“Hər dəfə əməliyyata girib-çıxdıqca özümə inamım artır”

0
674

İsazadə Elvin Mahir oğlu Azərbaycanın gənc cərrahlarından biridir. 2006-cı ildə 591 balla öz arzusu ilə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olub. Müsahibimiz gənc olmasına baxmayaraq, öz sahəsi ilə bağlı kifayət qədər biliyə malik bir cərrahdır. Dediyinə görə, hər dəfə cərrahiyyə əməliyyatına girib-çıxdıqca özünə inamı, güvəni bir az da artır.

– Elvin, özün barədə oxucularımıza bir qədər ətraflı məlumat verərdiniz.

– 1989-cu ildə Tovuz rayonunun Qovlar şəhərində anadan olmuşam. Ailəliyəm, 2 övladım var. 2006-cı ildə 591 balla Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olmuşam. 2012-ci ildə bu fakültədən məzun olduqdan sonra Azərbaycan Dövlət Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında ümumi cərrahiyyə üzrə rezidentura ixtisasına qəbul olmuşam. Hazırda rezidenturanın 3-cü kursundayam. Professorlarımız, dosentlərimiz, digər həkimlərimizlə bir yerdə cərrahiyyə əməliyyatlarında iştirak edirəm. Mərhələ-mərhələ bu işin sirlərini öyrənməyə çalışıram. Hər il müəyyən bir sahə üzrə rotasiyalarda oluruq.

– Azərbaycanın ən gənc cərrahlarından birisiniz. Bu sahədə gənc olmağın çətinlikləri nələrdir?

– Gənc olmağın çətinliyi, ilk növbədə, təcrübə ilə bağlıdır. İnsanlarımız gənc cərrahlara münasibətdə bir qədər tərəddüd edirlər. Yəqin ki, bu yanaşma yeni deyil, əvvəllər də olub. Türkiyədə kursda olmuşam, orada belə bir sistem yox idi. Başqa çətinliyimiz yoxdur, bu sahə üzrə aldığım savada, biliyə güvənirəm.

– Bu illər ərzində nə öyrənə bilmisiniz?

– Universitetdə oxuduğum zaman bildiyimi hesab etdiyim xəstəliklərlə bağlı yeni müalicə metodlarını öyrənmişəm. Son 3 il ərzində tibbin yeni nailiyyətləri sayəsində xəstəliklərin müalicə taktikası daha da artıb, yeni-yeni müalicə növləri meydana çıxıb. Bundan başqa, cərrahiyyə əməliyyatları zamanı əl vərdişlərində də nailiyyətlər qazanmışam.

– İnsanlarımız ən çox hansı əməliyyatlara girirlər?

– Hazırda dünyada əməliyyatlar daha çox laparoskopik yolla aparılır. Yəni qarında böyük bir kəsik sahəsi olmadan laparoskopik alətlərin köməyi ilə aparılır. Azərbaycanda da bu üsul uğurla tətbiq olunur, bu sahə üzrə dünya ilə ayaqlaşmaq üçün lazımi işlər görülür, addımlar atılır. Ancaq ölkəmizdə insanların ən çox hansı əməliyyatlara girməsi ilə bağlı dəqiq statistik məlumat məndə yoxdur. Bunu bu sahə üzrə aidiyyəti qurumlar açıqlaya bilərlər.

– Laparoskopik alətlər həkimlərlə yanaşı, xəstələrin nə kimi işlərinə yarayır?

– Sadə bir misal deyim: əvvəl öd kisəsi ilə bağlı bir əməliyyatı aparmaq üçün qabırğaaltı nahiyədən təxminən 4-5 santimetr uzunluğunda kəsilirdi və orada böyük bir yara əmələ gəlirdi. Ancaq hazırda 30 dəqiqə, maksimum 45 dəqiqə müddətində böyük bir yara deffekti olmadan həmin əməliyyatı laparoskopik aparatların köməyi ilə həll edə bilirik. Belə ki, qarın boşluğundan – 4 yerdən 1 santimetr ölçüsündə dəliklərdən girilir və videonəzarət altında öd kisəsi qarın boşluğundan çıxarılır.

Biz daha çox qarın boşluğu, qalxanabənzər vəz, trioid əməliyyatlarına giririk.

Mikroskopik alətlər də işimizə yarayır. Bu alətlər xırda damarları bir neçə dəfə böyük göstərmə qabiliyyətinə malikdir.

Bundan əlavə, qastroskopların ucluğu əvvəllər daha böyük ölçüdə idi, getdikcə daha da kiçilir. Bütün bunlar isə həm həkimlərin, həm də xəstələrin işini rahatlaşdırır.

– Bir insanın əməliyyatdan sağ çıxıb-çıxmama ehtimalı Allahın əlindədir. Əməliyyata girən xəstənin həyat riski barədə həkimlər nə düşünürlər?

