinlik çəkirlər. Hər bir məsələni valideynlərin ümidinə buraxırlar. Bu zaman valideyn övladına yol göstərməli, onun üçün doğru olan sahəni seçməlidirlər. Hər bir uşaq hələ altıncı, yeddinci, sinifdə oxuyarkən hansı peşəyə yiyələnmək istədiyini müəyyənləşdirir. Gələcəkdəki həyatının planlarını qurmağa başlayır. Məsələn, mən özüm də ixtisasımı özüm seçmişəm. Orta məktəbi bitirdikdən sonra öz istəyimlə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil oldum. Onu da qeyd edim ki, həmin fakültəni bitirən ilk şamaxılı mən olmuşam. Öz ixtisasımı özüm seçmişəm. Valideynlərim heç vaxt mənim seçimlərimə müdaxilə etməyiblər. Mən orta məktəbdən bu arzu ilə böyümüşəm. Ancaq mən başqa istiqamətlərə də yönələ bilərdim. Şərqşünas ola bilərdim, rejissor ola bilərdim. Lakin ixtisas seçimi ilə bağlı gələcək taleyimi özüm müəyyənləşdirdim. Sevdiyim ixtisası seçdiyim üçün heç vaxt peşman da olmamışam. Yenidən dünyaya gəlsəm, yenidən bu həyatı yaşasam yenə jurnalist olardım”.

“Əgər abituriyent seçimində qərarsızdırsa, valideyn müdaxiləsi vacibdir”

Sualımızı cavablandıran millət vəkili Fəzail İbrahimli isə dedi: “Həyatda elə məqamlar var ki, orada daima valideyn məsləhətinə ehtiyac duyulur. Bunlardan ən əsası ixtisas və ailə həyatı seçimidir. Əgər uşağın dərrakəsi, şüuru öz gələcəyini düzgün təyin edəcək qədərdirsə, valideyn kənarda durmalıdır. Yox əgər, abituriyent seçimində qərarsızdırsa, valideyn müdaxiləsi vacibdir. Mən özüm də müstəqil düşüncəli olmuşam və öz ixtisasımı özüm seçmişəm. Hələ səkkizinci sinifdən tarixçi olmaq istəyirdim. Ancaq bizim dövrümüzdə sistem belə deyildi. Bizim bir ixtisas seçimimiz var idi. Hər kəs artıq orta məktəbin sonunda kim olacağını bilirdi. Elə həmin istiqamətə də gedirdi. Mən də ixtisasımı özüm seçdiyimə görə, sevərək oxumuşam. Bu sahə üzrə təhsil aldım və uğurlu nəticə ilə universiteti bitirdim”.

Nərmin Haqverdiyeva

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here