“Hər mənzildə vətəndaş xətti öz vəsaiti hesabına bərpa etməlidir”

476

Hər il qış fəsli gələndə sovet dövründən qalma binalarda mənzillərin isidilməsi aktual problem kimi özünü göstərir. Kimisi mənzilini qızdırmaq üçün elektrik qızdırıcılarından, kimisi mavi yanacaqdan istifadə edir. Lakin bu da vəziyyətdən çıxış yolu deyil. Birincisi, elektrik qızdırıcılar çox baha başa gəlir, mavi yanacaq isə dəm qazı təhlükəsi yaradır. Belə olanda ümid qalır mənzillərə verilən istiliyə. Ancaq hər kəs mənzillərə verilən istilikdən razıdır desək, doğru olmaz. Bundan başqa, mənzilində istilik xətti olmayan minlərlə ailə var. Onlar ya özləri, ya da qonşuları istilik xəttini kəsdiyi üçün bu xidmətdən istifadə edə bilmirlər. Məsələ ilə bağlı “Yeni Avaz” qəzetinin suallarını “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev cavablandırdı. Xidmət rəisi dedi ki, noyabr ayının 15-dən etibarən payız-qış istilik mövsümünün başlanması ilə əlaqədar ölkədə yaşayış binalarına və sosial obyektlərə istiliyin verilməsinə başlanılacaq: “Bütün qazanxanalarımız payız-qış mövsümünə hazır vəziyyətdədir. Düşünürəm ki, mənzillərin istiliklə təchizatında problem yaşanmayacaq”.

Həmsöhbətimizin sözlərinə görə, bu il Bakıda 3700 binaya istilik verilməsi nəzərdə tutulur: “Ötən illə müqaisədə bu il təxminən 120 əlavə binaya istilik veriləcək”.

Elə binalar var ki, həqiqətən də zirzəmisinə qədər istilik xətti çəkilib, lakin istiliyin mənzillərə verilməsində problem yaşanır. Çünki ümumi istilik xətti hansısa mərtəbələrdə ya bina sakinləri, ya da elə mənzil sahibləri tərəfindən kəsilib. Hətta bir çox mənzillərdə köhnədən qalma xətlər hələ də saz vəziyyətdə durur, ancaq alt mərtəbələrdə yaşayan sakinlər tərəfindən istilik xəttinin kəsilməsi mənzillərin qızdırılmasına imkan vermir. Bəs bu halda vətəndaşlar nə etməlidirlər? Ümumiyyətlə, istilik sistemini binaların zirzəmisindən mənzillərə vətəndaş özü çəkməlidir, yoxsa “Azəristiliktəchizat”?

Rafiq Əliyevin dediyinə görə, binaların zirzəmilərindən mənzillərə istilik çəkilməsi mənzil mülkiyyətçilərinin üzərindədir: “Mənzil mülkiyyətçiləri xətləri bərpa edib istilik sisteminə qoşulmalıdırlar. Hər mənzildə vətəndaş xətti öz vəsaiti hesabına bərpa etməlidir.

Biz “Azəristiliktəchizat” ASC olaraq binaların zirzəmilərinə qədər olan xətti çəkir, bərpa edir, ümumi istilik sisteminə qoşuruq, amma mənzildəki xətlər vətəndaşlar, mənzil mülkiyyətçiləri tərəfindən bərpa edilməlidir. Onların öz vəsaiti hesabına həyata keçirilməlidir. Biz sadəcə, vətəndaşın öz müraciəti olarsa, texniki işlərə dəstək verə bilərik. Mənzildaxili istilik xətlərinin bərpasına dövlət büdcəsində vəsait nəzərdə tutulmayıb”.

”Əgər vətəndaşın mənzilində istilik xətti qalırsa, lakin alt mərtəbədəki qonşular ümumi xətti kəsiblərsə, onda nə edilməlidir?” sualımıza Rafiq müəllimin cavabı belə oldu: “Bu halda vətəndaşlar kəsilmiş ümumi xəttin bərpası üçün məhkəməyə müraciət etməlidirlər. Birgə istifadə olunan mühəndis kommunikasiya qurğusunu kəsməyə heç kimin ixtiyarı yoxdur. Əgər hansısa mənzilin sahibi həmin xətti kəsibsə, digər vətəndaşların hüququnu pozub. Buna görə də ya vətəndaş, ya da binanın mülkiyyətçisi onu verməlidir məhkəməyə, xəttin məcburi qaydada bərpa olunması üçün sərəncam almalıdır”.

Ötən il “Azəristiliktəchizat”ın “Azəriqaz”a borcu olması səbəbindən bir müddət mənzillərə istilik verilməsində problem yaşanmışdı. Rafiq Əliyev: “Bilirsiniz, borc məsələsi belədir – nə qədər qazanxanalarımız işləyirsə, hər il borc yaranır və müəyyən hissəsini də ödəyirik. İki dövlət təşkilatının bir-birinə borcu olar, yaxud olmaz, bunun mənə elə gəlir ki, kənardakılara heç bir aidiyyəti yoxdur. Bizim öz aramızda həmişə hesablaşmalarımız olur və imkan daxilində istifadə olunan qazın pulunu ödəyirik. Bunun vətəndaşlara, istehlakçılara heç bir aiddiyyəti yoxdur. Bu, iki təşkilat arasında olan məsələdir. Ötən il belə bir məsələ oldu və həllini tapdı. İnşallah, bu il problem olmaz, əgər olarsa, münasibət bildirərik”,-deyə qeyd etdi.

“İstilik təchizatına görə müəyyənləşdirilmiş tariflərdə heç bir dəyişiklik yoxdur – əhali üzrə 1 kvadratmetri 15 qəpikdir”,-deyə bildirən müsahimiz bununla əlaqədar Tarif Şurasına müraciət etmədiklərini söylədi: “Tarif Şurasına bununla bağlı müraciəti biz eləmirik. Tarif Şurası qərar qəbul eləməkdə müstəqildir. Biz onsuz da İqtisadiyyat Nazirliyinə hər rüb hesabatlarımızı təqdim edirik. Qərarı verən də, səlahiyyət sahibi də onlardır. Yəni biz müraciət edəsi olsaq da, olmasaq da sırf onların səlahiyyətində olan məsələdir”.

Nicat İntiqam