– Bu, xəstənin həkimə nə vaxt, hansı xəstəliklə bağlı müraciət etməsindən, xəstəliyin hansı mərhələdə olmasından asılıdır. Xəstə əgər həkimə ağırlaşmış formada müraciət edirsə, radikal əməliyyatların effekt verməyəcəyini əvvəlcədən biz xəstənin yaxınlarına deyirik. Bildiririk ki, bunun effekti olmaya da bilər. Tutaq ki, qida borusunun xərçəngində biz şişi oradan götürdük, ancaq metastaz veribsə, proseslər digər orqanlarda davam edəcək. Bəzi hallarda da ola bilir ki, xəstənin ömrünü, belə deyək, uzatmaq üçün addımlar atılır. Xəstəliyin inkişaf eləmiş, ağırlaşmış mərhələsində sağalma ehtimalı da çox aşağı olur.

– Cərrahiyyə əməliyyatları nə qədər davam edir?

– Bu, əməliyyatın hansı orqanda aparılmasından asılıdır. Əməliyyat var ki, 30 dəqiqə davam edir, əməliyyat da var ki, 4-5 saat, əlavə patalogiya olanda isə 6 saata qədər uzana bilir.

– Bu yaxınlarda eşitdim ki, azərbaycanlı həkimlərin uğurları nəticəsində gələcəkdə qaraciyər transplantasiyasına ehtiyac qalmayacaq. Bu nə deməkdir?

– Bəli, buna kök hüceyrə transplantasiyası deyilir. Bu yolla qaraciyər əməliyyatlarına ehtiyac qalmır. Həmin transplantasiya bizim kafedranın professoru Nuru Bayramov tərəfindən aparılır. Getdikcə kök hüceyrə transplantasiyasının effekti artır və yəqin ki, zaman-zaman qaraciyər transplantasiyasına ehtiyac tədricən azalacaqdır.

Kök hüceyrə transplantasiyasının tərifini belə vermək olar: kök hüceyrə insanın sümüyündən götürülür, xüsusi aparatlardan keçirilir və daha sonra damar yolu ilə birbaşa qaraciyər arteriyasından qaraciyərin içərisinə yeridilir. Buna kök hüceyrə transplantasiyası deyilir. Qaraciyər bildiyimiz kimi, regenerasiya qabiliyyəti ən yüksək olan orqandır. Bu da orada yeni toxumaların, hüceyrələrin əmələ gəlməsinə, qaraciyərin öz funksiyalarını get-gedə bərpa eləməsinə gətirib çıxarır. Bu əməliyyatın aparıldığı xəstələrdə artıq müsbət nəticələr özünü biruzə verir. Lakin bu istiqamətdə araşdırmalar davam etdirilir. Müayinə ilə birlikdə proses ortalama 1 saat çəkir. Bu, Azərbaycan təbabətində böyük bir nailiyyət olacaq, inşallah.

– Azərbaycanda mədə kiçiltmə əməliyyatı aparılırmı?

– Bəli, aparılır. Bu əməliyyat bizim kafedrada Tariyel Ömərov tərəfindən aparılır.

– Bu əməliyyata hansı hallarda ehtiyac yaranır?

– Həddindən artıq piylənmə olduqda zərurət yaranır. Bu, o insanlarda aparılır ki, psixoloqun qəbulunda olurlar, dietaya əməl edirlər, ancaq effekt vermir, köklüyün qarşısını almaq mümkün olmur. Bunlar effekt verməyəndə get-gedə xəstənin digər orqanlarında da problemlər baş verir. Bildiyiniz kimi, köklük bir çox orqanlara mənfi təsir göstərir. Çəkinin qarşısını almaq mümkün olmadıqda artıq əməliyyata ehtiyac olur. Bu halda mədə kiçiltmə əməliyyatı aparılır. Bu əməliyyat, həqiqətən, böyük effekt verir. Məsələn, insanlar var ki, 140 kiloqramdan 80 kiloqrama qədər arıqlayıblar. Mədə kiçik olduqda insan daha az qida qəbul eləyir. Həmin insan gün ərzində 6-7 dəfə qida qəbul eləyir, ancaq daha az porsiyalarla. Bu isə xəstənin müəyyən müddətdən sonra çəki itirməsinə səbəb olur.

– Daha çox hansı yaşda insanlar bu əməliyyat üçün müraciət edirlər?

– Yaşından asılı olmayaraq, köklükdən əziyyət çəkən hər bir insan bu əməliyyat üçün müraciət edir. Yəni burada yaş amili rol oynamır. Tibb elmi o qədər inkişaf eləyib ki, müasir avadanlıqların köməyi ilə bu əməliyyat da Azərbaycanda mükəmməl səviyyədə icra olunur. Buna metabolik cərrahiyyə deyirik.

