Hər nə olsa şərəfimdir!

0
40

 

Şəhidlik müqəddəs zirvədir, ucalıqdır. Hər kəs onu arzu edə bilər, amma bu zirvəni fəth etmək hər arzu edənə nəsib olmaz. Şəhidlik zirvəsini fəth edən igidlərimiz çox olub və bu gün də var. Onlardan biri də Şəhid Aqil Niyaz oğlu Məlikovdur. Çoxlarımız kimi onun da uşaqlı illəri  Birinci Qarabağ müharibəsi illərinə təsadüf edib.

Aqil Birinci Qarabağ müharibəsində kəndimizin ilk şəhidi olmuş Elşad Bayramovun adını daşıyan məktəbdə təhsilini başa vurandan sonra hərbçi olmaq qərarını verib. Onun istəyi Vətən torpaqlarının erməni vəhşilərindən təmizlənməsində iştirak etmək idi.

…2016-cı ilin aprel döyüşlərinin iştirakçısı olmuş Aqil işğalçı Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalimizi hədəf seçməsinə cavab olaraq sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun başladığı qətiyyətli əks-həmlə əməliyyatlarının ilk günündən bir neçə kəndin alınmasında iştirak etdi. Amma mənfur düşmən gülləsi ondan da yan keçmədi; Füzulinin Qaraxanbəyli kəndi uğrunda gedən döyüşdə gözlərini əbədi yumdu.

Beləliklə, o, Vətən müharibəsi adlandırılan ikinci Qarabağ müharibəsində kəndimizin ilk şəhidi oldu Aqil. Bəli o, bu adı haqq etdi özünə. Onun ruhu indi şad ola bilər. Belə ki,  44 günlük Vətən müharibəmiz Ermənistanın kapitulyasiyası, daha doğrusu, Prezident İlham Əliyevin bildirdiyi kimi, bizə maksimum sərf edən Bəyanatın imzalanması ilə yekunlaşdı.

 

Həyatı haqqında

Məlikov Aqil Niyaz oğlu 6 aprel 1986-cı ildə Quba rayonun Alpan kəndində anadan olmuşdur. O, 1993-cü ildə Alpan kəndinin Birinci Qarabağ müharibəsinin ilk şəhidi Elşad Bayramovun adını daşıyan məktəbin birinci sinifinə qəbul edilmiş, 2004-cü ildə oranı bitirmişdir. Aqil 2005-2009-cu illərdə  Heydər Əliyev adına Azərbaycan Hərbi Məktəbində hərbin sirlərə yiyələnmişdir.

Hərbi məktəbi uğurla başa vuran Aqil bir il Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində çalışmışdır. 2010-cu ildə isə  Şəki rayonun Şorsu kəndindəki “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsini icra etmişdir. Burada 1 il 8 ay çalışdıqdan sonra onu Tərtər rayonundakı “N” saylı hərbi hissəyə göndərmişlər. O, bu hərbi hissədə əvvəlcə tağım komandiri, daha sonra isə bölük komandiri vəzifələrində fəaliyyət göstərmişdir. Hərbi xidmətini Goranboy və Gəncədəki hərbi hissələrdə bölük komandiri kimi davam etdirən Aqil 2016-cı ildə Ağdamda yerləşən  N saylı hərbi hissənin RMTO bölük komandiri təyin edimiş və elə həmin ilin şanlı aprel döyüşlərinin də iştirakçısı olmuşdur.

Daha sonra Aqili Bakıda, Müşfiq qəsəbəsində yerləşən “N” saylı hərbi hissəyə bölük komandiri təyin etmişlər. Lakin bir müddət keçmiş o, könüllü raport yazaraq, ön cəbhədəki hərbi hissələrin birində xidmət etmək fikrində olduğunu bildirmiş və nəticədə Ağcəbədi rayonundakı hərbi hissələrdən birinə xidmətə göndərilmişdir. Daha sonra isə Beyləqan rayonunun Harami düzündəki hərbi hissəyə tabor komandirinin müavini təyin edilmişdir. Burada çalışarkən onun hərbi rütbəsi artırılmışdır. Belə ki, yaxşı xidmətinə görə ona  kapitan hərbi rütbəsi verilmişdir. Yeri gəlmişkən qeyd edək ki, Aqil hərbi xidmətdə olduğu müddətdə bir neçə dəfə medallarla təltif edilmişdir. Üstəlik, müdafiə naziri Zakir Həsənov ona şəxsən özü hədiyyə təqdim etmişdir.

