Hər yüz ailəyə 50 şəxsi minik avtomobili düşür

501

Yəqin sosial şəbəkələrdə 90-cı illərdə Bakıda və ya ölkəmizin digər bölgələrində çəkilmiş fotolara siz də rast gəlirsiniz. Hər birimiz o fotolara baxanda kövrək hisslər yaşayırıq. Bizə təsirli görünən, həmin fotolarda diqqətimizi çəkən bir məqam da hətta mərkəzi küçələrdə belə, avtomobillərin sayının azlığıdır. Məsələn, bu gün avtomobil əlindən tərpənmək mümkün olmadığı hansısa küçəni həmin fotoda bomboş görmək insana maraqlı gəlir. Bu məqamda həmin dövrü öz gözləri ilə görmüş yaşlı insanları daha yaxşı anlamaq olur…

Bəs son illər ölkəmizdə avtomobillərin sayı hansı templə artıb? Avtomobillərin sayının azaldığı illər olubmu? Dövlət Statistika Komitəsindən bununla bağlı son 24 ilin statistikasını almışıq…

 “Əriyən” maşınlar

Komitənin məlumatına görə, 1990-cı ildə ölkəmizdə 398 min avtomobil olub. 1991-ci ildə ölkəmizdə baş verən məlum hadisələrlə əlaqədar avtomobillərin sayı 6 min ədəd azalıb. 1992-ci ildə maşınların sayı bir qədər də azalıb, 385 minə düşüb. Azalma tempi 1993-cü ildə də davam edib – həmin il ölkəmizdə 1000 avtomobil “əriyib”. 1994-cü ildə son dörd ildə ilk dəfə olaraq, respublikamızda maşınların sayında artım qeydə alınıb – 392 min. Dövlət Statistika Komitəsinin məlumatları əsasında müqayisə aparanda bəlli olur ki, 1995, 1996, 1997-ci illərdə də ölkəmizdə avtomobillərin sayı azalmaqda davam edib. Məsələn, 1994-cü illə müqayisədə 1997-ci ildə respublikamızda maşınların sayı 20 minə yaxın azalıb. Lakin sonrakı illərdə avtomobillərin sayında ciddi artımlar qeydə alınmağa başlayıb. 1998-ci ildə Azərbaycanda 392 min 789, 1999-cu ildə 409 min 301, 2000-ci ildə isə 440 min 626 avtomobil olub.

 İntensiv avtomobilləşmə dövrü

Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığımız hesablamalar göstərir ki, 10 il ərzində, yəni 1990-cı ildən 2000-ci ilə qədər Azərbaycanda avtomobillərin sayı çox da artmayıb – cəmi 41 min 865 ədəd.

Növbəti 10 il ərzində avtomobillərin sayında, ümumiyyətlə, azalma olmayıb, əksinə, ciddi artım qeydə alınıb. Komitənin məlumatları göstərir ki, 2001-ci ildə avtomobillərin sayı ötən illə müqayisədə 11 min 642 ədəd çoxalıb. 2002-ci ildə respublikamızda maşınların sayı 457 min 442 ədəd, 2003-cü ildə 511 min 460 ədəd, 2004-cü ildə 554 min 31 ədəd, 2005-ci ildə isə 612 min 69 olub.

Azərbaycanda intensiv avtomobilləşmə dövrü, demək olar ki, məhz bundan sonra başlayıb. 2006-cı ildə ölkəmizdə maşınların sayı bir il əvvəllə müqayisədə 78 min ədəd artıb. 2007-ci ildə isə respublikamızdakı maşınların sayı 773 min 318-ə çatıb. 2008-ci ildə ölkəmizə 87 min avtomobil, 2009-cu ildə isə 65 min 819 maşın gətirilib. 2010-cu ildə Azərbaycanda maşınların sayı 982 min 553 olub.

 Son 7 ayda 43 min avtomobil gətirilib

Nəhayət, 2011-ci ildə ölkəmizdə avtomobillərin sayı o dövr üçün tarixi rekorda yüksəlib – 1 milyon 37 min 626 ədəd.

2012 və 2013-cü illərdə də respublikamızda maşınların sayı artmaqda davam edib. Belə ki, həmin illərdə müvafiq olaraq, maşınların sayı 1 milyon 135 min 936 və 1 milyon 232 min 678 olub.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsindən aldığımız məlumata görə, bu ilin sentyabr ayının 1-nə kimi ölkəmizə 43 min 276 ədəd avtomobil gətirilib. İlin sonuna kimi bu göstəricinin daha da artacağı kimdəsə şübhə doğurmur.

 Pis olan tərəf…

Yeri gəlmişkən, bir məqamı da qeyd edək – 1990-cı ildə Azərbaycanda hər min nəfərə avtomobillərin sayı 55, hər yüz ailəyə düşən şəxsi minik avtomobillərinin sayı isə 16 olub.

Ötən il isə Azərbaycanda hər min nəfərə avtomobillərin sayı 133 ədəd olub. Hər yüz ailəyə düşən şəxsi minik avtomobillərinin sayı isə tarixi rekorda yüksəlib. Belə ki, hazırda Azərbaycanda hər 100 ailəyə 50 şəxsi minik avtomobili düşür.

Belə. Bəlkə də bu yazımızda rəqəmlər çox olduğundan kimlər üçün isə yorucu oldu. Amma çalışdıq ki, bu göstəricini müqayisəli şəkildə sizə çatdıraq. Yəqin siz də razılaşarsınız ki, ölkəmizdə avtomobillərin sayının artması əhalinin maddi vəziyyətinin yaxşılaşmasından xəbər verir. Pis olan tərəfi isə odur ki, avtomobillərin sayına paralel olaraq qəzaların da sayı kəskin artır. Qəzaların artması isə həm də ölənlərin, əlillik qazananların sayının çoxalması deməkdir. Elə etməliyik ki, qəzalar bizi mənzilbaşına çatdırsın, o biri dünyaya yox. Yolunuz açıq olsun…