Hər yaşın ümid payı var…

Deyirlər Üzeyir bəy 50-ni keçəndən sonra deyirmiş ki, Məşədi İbada qarşı haqsız davranıbmış, əlli yaş hələ hər şeyin sonu deyilmiş. Təkcə Üzeyir bəy deyil, belə işlər çoxumuzun başına gəlir, nə qədər ki, uşağıq, gəncik, özümüzdən yaşlıları hesab-kitabdan silmək istəyirik, elə ki, o yaşa gəlirik, yapışmağa budaq axtarırıq.

22 ildən artıqdır ki, bir yerdə eyni işlə məşğulam. Təbii ki, bu işə başlayanda bir başqa adam idim, indi xeyli dəyişmişəm. Yəni o zaman mən də Üzeyir bəy kimi Məşədi İbad yaşda olanları çox dəfdərdən silirdim, amma indi Məşədi İbaddan da bir neçə yaş böyük olduğum halda arzularım, ümidlərim, planlarım var. Neyləyəsən, insan dediyin budur. Hər zaman nəsə planlayacaq, nəsə istəyəcək, çırpınacaq… Həqiqətən də, əgər insan bilsə ki, filan yaşında öləcək, inanın ki, nəinki qocalıq çağını, heç gəncliyini belə əməlli-başlı yaşaya bilməz. Hər zaman bircə şey haqqında düşünəcək: ölümümə neçə il, neçə ay, neçə gün qaldı… Bu da Allahın hikmətidir ki, biz bəzən ölümün nəfəsini hiss eləsək belə arzularımızdan, ümidlərimizdən vaz keçmirik. Bəlkə ən doğru olan da elə budur.

Günümü yazı ilə başlayıb, yazı ilə tamamladığım bu illər ərzində maraqlı adamlarla, qəribə hadisələrlə az qarşılaşmamışam. Onlardan birini sizlərlə paylaşmaq istəyirəm.

Yeri gəlmişkən xatırladım ki, orta məktəb dərsliklərindən birinə təxminən 15 il əvvəl qələmə aldığım hekayələrdən biri daxil edilib. “Sevinmədim” desəm, doğru olmaz. Ən azı ona görə ki, qısa məzmununu uşaq ikən atamdan eşitdiyim o hekayəyə yüklədiyim fikir yükünün, mesajların minlərlə uşağa çatdırılması az iş deyil. Hekayəni kitaba daxil edən naşirlərə təşəkkürümü ifadə etməklə yanaşı onu da bildirmək istəyirəm ki, bu xəbər mənə tamamilə başqa, amma təxminən buna bənzar bir hadisəni, daha doğrusu insan taleyini xatırlatdı. Yaşı əllini keçmişlərin bir çoxu, yəqin ki, o illərin “oxu” kitabında verilmiş bir hekayəni yaxşı xatırlayırlar. Həmin hekayədə deyilirdi ki, məktəbdən evə dönən pioner dəmir yolunda baş-başa bağlanmış relslərin bir-birindən aralandığını görür və qəzanın qarşısını almaq üçün qalstukunu açaraq yelləyə-yelləyə ona tərəf gələn qatara qarşı qaçır və onu dayandırır. Sabah nümayəndələr həmin pionerin bu hərəkətini təqdir edir və onu mükafatlandırırlar. Səhv etmirəmsə, həmin kitabda başqa bir hekayə də vardı. Məktəbli sərhəd zastavasının yaxınlığında şübhəli adam görür və qaçaraq sərhədçilərə xəbər verir. Həmin adamı həbs edirlər və məlum olur ki, o, xarici kəşfiyyatçı imiş. Bu dəfə də hekayə həmin məktəblinin tərifi və mükafatlandırlması ilə başa çatır. Müəllifini unutsam da, hekayələr yadımdan çıxmamışdı və sən demə, qismətdə müəlliflə tanışlıq da varmış.