– İnsanlar çox vaxt əməliyyata girməyə çəkinirlər. Əməliyyata girməli olan insanın özünü rahat hiss etməsində həkimin xasiyyəti, davranışı rol oynayırmı?

– Həkimin xasiyyətinin əlbəttə, rolu var. Elə həkim var ki, ağır təbiətlidir, xəstə ona çəkinə-çəkinə suallar verir. Hətta bəzən olur ki, xəstənin başqa problemləri də olur, ancaq onu həkimə deməyə çəkinir. Amma həkim xoş ünsiyyətdə olduqda xəstə ona bütün problemlərini deyir və bu da müsbət mənada həkimin işinə yarayır. Həkim bilir ki, xəstənin başqa bir patalogiyası da var və əməliyyat zamanı bunu nəzərə alır. Xoş ünsiyyət həm həkimi rahat edir, həm də xəstəni.

– Dediyim kimi, bəzi insanlar əməliyyata girəcəklərini biləndə qorxurlar, həyəcan keçirirlər. Bəs həkimlərin özləri əməliyyatdan öncə nə düşünürlər?

– Xəstə öncə bütün müayinələrdən keçirilməlidir ki, əməliyyata rahat girə bilsin. İlk növbədə, düşündüyümüz bu olur ki, bu insanın həyatını Allahın köməkliyi ilə xilas etməliyik. Əlbəttə, həyəcan olmamış olmaz. Söhbət insan taleyindən, insan həyatından gedir. Çalışırıq ki, əməliyyatdan əvvəl hər şeyi mükəmməl görək ki, əməliyyatdan sonra da hər şey mükəmməl qaydada davam etsin.

– İnsanın əməliyyata məruz qalmasında onun özünün məsuliyyətsizliyi nə dərəcədə rol oynayır? Bəlkə insan vaxtında həkimə müraciət etsəydi, vəziyyəti bu qədər ağırlaşmazdı.

– Aktual bir məsələyə toxundunuz. İnsan həkimə vaxtında müraciət edəndə yaranan problemin qarşısı vaxtında alınır. Hər hansı bir problemi ağırlaşmadan həll eləmək lazımdır. Ağrıkəsicilərdən istifadə xəstəliyin sağalması demək deyil. Hansı nahiyədə, hansı orqanda şikayət varsa, insan ağrıyan anda həkimə müraciət etsə, müasir aparatların köməyi ilə müəyyən yoxlamalardan keçsə, onun patalogiyası varmı, yoxmu müəyyənləşər. Hətta bu, əməliyyatın maddi mənada yüngül olmasına şərait yaradar. Xəstəlik inkişaf edərsə, başqa yerlərə də yayılma olarsa, daha fərqli avadanlıqlardan istifadəyə zərurət yaranar və bu artıq əməliyyatın qiymətinə də təsir edər. Bu əməliyyatdan sonrakı müddətə də təsir edir, yəni bir var, əməliyyatdan sonra xəstəxanada 1 gün qalasan, bir də var, 2 həftə. Bu məsələ biz cərrahların işinə də təsir göstərir. Söhbət həm də xəstənin həyati riskindən gedir.

– Əməliyyatdan sonra insanlar nəyə diqqət eləməlidirlər?

– İnsanlar əməliyyatdan sonra həkim məsləhətinə diqqət etməlidirlər. Həkim xəstəyə hansı diyeti, hansı məsləhəti verirsə, ona mütləq mənada riayət edilməlidir. Bu, baş verə biləcək hər hansı bir fəsadın qarşısını alır.

– Cərrahlarımız üçün kitablar, ədəbiyyatlar varmı?

– Əvvəlki dövrlərdə həkimlərimiz rus ədəbiyyatlarından daha çox istifadə ediblər. İndi özümüzün də ədəbiyyatlarımız var. Hazırda türkcə ədəbiyyatlardan daha çox istifadə edilir. Hər keçən gün dünyada tibb elmi inkişaf edir, yeni bir müalicə növü, yeni bir metodlar çıxır. Ona görə də biz hər gün müasir vasitələrdən istifadə edərək maariflənirik.

– Gələcəklə bağlı nə kimi planlarınız var?

– Cərrahiyyəni sevirəm. Atam da bunu arzulayırdı. Hər dəfə əməliyyata girib-çıxdıqca özümə inamım daha da artır. Əvvəl çətinlikləri görəndə bir az tərəddid edirsən, düşünürsən ki, çox çətindir, məşğul ola bilmərəm və s. İşlədikcə özünə inam, güvən artır. Daha çox oxumaq, daha çox biliklərə yiyələnmək, müasir tibbi biliklərdən geri qalmamaq, professorlarımızın yolunu davam etdirmək, insanlarımızın sağlamlığının keşiyində durmaq əsas məqsədlərimdir.

Nicat İntiqam