Hər şeyi mənfi dəyərləndirənlər özlərini stresə salırlar

0
525

Səhvsiz insan yoxdur. Hər birimiz gündəlik həyatda istər sözlərimizlə, istərsə də davranışlarımızla qarşımızdakı insanın qəlbini qıra, onu incidə bilirik.

Yol verdiyimiz yalnış hərəkətlərlə ətrafdakılarda özümüzə qarşı mənfi düşüncələrin formalaşmasına şərait yaradırıq. Bəs səhvlərimizi deyən birinə qarşı mövqeyimiz necədir? Bunu nə qədər normal qarşılayırıq? Tənqiddən nəticə çıxarmağı bacarırıqmı?

“Deyilən hər söz qarşı tərəfdə əks reaksiyaya səbəb ola bilər”

Bir çoxları tənqidi qəbul edə bilmir, bunu təhqir edilmək, günahlandırılmaq kimi dəyərləndirirlər. Nəticədə isə həmin insanlar özlərini müdafiə edir, səhvlərini qəbul etmir və qarşı tərəfi günahlandırmağa başlayırlar. Nəzərə almaq lazımdır ki, deyilən hər söz qarşı tərəfdə əks reaksiyaya səbəb ola bilər. Hər insan tənqiddən müsbət nəticə çıxarmır. Ona görə də nəyi necə dediyimizi və qarşı tərəfin bundan hansı nəticələri çıxarıb faydalanacağını nəzərə almalıyıq. Nəyi necə deməyimiz nə dediyimizdən daha önəmlidir. Üslubumuzu düzgün istifadə eləyə bilmədiyimiz təqdirdə qarşı tərəfə zərər verə bilərik.

Psixoloq Məleykə İsmayılova bir çoxlarının, xüsusən də özləri haqqında obyektiv fikirləri olmayan insanların tənqidə açıq olmadığını bildirdi: “Ətrafımızda tənqidi qəbul etməyən insanlar az deyil. Onlar elə bilirlər ki, özlərində hər şey yaxşıdır və ya elə belə də olmalıdır. Daha dəqiq desək, həmin insanlarda özlərindən razılıq var. Bu da ondan irəli gəlir ki, ya bu insanlara ömür boyu səhvlərini deyən olmayıb, ya da o qədər tənqid olunublar ki, artıq yorulublar. Belə demək mümkünsə, onların tənqid limiti dolub”.

Psixoloq bir insana səhvlərini deyərkən üslubun önəmli rol oynadığını qeyd etdi: “Qarşımızdakının yanlışını deyiriksə, əvvəlcə, bunu ən gözəl şəkildə necə deyə bilərik onu fikirləşməliyik. Və ən önəmli nüans tənqidi təhqirlə qarışdırmamaqdır. Nəzərə almalıyıq ki, həmsöhbətimiz bundan inciyə bilər və ya sözlərimiz onda əks təsir yaradar. Ümumiyyətlə, bir insanı çox tənqid etmək doğru deyil. Qarşımızdakının xoşumuza gəlməyən davranışlarını nə qədər çox tənqid etsək, onlar daha da dərinləşəcək. İstər həyat yoldaşımız, istər övladımız, istərsə də rəfiqəmiz olsun, ona səhvlərini deyərkən dost münasibəti qurub elə deməliyik ki, incitməyək. Bunun üçün doğru zaman və doğru məkanı seçməliyik. Elə bizim özümüzü başqalarının yanında tənqid etsələr, bunu normal qarşılayarıqmı?”

Davamlı tənqid olunan insanda özünəinamın azaldığını deyən psixoloq həmin insanlarda cəmiyyətdən təcridolunma halları baş verdiyini bildirdi: “Dediyimiz hər hansı söz çox zaman öyrədici xarakterli olmur, insanın cəsarətini azaldıb, daha da passivləşməsinə yol açır. Çox zaman valideynlər yeniyetmə uşaqlarını cəmiyyət içərisində danlayırlar. Bununla özlərini ağıllı göstərmək istəyirlər, amma əksinə olur. Eyni halı həyat yoldaşları arasındakı münasibət haqqında da deyə bilərik. Bir insanın səhvini təklikdə, bağlı qapı arxasında demək daha doğrudur. Bu həm də qarşı tərəfin deyilənləri daha rahat qəbul etməsinə şərait yaradacaqdır”.

Tənqid etmək empatiya qura bilməməyin göstəricisidir…

Bir insanın müsbət cəhətləri olduğu halda, onun yalnız mənfilərini dilə gətirmək doğru deyil. Tənqid edilən insanın gözəl xüsusiyyətlərinin göz ardı edilməsi onun bu cəhətlərinin azaldılması deməkdir. Amma bir gerçək də var ki, həmsöhbəti nə qədər yaxşı olsa da, bəzi insanlar tənqidçi xarakterli olurlar. Az deyil ətrafımızda mənfi tənqidə köklənən, xətaları tapıb ortaya çıxarmaqda mahir olan insanlar. Psixoloqlar hesab edirlər ki, bu cür insanlarda empatiya qura bilməmək problemi mövcuddur. Qarşıdakı insanın vəziyyəti nəzərə alınmır, onun əhvalının pis olma ehtimalı düşünülmür və fəaliyyət yalnız onu tənqid etməkdən ibarət olur. Davamlı hər şeyi və hər kəsi mənfi dəyərləndirən insanlar, özlərini stresə saldıqları kimi, ətraflarına da neqativ enerji yayırlar.

Ümumiyyətlə, nəyi necə görməyimiz necə baxmağımızdan asılıdır. Qarşımızdakının qüsursuz olmağını istəyiriksə, əvvəlcə, baxış bucağımızı dəyişdirməliyik. Həyata “gözəl düşünən gözəl görər, gözəl görən həyatından ləzzət alar” düşüncəsi ilə yanaşsaq, onda nə qarşımızdakını incidər, nə də insanlarda qüsur görərik.

Xəyalə Sadıqova

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here