1997, ya 98-ci il idi. Orta boylu, qarabəniz, ağsaçlı, 70-75 yaşlarında xoşsifət bir adam iş otağına girdi və hekayə gətirdiyini dedi. İşimlə bağlı onunla görüşmək mənim vəzifəm idi və yanıma çağırıb yer göstərdim, “xoş gəldiniz!” dedim. Yaşlı adam özünü təqdim elədi: “Mən Dadaş Məmmədliyəm.” Doğrusu, bu adı heç bir yerdən xatırlaya bilmədiyim üçün duruxub qaldım, deyəsən, qonaq da vəziyyətimi başa düşdü və məni çətinlikdən çıxarmaq üçün yuxarıda bəhs etdiyim o hekayələri xatırlatdı. Elə ilk cümləsindən o hekayələri yaxşı xatırladığımı dedim və jest məqsədiylə arxasını mən tamamladım. Dadaş müəllim də mənim onun hekayəsini unutmadığımdan əməlli-başlı kövrəldi və çayımızı içə-içə səmimi söhbətə başladıq. Dadaş müəllimdən bu zamana qədər harada olduğunu, niyə yazmadığını soruşdum. Sən demə, o da elə bu sualı gözləyirmiş. Ali partiya məktəbində oxuduğunu, ora qəbul zamanı yazdığı tərcümeyi-halında özü haqqında bir həqiqəti, daha doğrusu, qardaşının müharibədə əsir düşdüyünü, xaricdə yaşadığını gizlədiyini, işin üstü açılanda da məktəbi yarımçıq qoyub qaçdığını söylədi. O qaçış, bu qaçış Dadaş müəllim təhsildən də, yazıçılıqdan da uzaq düşüb, özü də nə az-nə çox, təxminən 50 il. Bu müddəti Bilgəh bağlarında keçirib. Sovet hökuməti dağılandan bir müddət sonra artıq təhlükənin sovuşduğundan əmin olub və yeni yazdığı hekayələri götürüb redaksiyaya gəlib. Deyirdi ki, ən böyük arzusu Yazıçılar Birliyinin üzvü olmaq və məktəblərdə görüş keçirməkdir. Müəyyən fasilələrlə Dadaş müəllimin bir neçə hekayəsini çap elədik və hər dəfə də Dadaş müəllim ilk yazısı çap olunan uşaq kimi sevinirdi. Yazıçılar Birliyinə üzv də oldu, hələ desən redaksiyamızda onun üzvlik biletinin şirnisini də yedik. Etiraf edim ki, mənim üçün o hekayələrdən daha çox ömrünün böyük bir hissəsini cəmiyyətdən gizlənmiş, üzə çıxanda da qaçırdığı imkanların, yaşaya bilmədiyi sevinclərin hamısını bir yerdə yaşamaq istəyən bu qocanın səmimi həyəcanı, məmnunluğu maraqlı idi. Onu da boynuma alım ki, həmin anlarda içimdə ona qarşı mərhəmət duyğusundan başqa bir şey yox idi, əslində onun bu halına bir az da acıyırdım. Sonrakı illərdə Dadaş müəllim 2 balaca hekayələr kitabı da çap etdirə bildi. Sonra bir müddət xəbəri gəlmədi və eşitdik ki, dünyasını dəyişib.

Yazının əvvəlində də dediyim kimi, hekayəmin dərslikdə çap olunmasını öyrənəndə Dadaş müəllimi, onun qəribə ömür yolunu xatırlamışdım. Kim bilir, bəlkə, bizim də taleyimizdə müəyyən qədər oxşarlıq var və mən də nə zamansa özümü hansısa gəncə tanıtmaq üçün deyəcəm ki, dördüncü sinifdə oxuduğun o hekayə vardı haa, “Ruzini verən Allahdır”, onu yazan mənəm, Əli Çərkəzoğluyam, tanıdınmı?