27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başladığı ilk gündə ağır döyüşlərdə qəhrəmanlıqla döyüşmüş, Füzuli rayonun dörd kəndinin düşmənlərdən təmizlənilməsində iştirak etmişdir. O,  Qaraxanbəyli kəndində düşmənin gülləsinə tuş gəlmiş və şəhidlik zirvəsinə yüksəlmişdir. Şəhid olduqdan sonra ailəsi onun mayor rütbəsi aldığını bilmişdir. Təəssüf ki, Aqilə mayor rütbəli mundiri geyinmək qismət olmamışdır.

Aqil Məlikov 07.07.2010-cu ildə ailə həyatı qurmuşdur. İki övladı ( 9 yaşında qızı və  5 yaşında oğlu) var.

“Nə biləydim ki…”

Atası Niyaz Məlikovun xatirələrindən: “Mən hər zaman hər şeyin düzünü deməyi xoşlayıram. Digərləri kimi nəyisə şişirtmədən danışıram həmişə. Övladlarımın seçimini həmişə qiymətləndirmişəm. Aqil orta məktəbi bitirdikdən sonra bir kişi peşəsinə sahib olmaq istəyirdi. Məzun olduğu il qəbul imtahanlarında az bal yığdığından hüquqşünas ixtisasına daxil ola bilmədi. Bir il sonra 2005-ci ildə o, hərbçi olmaq istəyini dilə gətirəndə mən onun qarşısını kəsmədim. Həmin il o, Heydər Əliyev adına Azərbaycan Hərbi Məktəbinə qəbul olundu. Aqilin hərbçi peşəsini seçməsi gözlənilən idi. O, Vətəninə, torpağa bağlı oğul idi.

Eşitdiyimə görə, Aqil əsgərlərilə birlikdə səngər də qazıyıb, odun da doğrayıb. Hətta bir dəfə hərbi hissələrin birində bir polkovnik-leytenant yoxlanış aparan zaman səngər qazıyan Aqili görüb ondan əsgər və ya zabit olduğunu soruşduqda “zabitəm” cavabına təəccüblənib. O, Aqilin sadəliyinə heyran qalıb.

Aqil məzuniyyətə gəldiyiyi vaxtlarda onunla müzakirələrimiz zamanı Azərbaycan Ordusunun çox güclü olduğunu deyirdi. Bildirirdi ki, biz zabitlər və əsgərlərin arzuladığı müharibə başlasa, ordumuz iki ayın içində İrəvanda olacaq.

Aqil kəndə gələndə doğma məktəbini də tez-tez ziyarət edərdi. Hətta o, məktəbimizdə Ramil Səfərovla bağlı bir guşənin yaradılmasını da təklif etmişdi. O, bununla məktəbdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə öz töhvəsini vermək istəyirdi. O, ailəmizin kiçiyi olmasına baxmayaraq ərköyün böyüməmişdi. Aqil kənddə olarkən həm ev işlərində, həm də təsərrüfat işlərində anasının yardımçısı olurdu. Səliqə-səhman həvəskarı idi, hər şeyin qaydasında olmasını xoşlayardı. Aqil həm də təşkilatçılığı xoşlayardı. Cəmiyyətdə öz mövqeyinin olmasını istəyirdi. Haqsızlıqlara biganə qala bilmirdi. Belə hallarla qarşılaşanda susmurdu, sözünü mərdi-mərdanə üzə deyirdi.

