“Hər komanda kollektiv deyil”

0
470
Komanda dedikdə, adətən, eyni bir idman növü ilə məşğul olan idmançılar dəstəsi, yaxud da komandirin, başçının müəyyən edilmiş qaydada qısaca şifahi əmri ağla gəlir.
 Amma bu yazıda yalnız idman komandalarından, yaxud əmrdən söz açmayacağam. Nədən ki, indi hər yerdə komandalar formalaşıb. Bəli, indi adi müğənninin də öz komandası var. Bu komandalar “daxili” qayda-qanunları ilə bir-birlərindən fərqlənir. Lakin bəzi komandaların elə komandirləri, əmredənləri var ki… Onlar heç bir məsləhətə belə qulaq asmaq istəmirlər, hətta əksər məqamlarda qulaqlarının – eşitmə orqanının olduğunu belə unudurlar. Belələri haqqında, sadəcə, “Burada mənəm, Bağdadda kor xəlifə” misalını işlətmək azdır. Məhz onların ucbatından komandalar parçalanır, aləmdə biabır olur, gülüş hədəfinə çevrilir… Baxın, futbol üzrə bizim milli komandamıza. Məhz bu komandanın ucbatından dünya futbol aləmində gülüş hədəfinə çevrilmişik. Bizi belə səviyyəyə isə onun özündənrazı alman məşqçisinin “mənəm-mənəmliyi”, formalaşdırdığı komanda salıb. Ona dəfərlərlə deyildi ki, balam, milli öz məhəlləsində tanınmamış, öz sözünün deməmiş kəslərin yeri deyil. Tanışlarla, tapşırıqlarla komanda formalaşmaz. Üstəlik, deyildi ki, ay filankəs, filan oyunçunun bir sözünə görə onunla ədavət aparmaq sənə yaraşmaz. Bizim Berti Foqts isə daşı ətəyindən tökmədi ki, tökmədi. Nəticədə, neçə oyunçu, həmçinin onun özü də qurduğu komandasının qurbanı oldu.  Bəli, bu gün belə komandirlər hər yerdə meydan sulayır.Bu yazını yazarkən öz başıma gəlmiş bir hadisə yadıma düşdü. Deməli, belə. Neçə il bundan öncə çalışdığım müəssisəyə “gözəgörünməz” qüvvələr tərəfindən kənar bir yerdən yeni müdir gətirildi. Hə, hə, gətirildi. Halbuki çalışdığım kollektivdə həmin vəzifəni idarə edəcək kifayət qədər işçi vardı. Gözünə döndüyüm yeni müdir gələn kimi, başladı öz işinin öhdəsindən bacarıqla gələn, işə can yandıran işçiləri bu və ya digər yollarla özünməxsus şəkildə gözümçıxdıya salaraq onları ağacdələn kimi dənləməyə. Özünün dediyi kimi, qapını göstərməyə… Uzun sözün qısası, bir günün içində onların yerlərində bizim işimizdən əsla başı çıxmayanları oturdu. Həmin yola salınma “mərasimində” mən də var idim. Günlərin bir günü yeni müdirə birtəhər “xod” tapıb soruşdum ki, sən niyə belə edirsən? Axı qovduğun hər bir işçi, əgər belə demək mümkünsə, bir orduya bərabər iş görmək qabiliyyətinə malikdir. O, amiranə şəkildə dedi: “Mən öz iş prinsipimi sənə açıqlamaq zorunda deyiləm. Amma görürəm israr edirsən, onda deyim də. Mənə işdən öncə öz komandamı formalaşdırmaq lazımdır. Başa düş, yalnız komanda olan yerdə iş gedər. Nə kollektiv, kollektiv salmısan? Birdəfəlik başa düş, kollektiv qaldı sovetdə. İndi komanda əsridir, komanda. Odur ki, yenə deyirəm, məqsədim öz komandamı formalaşdırmaqdır. Elə bir komanda ki, o komandadan kimsə mənim sözümün üstünə söz qoymasın, dediyim sözü, tapşırığı müzakirə etməsin. Mən “qa” deyədə “qa” desin, “qu” deyəndə “qu”. Yeri gələndə dalımca aftafa da gəzdirsin. Bir sözlə, hamı mənim sözümlə oturub dursun. Belələri isə mənim aləmimdə yalnız və yalnız can deyib can eşitdiklərim ola bilər. Mən hələ bura gələnə qədər onların siyahısını hazırlayıb, onlarla əlaqə saxlamışam. Bir də unutma ki, hər kollektiv komanda deyil. Olsaydı, hər kollektivə elə komanda deyərdilər də”. Sonra nə düşündüsə, əlavə etdi: “Yəqin, “Qaynana” fiminə baxmısan da… Orada qayınana gəlini haqqında nə deyir? Deyir ki, gəlin mənim süpürgəmdir, harada qoysam, orada da qalmalıdır. Mənim aləmimdə işçilər də elə olmalıdır”. Onun söhbətinin bu “kinolu” yeri mənə olduqca pis təsir etməsinə baxmayaraq, öz fikirlərimi ona çatdırmağa yenə çox cəhd etdim. O, Molla Nəsrəddinsayağı dedi ki, qaz bir ayaqlıdır ki, bir ayaqlı.

Bir neçə gün öncə köhnə iş yerimdən zəng gəldi. Yeni müdir idi. O, məni öz komandasına dəvət edirdi. Mən isə sakitcə ona dedim: “Yəqin, “Babək” filminə baxmısan da… Orada Babək heç bilirsən nə deyir? Deyir ki, ay bədbəxt, sən anlamadın ki, bu dünyada bircə gün azad yaşamaq, qırx il boyunduruq altında sürünməkdən daha üstündür!!!” Müdirin səsi çıxmadı…  Qvami Məhəbbətoğlu

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here