“Hər dəfə bir kimsəsizə əl tutanda işlərim daha yaxşı alınır”

722

Mingəçevir sakini Gülər Sadıqova sevgi dolu ürəyi, zərif əlləri ilə elə toy, nişan, məktəbli aksesuarları ərsəyə gətirir ki, onun yaratdıqlarına vurulmamaq mümkün deyil. Çünki o, sözün əsl mənasında, sənət əsərləri ərsəyə gətirir. Və bu istedadı, bacarığı onu el-oba içində tanıdıb, öz həmyaşıdlarından fərqləndirib.

Mingəçevir Dövlət Universitetinin məzunu Gülər Sadıqova əl işlərinə hələ uşaqlıqdan meyl salıb. Lakin valideynləri dərslərindən ayrılmasın deyə ona sevimli işi ilə məşğul olmağa icazə verməyiblər. Gülər isə öz inadından dönməyib: dərsləri ilə yanaşı, sevdiyi işlə də məşğul olub və beləcə əl işlərindən ibarət sənət dünyasının sakininə çevrilib. Gülər xanımın sözlərinə görə, o, Mingəçevir Dövlət Universitetini bitirəndən və ailə həyatı qurduqdan sonra bu işlə daha ciddi məşğul olmağa başlayıb: “Mən əl işlərimi müasirlik elementləri ilə zənginləşdirməyi çox sevirəm. Odur ki, hər gün axtarışdayam. Çalışıram ki, ərsəyə gətirdiyim bu və ya digər əl işim bir-birinin təkrarı olmasın. Bilirsinizmi, bu kimi işləri görməyə mənim o qədər həvəsim, marağım var ki… Elə bu həvəs, bu maraq yeni işlərimə vəsilə olur”.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Gülər xanımın əl işlərinin müştərisi var. O, əl işlərindən əldə etdiyi qazancın müəyyən hissəsini kimsəsizlərə sərf edir. Bununla bağlı ünvanladığımız suala Gülər xanım sadəcə belə cavab verdim: “Bu sualı mənə çox veriblər. Bir daha deyirəm, belə bir addım atmayanda özümü narahat hiss edirəm. Bir də mənə elə gəlir ki, hər dəfə bir kimsəsizə əl tutanda işlərim daha yaxşı alınır. Bu mənada bu addımım məni həm də yeni işlərimə daha çox bağlayır”.

Gülər xanımın gələcək planları da çoxdur. Ən böyük arzusu isə Mingəçevirdə bir kurs açıb, indiyədək əxz etdiyi əl işlərinin incəliklərini qadınlara öyrətməkdir: “Bu arzum baş tutsa, mənə belə gəlir ki, neçə-neçə xanıma yeni bir həyat bəxş edə bilərəm. Amma nə gizlədim, buna imkanım yoxdur. Yeri gəlmişkən, bu məsələ ilə bağlı Mingəçevirdən seçilmiş millət vəkili Aydın Mirzəzadəyə sosial şəbəkə vasitəsi ilə fikrimi bildirmişəm. Ümidvaram ki, hörmətli millət vəkilimiz mənim bu arzumun gerçəkləşməsinə yardımçı olacaq”.

Gülər xanım söhbətimizin sonunda bildirdi ki, milli üslubda əşyaların, geyimlərin kütləvi şəkildə hazırlanaraq dünya bazarına çıxarılması mədəniyyətimizin daha da tanınmasında böyük rol oynayar: “Təəssüf ki, bu sahədə bir uçurum var. Nə yazıq ki, əl işlərinin hazırlanmasına həsr olunan saytlar da, demək olar ki, yox dərəcəsindədir”.

…Gülər xanımla söhbətdən sonra onun əl işlərini bir daha nəzərdən keçirdim. Mənə bir anlıq elə gəldi ki, sirli-sehirli bir aləmə düşmüşəm. Sən demə, insan qəlbinin incə duyğuları, arzuları, Tanrıya olan sevgisi zərif qadın barmaqları ilə ərsəyə gəlmiş əl işlərində, doğrudan da, möhtəşəm olurmuş. Və həmin anda beynimdə belə bir fikir də dolaşdı: “Kaş Gülər xanım əl işlərindən ibarət bir sərgisi ilə sənətseverlərin də görüşünə gələydi”.

Esmira Hidayətova, Mingəçevir