Həssas qruplardan olanlara dövlət qayğısı: Yeni qanunlar nələr vəd edir?

0
171

Ölkəmizdə həssas qruplardan olan vətəndaşlarımızın sosial müdafiəsi  ildən-ilə gücləndirilir. Prezident İlham Əliyevin 2019-cu il 16 dekabr tarixində imzaladığı yeni Fərman və təsdiqlədiyi qanunları isə həssas qruplara yönələn dövlət qayğısının növbəti dalğası adlandırsaq, səhv etmərik. Şübhəsiz, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, ailə başçısını itirmiş ailələrin etibarlı sosial təminat sistemi ilə təmin edilməsində daha bir mühüm addımdır. Belə ki, mövcud qanunvericiliyə görə, hazırda belə uşaqların və ailələrin iki müavinət növündən (yəni sağlamlıq imkanları məhdudluğa, yaxud ailə başçısını itirməyə görə müavinət növlərindən) birini seçə bilər. Qanuna yeni dəyişiklik isə həmin uşaqlar üçün bu məhdudiyyəti aradan qaldırır. Yəni, onlar müvafiq hallarda hər iki növ müavinəti eyni vaxtda ala biləcəklər.

Əsas dəyişikliklərdən biri də ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib. Belə ki, yeni dəyişiklik nəticəsində belə hallarda ailənin maddi durumunun yaxşılaşması məqsədilə bundan sonra ailəyə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət seçmək hüququ veriləcək. Yəni, ailə başçısını itirmiş ailə onun üçün nəzərdə tutulan sosial təminat növlərindən hansı (pensiya və ya müavinət) daha çox məbləğdədirsə, onu seçəcək.

Qanunda əsas dəyişikliklərdən biri də yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddinin artması nəticəsində yaşa görə əmək pensiyası və sosial müavinət almaq hüququ verən yaşlar arasında yaranmış ciddi uyğunsuzluğun aradan qaldırılmasına yönəlib. Dəyişiklik yaşa görə müavinət hüququ yaranan yaş həddinin pensiya yaşı həddi ilə eyniləşdirilməsini nəzərdə tutur.

“Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manata çatdırılıb. Bu da ölkədə aztəminatlı ailələrə hesablanan sosial yardımın və nəticədə onlara yönələn dövlətin qayğısının daha da artırılmasına imkan verir. Qeyd edək ki, ötən dövrdə ölkəmizdə ehtiyac meyarının həddinin 5,3 dəfə artırılması təmin edilib ki, bu da aztəminatlı ailələrin sosial müdafiəsinin ildən-ilə gücləndirilməsinə xidmət edib.

 Ölkəmizdə həssas qruplardan olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə mühüm önəm verilməsi təsadüfi deyil. Çünki insanlara maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması dövlətimizin apardığı siyasətin mühüm prinsiplərindəndir. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanun da sosialyönümlüdür. Daha doğrusu, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamət olaraq saxlanılıb. Bu isə o deməkdir ki, həssas qruplardan olan vətəndaşlarımız da ölkə başçısının müvafiq Fərman və sərəncamları əsasında tərtib olunacaq paketlərdən kifayət qədər faydalana biləcəklər.

Qvami Məhəbbətoğlu, “İki sahil”