“Hər zaman güclü komandalar qələbə qazanmır”

0
523

Çempionlar Liqasının II tənifat mərhələsinin ilk oyununda “Qarabağ”la qarşılaşan “Rudar” Bakıdan qolsuz heç-heçə ilə ayrıldı. Oyundan sonra Monteneqro təmsilçisinin kapitanı Nedelko Vlahoviç görüşü dəyərləndirib və çəkindikləri məqamlardan danışıb.

– Oyunla bağlı fikriniz necədi?
– Rəqibə hörmətlə yanaşırdıq. Bilirdik ki, “Qarabağ” təcrübə və ustalıq baxımından bizdən daha üstün komandadı. Onlar topa sahib olduqda, daha yaxşı çıxış edirlər. Biz də çalışdıq buna imkan verməyək. İki təhlükəli əks hücum yaratdıq, amma istifadə edə bilmədik. Ümumiyyətlə, biz müdafiədən oynayıb, rəqibi sürətli hücumlarda tutmağa çalışdıq. Seçmə mərhələnin oyunları iki 90 dəqiqədən ibarətdi. Bakıdan top buraxmadan qayıdırıq. Hər şey Monteneqroda həll olunacaq. Əlbəttə, mərhələ adlamaq istəyirik.

– Azərbaycan çempionunu haqda xoş sözlər dediz. Hesabın necə, bu cür olacağını gözləyirdinizmi?
– Nəzərə alsaq ki, “Qarabağ”ın heyətində istənilən an qol vurmağı bacaran futbolçular var, onda nəticə bizim üçün uğurludu. Əslində, meydana top buraxmamaq üçün çıxmışdıq. Müdafiəyə çox diqqət ayırmağımız da bu tapşırığı həyata keçirməkdən irəli gəlirdi. “Qarabağ” cütün favoritidi, onunla dueldən məğlub olmadan və top buraxmadan ayrılmaq yaxşı nəticədi. Futbolda heç vaxt olmaz deyə bir şey yoxdu. Hər şey meydanda baş verir. İndi bir qol da bizi üçüncü mərhələyə yüksəldə bilər.

– “Qarabağ” rəhbərliyi dedi ki, “Rudar” nə özü oynadı, nə də bizə oynamağa imkan verdi. Bunun hamısı qol buraxmamaq üçün edilirdi, yoxsa komandanızın hücum gücü zəifdi?
– İlk oyun olduğuna görə, sərfəli nəticə qazanmalı idik. Oyun ərzində bəzən aqressiv olurduq, bəzən sakitləşdirdik. Baş məşqçinin tapşırığını yerinə yetirirdik. Bu yarışdı və hər bir iştirakçı mərhələ adlamaq istəyir. Künc nöqtəsindən ötürmə zamanı hadisələrin axarı dəyişə bilərdi. Amma bunu bacarmadım. Artıq oyun arxada qalıb. Bunu unudub, cavab qarşılaşmasını necə keçirəcəyimizə baxmalıyıq.

– Yenilməməyiniz cavab oyununa daha istəkli çıxacağınıza imkan verəcəkmi?
– İndi elə məqamdı ki, yaxşı, baxımlı futboldan çox qarşıya qoyulan tapşırığı yerinə yetirmək lazımdı. Bunun üçün də daha yaxşı hazırlaşmalıyıq. Ümid edirəm ki, mərhələni biz adlayacağıq.

– Deməli, “Rudar”ın şansını daha yüksək qiymətləndirirsiniz?
– “Qarabağ” cütün favoritidi. Ancaq futbolda mümkünsüz heç nə yoxdu. Kimsə deyə bilməz ki, bu mümkün deyil. Tarix də göstərir ki, hər zaman güclü komandalar qələbə qazanmır. Əsas istəkdi. Biz istəyimizi reallaşdırmaq üçün azarkeş dəstəyindən də istifadə edəcəyik.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here