“Hər kəs şah olmadığını, qanun qarşısında məsuliyyət daşıdığını anlayacaq”

1014

Artıq bir neçə gündür ki, Eldar Mahmudovun milli təhlükəsizlik naziri postundan uzaqlaşdırılması böyük müzakirələrə səbəb olub. Bir çox siyasilər, kütləvi informasiya vasitələri eks-nazir və onun yaxın çevrəsinin qanunsuz əməllər törətdiyi ilə bağlı iddialar irəli sürürlər. Əsas iddialardan biri də keçmiş nazir və bir sıra nazirlik işçilərinin qeyri-qanuni yollarla sahibkarlara təzyiqlər göstərmələri, böyük məbləğdə pul mənimsəmələri ilə bağlıdır. Millət vəkili Fazil Musatafa da “Zaman-Azərbaycan”a verdiyi açıqlamada oxşar iddialar səsləndirdi. F. Mustafanın sözlərinə görə, ölkənin təhlükəsizliyindən cavabdeh olan bir qurumun funksiyasından tamamilə kənar bir fəaliyyətlə məşğul olması cəmiyyətdə bilinən bir hadisədir: “Sadəcə qorxudan heç kim səsini çıxartmayıb. Müəyyən qanuni formada təzyiqlər və ya başqa formada addımlar atılacağı qorxusu çoxlarını bu addımdan çəkindirib. Bizə yüzlərlə sahibkar tərəfindən şikayətlər olunurdu ki, qeyri-hüquqi metodlarla onlardan böyük məbləğdə vəsait alınır. Ona görə Prezidentin bu addımı təqdirlə qarşılanır. Nəhayət ki, ölkənin vacib təhlükəsizlik funksiyasını yerinə yetirən qurum öz funksiyasına qayıdacaq. Buna ümidvaram. Bu informasiyalar bizdə varsa təbii ki, ölkə Prezidentində də kifayət qədər var. O da artıq bunun dözülməz halda olduğunu bildiyinə görə, belə bir addım atıb”.

Millət vəkili qəzetimizə verdiyi açıqlamada qeyri-qanuni fəaliyyətlə məşğul olan vəzifəli şəxslərin ortaya çıxarılması üçün əməliyyatların davam etdirilməsinin vacibliyini vurğuladı: “Azərbaycanda öz vəzifə borcunu vicdanla yerinə yetirən kifayət qədər dövlət qurumlarının rəhbərləri var. Dövlətin möhkəmləndirilməsi üçün də güclü işlər görülür. Amma öz vəzifə funksiyasını yerinə yetirməyən, haramçılığa yuvarlanmış məmur kateqoriyası da var ki, bunlara qarşı əməliyyatlar davam etdirilməlidir. Həmin şəxslərin öz funksiyalarından kənar işlərlə məşğul olmasının qarşısı alınmalıdır. Yəqin ki, bu əməliyyatlar davam edəcək. Ölkə Prezidenti son çıxışında da kifayət qədər cəmiyyəti narahat edən məsələlərə toxunmuşdu. Bundan əvvəlki çıxışlarında da bu məsələlərə toxunmuşdu, amma görünür bir qrup insanlar bunu nəzərə almayıb. Artıq müəyyən, konkret addımlar atılandan sonra hər kəs şah olmadığını qanun qarşısında məsuliyyət daşıdığını anlamağa başlayacaq. Bununla da ölkədə qanuna, hüquqa hörmət səviyyəsi də qalxacaqdır”.

Millət vəkili Fəzail İbrahim isə məsələ ilə bağlı açıqlama verməyin hələ tez olduğunu bildirdi: “Mən hesab edirəm o, işini yarıtmış olsaydı, dövləti, Prezidenti qane etmiş olsaydı təbii ki, onun işdən azad edilməsi haqqında fərman verilməzdi. Bir halda ki, Prezident fərman verib, biz də o fərmanda qeyd olunanları qəbul edib, aidiyyəti qurumların, hüquq-mühafizə orqanlarının qərarlarını gözləyib, ona uyğun düşüncələrimizi irəli sürməliyik”.

Bəylər Məcidov