Vətən müharibəsinin başlayanda Aqillə telefon danışığımız zamanı onun yüksək əhval-ruhiyədə olmasını hiss etdim. O dedi ki, artıq düşmənin müdafiə xəttini yarıb üç kəndimizi mənfur düşmənlərdən təmizləmişik. Bu onunla sonuncu danışığımız oldu. Nə biləydim ki, danışığımızdan bir neçə saat sonra oğlum şəhid olacaq… Hə, bir də  təəssüf edirəm ki, oğlum komandanlıq tərəfindən dəfələrlə mükafatlar və medallarla təltif edilməsinə baxmayaraq bunların əksəriyyəti onun şəxsi işinə qeyd edilməyib”.

“Aqil şəhidlik zirvəsinə ucalmaqla da məni fərqləndirdi…”

Həyat yoldaşının xatirələri: “Aqil işinə bağlı bir insan idi. Hərbi formanı geyindiyi zaman bu geyimin verdiyi ağırlıq, məsuliyyət sanki onun simasında əks olunurdu.

Onu da deyim ki, Aqil həmişə əsgərlərlə mülayim rəftar edərdi. Bu barədə söz düşəndə deyərdi ki, əsgərlərin ata-anaları yanlarında olmur, mən onların həm atasıyam, həm də anası. Hətta bir dəfə Tərtərdə xidmət edərkən evimizdəki sonuncu manatımızı da əsgər üçün dərman almağa xərcləmişdi. Aylıq məvacibindən evin xərclərini ayırdıqdan sonra qalan pulu əsgərlərinin tələbatlarını ödəməyə çalışardı .

Hərbi formasını dəyişdikdə Aqil tam fərqli insan olardı. Övladları ilə uşaq kimi oynayar, sanki uşaqlaşardı. Deyərdi ki, onlarla vaxt keçirəndə belə onlar üçün darıxıram… O, uşaqlarla imkanı daxilində vaxt keçirərdi. Onların tərbiyəsi ilə məşğul olardı. Aqil haqqında keçmiş zamanda danışmaq çox ağırdır. O, çox gülərüz, səmimi, ailəcanlı bir insan idi. Evli olduğumuz müddətdə onun uşaqla uşaq, böyüklə böyük olduğunu gördüm. Heç kimin xətrinə dəyməzdi. Çox mülayim ürəyi vardı Aqilin.

Hərbçilərin və onların ailələlərinin həyatı çox çətin olur, bunu hər kəs bilir.  Aqil həmişə mənə deyərdi ki, sən bütün xanımlardan fərqlisən, çünki sən hərbçinin həyat yoldaşısan və sən bütün çətinliklərə sinə gərməyi bacarmalısan. Aqil şəhidlik zirvəsinə ucalmaqla da məni fərqləndirdi…

Hər zaman qorxurdum ki, ona nəsə olar. Ona deyərdim ki, Aqil, sənə bir şey olsa, biz nə edərik? O isə cavabında deyərdi ki, şəhidlik ən uca zirvədir. Bu zirvəni fəth edənlərdən nəyim əskikdir? Mən də Vətən naminə bu zirvəni fəth etməyi borcluyam. Elə bil şəhid olacağı ürəyinə dammışdı…

27 sentyabr Vətən müharibəsinin başladığı gün onunla telefon danışığımız oldu. Dedim ki, ehtiyatlı ol, biz sənin yolunu gözləyirik. Çox sevincli idi, elə bil toyda idi. Son sözü bu oldu: “Narahat olmayın, hər nə olsa şərəfimdir!”

Tək təsəllimiz Aqilin şəhidlik zirvəsinə ucalmasıdır. Amma övladları çox darıxır atası üçün. Onun bizim ailəmiz, övladlarımız üçün arzuları çox idi. Çalışıb uğurlarımızla onun arzularını gerçəkləşdirəcəyik. Mən gücüm çatdığı qədər onun arzuları üçün yaşayacağam və onun arzularını həyata keçirəcəyəm”.

