“Hər şeyin ölçüsü insandır”

554
Bir vaxtlar dağda qızmar günəş altında daş kəsən bir usta var idi. O, həmişə daş kəsməkdən şikayət edirdi. Həmişə öz-özünə: “Kəsmək, kəsmək, kəsmək… Bu həyat məni cana yığdı. Üstəlik də, bu qızmar günəş… Kaş ki, mən onun yerində olaydım. Hər tərəfə işıq saçaydım”, – deyirdi…
Bir gün Allah ustanın duasını qəbul etdi və usta günəş oldu. Arzusuna çatdığı üçün sevinirdi. Üstəlik, o həm böyük, həm də güclü idi. İşıq saçmaq istəyirdi ki, birdən qarşısında bir bulud gördü. Öz-özünə: “Əgər bulud məndən güclüdürsə, onda mənim günəş olmağımdan nə fayda? Kaş ki, mən bulud olaydım”, – deyə dua etdi. Bu vaxt Allah yenə ustanın duasını qəbul etdi və usta bulud oldu. Dünyanın üzərində uçmağa başladı. İndi o hər tərəfə yağış səpələyirdi. Birdən külək qalxdı və buludu dağıtdı. Usta bu dəfə: “Külək gəlib məni dağıtdı. Elə isə, külək məndən güclüdür. Kaş ki, mən külək olaydım”, – deyə dua etdi. Çox keçmədi ki, Allah ustanın duasını qəbul etdi və usta o dəqiqə külək oldu. İndi də o, dünyanın üzərində əsir, tufanlar, qasırğalar qoparırdı. Ancaq birdən qarşısına hündür bir dağ çıxdı. Nə qədər çalışsa da, dağı aşa bilmədi. Yenə də öz-özünə: “Əgər adi bir dağ mənim yolumu kəsirsə, deməli, o məndən daha güclüdür. Elə isə külək olmağa dəyməz. Ən yaxşısı dağ olmaqdır. Kaş ki, mən dağ olaydım”, – deyə dua etdi. Allah bu dəfə də ustanın duasını qəbul etdi və o, dağ oldu. Bu vaxt kiminsə dayanmadan daşlarını kəsdiyini hiss etdi. “Görəsən, kimdir məndən belə güclü olan?” – deyə usta düşündü. Diqqətlə baxanda bir ustanın daşlarını kəsdiyini gördü…

P. S. “Hər şeyin ölçüsü insandır” (Protaqor).