“Hər iki cəbhədə sona qədər “döyüşəcəyik” ki…”

13 yaşında futbola başlayan Rəşadın ilk müəllimi İsmayıl Əliyev və Böyükağa Abbasov, ilk peşəkar komandası isə “Xəzər Universiteti” olub. 1998-ci ildə bu komanda Futbol üzrə Azərbaycan çempionatının güclülər dəstəsində çıxış edirdi. 2004-cü ildə “Xəzər Lənkaran” komandasına transfer olunan Abdullayev 115 oyunda meydana çıxdı və 12 qola imza atdı. Sırasıyla “Neftçi”, “Qəbələ”, “Rəvan” klublarında forma geyinən Rəşad 2014-cü ildə AZAL komandasına keçdi. 33 yaşlı yarımmüdafiəçi AZAL-a gələn kimi kapitan sarğısını ona etibar etdilər. O, 2004-2006-ci illər arasında milli komandanın da şərəfini qorudu.

Qış fasiləsindən sonra əvvəlcə “Neftçi” üzərindəki 2:1-lik qələbə, daha sonra isə “Qəbələ”də son dəqiqədə qazanılan üç xal bir anda bütün diqqətləri təyyarəçilərə yönəltdi. Son dəqiqə qolunu isə komandanın kapitanı Rəşad Abdullayev vurdu. AZAL-ın hazırkı durumu və “İnter”lə qarşıdakı oyun haqqında məlumat almaq üçün komandanın kapitanı Rəşad Abdullayevlə əlaqə saxladıq.

– AZAL üçüncü dövrəyə iki qələbə ilə başladı. 21-ci turda isə “Qarabağ”a 0:1 hesabı ilə məğlub oldunuz. Bu qələbələrin davamı nə üçün gəlmədi?

– Biz üçüncü dövrəyə əla başladıq. İki oyunda iki qələbə və altı xal qazandıq. Mən deyərdim ki, “Qarabağ” komandasına qarşı keçirdiyimiz oyunda da yaxşı çıxış etdik. Meydançada gərgin mübarizə gedirdi və kimin qalib gələcəyi bilinmirdi. Sadəcə olaraq, ani epizodda qapımızdan top buraxdıq və məğlub olduq. “Qarabağ”la oyunda ən azı heç-heçə edib bir xal qazana bilərdik, ancaq futbolçularımızın ani diqqətsizliyi bizi bir xaldan məhrum etdi. “Qarabağ” kimi klublarla belə səhvlər etmək olmaz. “Qarabağ” Avroliqanın qrup mərhələsində oynamış komandadır və belə səhvləri bağışlamır.

– “Qəbələ” ilə səfər oyunun 93-cü dəqiqəsində sən penaltini reallaşdıra biməsəydin 3 xal əldən gedəcəkdi. Həmin epizodu necə xatırlayırsan?

– Ümumiyyətlə, AZAL-ın qazandığı penaltiləri mən yerinə yetirirəm. Ola bilərdi ki qapıçı topu qaytarsın və ya mən vura bilməyim, həqiqətən də məsuliyyətli an idi. On bir metrlik zərbə lotareyaya bəzəyir, uda da bilərsən, uduza da. Allaha şükür olsun ki, mən topu qapıdan keçirdim. Bizim komanda isə qalib gəldi.

– “Sumqayıt”la 22-ci turun oyununda hər kəs sizi oyunun aşkar favoriti hesab edirdi. Ancaq bu oyunda da qələbə qazana bilmədiniz. Futbol mütəxəssislərinin fikrincə, sizin futbolçularda arxayınçılıq var idi. Qələbənin qazanılmamasının əsas səbəbi kimi bu arxayınçılıq göstərilir.

– Əvvəlki üç oyuna baxanda “Sumqayıt”la istədiyimiz oyunu oyna bilmədik. Yəni AZAL bacardığından aşağı səviyyədə çıxış etdi. Səbəbini deyə bilmərəm, ancaq bəlkə də, komandada yorğunluq var idi. Bu oyunda qol vurmaq üçün yaxşı fürsətlərimiz olsa da, biz bu epizodlardan yararlana bimədik. Bu oyunda biz üç xalı qazanmaq istəyirdik. Mən deməzdim ki, futbolçularda arxayınlıq var idi. Bizim bütün kollektiv dərk edirdi ki, biz qalib gəlməliyik. Sizə onu deyim ki, hazırkı çempionatda güclü və ya zəif rəqib anlayışı qalmayıb. “Sumqayıt” komandasının üçüncü dövrənin ilk oyununda güclü “İnter”lə bərabərə qalması mənim sözlərimə əyani sübutdur. Aqil Məmmədovun komandası hər rəqibdən xal ala biləcək gücdədir. Bu oyun sürətli alınmadı və biz də qol epizodlarına girməkdə çətinlik çəkdik. Nəticədə oyun heç-heçə qurtardı.