“Hərdən anam deyərdi ki…”

Qızı Xədicənin xatirələri: “Bizim atamız çox yaxşı ata idi. Qardaşımla mən onu çox sevirdik. Atamızı çox az görürdük. Biz onun gəlişini səbirsizliklə gözləyərdik. Buna baxmayaraq onunla bağlı gözəl xatirələrimiz var. Atam işdən qayıdan zaman çox yorğun olsa da, yeməyini yemədən bizimlə oynayardı. Bizimlə birlikdə şəkil çəkərdi, cizgi filminə baxardıq. Hərdən anam deyərdi ki, bizim evdə üç uşaq var. Atamız evə bəzən çox gec gəlirdi. O, evə gələndə biz yatmış olurduq. Amma o, yataqlarımıza yaxınlaşıb məni və qardaşımı öpərdü həmişə. Mən bunu hər dəfə hiss edərdim.

Biz atamla birlikdə bayram və ad günlərimizi qeyd edə bilmirdik. Sadəcə bir dəfə 6 yaşımı atamla birlikdə qeyd etmişik. Onda elə sevinirdim ki… Bir sözlə, atamı hər kəsdən çox sevirəm. O, qardaşımla mənim savadlı olmağımızı istəyirdi. Mən atamın arzusunu yerinə yetirəcəyəm”.

“Mənim generalım”

Dostu Aydın Qasımovun xatirələri: “Aqilin yoxluğuna inana bilmirəm… İlk dəfə onunla tanış olduğum günü xatırlayıram. Onun nə işin sahibi olduğunu bilmədən demişdim ki, səndə zabit zəhmi var.  Bu sözlərimdən sonra o, bir az gülümsədi, ancaq heç nə demədi. Sonra bildim ki, Aqil zabitdir. Elə o vaxtdan onunla dostluğumuz başladı.

Aqil qardaşımın çox əziyyətlər çəkdiyinin şahidi olmuşam, amma o heç zaman şikayətlənməz və bu gününə şükür edərdi həmişə. Ona “mənim generalım” deyib müraciət edərdim.. Tez-tez Aqilin qonağı olardım. Ağdamda, Goranboyda və başqa yerlərdə onu ziyarət edərdim. Oğlum Əli də onu çox sevərdi. Onu da deyim ki, oğlum Aqili hərbi formada görəndən sonra onun kimi hərbçi olmaq qərarını verib.

Aqil iştirakçısı olduğu hər döyüşdən danışmağı sevməzdi. Amma aprel döyüşlərindən tez-tez söz açardı. Deyərdi ki, Azərbaycan bu döyüşlərdə nəinki öz gücünü göstərdi, düşmənə və dünyaya bir daha sübut etdi ki, biz indiki vəziyyətlə heç vaxt barışmayacağıq. Və daha sonra söylədiklərinə bu sözləri əlavə edərdi: “Tezliklə erməniləri işğal etdikləri ərazilərimizdən qovacağıq…”

Vətən müharibəsi başlayanda Aqil üçün narahat idim. Aqilin şəhid olması xəbərini eşidəndə inanmaq istəmədim. Elə indi də inana bilmirəm onun yoxluğuna. Təəssüf edirəm ki, Aqil rəşadətli ordumuzun şanlı qələbəsini görmədi.

Son

Şəhid qardaşımız bizlərə elə borc qoyub getdi ki, bir ömür boyu onun borcundan çıxa bilməyəcəyik. Döyüşə toy əhval-ruhiyyəsində girən qardaşımızı unutmamalıyıq. Həm də unutmamalıyıq ki, övladlarımızın gələcəkdə Qarabağ kimi qara bağının olmaması üçün o öz balalarını bizlərə əmanət qoyub getdi. Çox ağırdır iki körpə balanın öz atası ilə bağlı xatirələrini dinləmək. Amma onlar fəxr etsinlər ki, onların atası çoxunun arzuladığı şəhidlik zirvəsini fəth edib. Şəhidimizin atası, anası qəddini  bükməsin… Şəhidimizin qardaşı, bacıları ağlamasın. Şəhidimizin həyat yoldaşı dözümlü olsun. Onlar qürurla danışsınlar Aqildən, onunla fəxr etsinlər.

Aqil qardaşımız demişdi axı: “Hər nə olsa şərəfimdir!”. Şəhidlik onun şərəf zirvəsi oldu. Allah sənə rəhmət eləsin, şəhidim!

İlkin Balayev