– Siz özünüz də dediyiniz kimi, hazırda çempionat oyunları gərgin qrafiklə gedir. Dörd və ya üç gündən bir oyunlar oynayırsınız. Bu hal futbolçulara necə təsir edir?

– Bəzən elə olur ki, qısa zaman aralığında uzun səfərlərə çıxmalı oluruq. Belə olan zaman isə futbolçular istər-istəməz yorulurlar. Düzdür, biz bu hala artıq öyrəşməliyik. Avropanın bir çox çempionatlarında da təqvim belə sıxdır. Oyunlardan sonra komandada bərpa dövrü olmalıdır. Ancaq bizdə buna vaxt çatmır. Biz yenə də bunu hiss elətdirməmək üçün meydançada bütün gücümüzü qoyuruq. 2014-2015 futbol mövsümü üçün PFL-nin təsdiq etdiyi təqvim var. Çətin və ya asan olmasından asılı olmayaraq, biz futbolçular buna uyğun oyunlarımızı keçirməliyik.

– Qış transfer dönəmində komandanıza Valeri Kutsenko, Aleksandr Şemonayev, Nicat Qurbanov, Seymur Əsədov kimi futbolçular qoşuldu. Onların kollektivə uyğunlaşmasında problem yaranmadı ki?

– Adını sadaladığınız futbolçular artıq komandaya tam uyğunlaşıb. Oyunlar zamanı bu futbolçuların komandaya yeni qoşulduğu hiss olunmur. Biz onları yaxşı qəbul etdik və bu futbolçular burada özlərini yad hiss etmədilər. AZAL-da mehriban kollektiv var, bu isə yeni futbolçuların komandaya tez uyğunlaşmasına kömək etdi. Mən deyərdim ki, yeni futbolçularımız kollektivə qoşulan kimi oyunlarını tapdılar. Bu futbolçular AZAL-ın gücünə güc əlavə olundu. Üçüncü dövrənin startındakı oyunlarda biz bunun nəticəsini əyani şəkildə gördük.

– 23-cü turda sizi “İnter”lə çətin oyun gözləyir….

– Düzdür, “İnter” güclü rəqibdir. Bizi çətin oyun gözləyir, ancaq Topaz Premyer Liqasında asan rəqib yoxdur. Premyer Liqada çıxış edən 9 klubun hamısı meydançada başabaş mübarizə aparır. Zəif rəqib olmasa da, yaxşı hazırlaşan komanda olur. Kim daha yaxşı hazırlaşıbsa, oyundan o da qalib ayrılır. “İnter”in stabil heyəti var. Bu komandanın öz oyun stili var. Komandada məşqçi işi görsənir, onlar kollektiv şəkildə gözəl futbol oynayırlar. “İnter”in ötən turda “Bakı”nı darmadağın etməsi bizim oyunumuzun çətin keçəcəyinin ilk xəbərçisidir. AZAL öz meydanda oynayacaq və üç xala qazanmaq üçün mübarizə aparacaq.

– AZAL komandası, 2014-2015-ci il mövsümünün yekununda Avrokuboklara vəsiqə əldə edə biləcəkmi?

– Niyə də olmasın. Çempionat onu göstərir ki, bütün klublar bərabər səviyyəlidir. Hazırda heç bir komanda turnir cədvəlində özünə yer təmin etməyib. Hər tur hər şey dəyişə bilir. Biz öz oyunlarımızda qələbə qazandıqca istədiyimiz yerə gedib çıxacağıq. Ona görə də Avroliqaya vəsiqə qazanmaq uğrunda mübarizə aparacağıq. Bundan başqa, bizim “Neftçi” ilə Azərbaycan kubokunda gərgin oyunumuz var. Yəni biz hər iki cəbhədə sona qədər “döyüşəcəyik” ki, Avroliqaya vəsiqəni təmin edək.

ƏSGƏR HÜSEYNOV