Hər bir vətəndaşımız Prezidentimiz üçün dəyərlidir

0
41

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri tərəfindən imzalanmış üçtərəfli Bəyanatın 8-ci bəndində hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Bu müddətdə müxtəlif səbəblərdən döyüşlər zamanı əsir düşmüş və ya girov götürülmüş Azərbaycan vətəndaşlarının Vətənə qaytarılması məsələləri də daim diqqət mərkəzində saxlanılaraq Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya sülhməramlı qüvvələri və digər beynəlxalq təşkilatlarla danışıqlar aparılıb və bütün mümkün tədbirlər həyata keçirilib.

Nəticədə dekabrın 14-də “hamının hamıya” prinsipi əsas tutularaq əsirlərin, girovların qarşılıqlı qaytarılmasına başlanılıb. Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 12 hərbi qulluqçumuz və 2 mülki şəxsimiz erməni əsirliyindən və girovluğundan azad olunaraq Vətənə gətirilib. Bu hadisə hər bir kəs, xüsusilə onların daha yaxınları tərəfindən sevinclə qarşılanıb. Onlar bu prosesi dövlətimizin başçısının hər zaman öz vətəndaşlarının  yanında olması kimi qiymətləndiriblər. Məsələn, erməni əsirliyində olan hərbi qulluqçumuz Amin Musayevin qohumu Nübar Abadova mətbuata verdiyi açıqlamasında bildirib ki, biz Ali Baş Komandanımıza inanırdıq: “İnanırdıq ki, o heç vaxt Azərbaycan əsgərini darda qoymaz. Düşündüyümüz kimi də oldu.”

Həmin gün Azərbaycanın beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiqlik nümayiş etdirərək Ermənistan tərəfə 44 əsirin təhvil verilməsinə gəldikdə isə siyasətçilərin fikrincə, burada anormal heç nə yoxdur. Onlar xatırladıblar ki, bizim bir əsgərimiz onların on əsgərindən güclüdür. Əsgərlərimiz bu şücaətlərini 44 gün davam edən Vətən müharibəsində düşmənə, eləcə də bütün dünyaya nümayiş etdiriblər. Məhz onların rəşadəti sayəsində Azərbaycan ərazilərimizi işğal altında saxlayan erməni vəhşiləri üzərində qələbə çalmaqla ərazi bütövlüyüni təmin edib və Bakının mərkəzində özünün tarixi Zəfər paradanı keçirib.

Qeyd etdiyimiz kimi, hərbi qulluqçularımızla bərabər, doğma ata-baba yurdlarını, yaxınlarının məzarını ziyarət etməyi mənəvi haqları sayan, elə bu səbəbdən 2014-cü ilin iyulundan erməni girovluğunda saxlanılan, əslən  Kəlbəcər rayonundan olan Şahbaz Quliyev və Dilqəm Əsgərov da öz ailələlərinə qovuşublar. Qardaşının girovluqdan azad olunması xəbərini eşidən Şahbaz Quliyevin bacısı İradə Quliyeva APA-ya açıqlamasında deyib  ki, əgər torpaqlarımız azad ediməsəydi, Şahbazla Dilqəm də girovluqdan xilas ola bilməyəcəkdilər: “Bu sevinci bizə yaşadan Prezidentimizə, o torpaqları alan ordumuza hədsiz minnətdaram.”

Qeyd etmək lazımdır ki, işğalçı ölkə müxtəlif bəhanələr gətirərək bu iki şəxsi geri qaytarmaq istəmirdi. Üstəlik, Ermənistan tərəfindən azərbaycanlı girovlara, habelə yaralanmış və əsir düşmüş hərbi qulluqçularımıza münasibətdə beynəlxalq hüquq normalarının, xüsusilə də Cenevrə Konvensiyalarının tələbləri ciddi şəkildə pozulurdu. Ancaq Azərbaycan dövləti onları da geri qaytarmağı bacardı ki, bu faktı müharibədən sonra ciddi uğurlarımızdan biri kimi dəyərləndirmək olar. Şübhəsiz, bu prosesdə də Prezident İlham Əliyevin müstəsna rolu danılmazdır.

Bir sözlə, əsirlikdəki və girovluqdakı vətəndaşlarımızın hər birinin taleyi daim Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Onların Vətənimizə dönmələri üçün beynəlxalq səviyyəli danışıqlar aparılıb, azadlıqlarına qovuşmaları üçün bütün mümkün vasitələrdən istifadə olunub. Bununla da dövlətimizin başçısı harada olmasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının yanında olduğunu, onların problemlərinin həllini öz siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirdiyini bir daha nümayiş etdirib.

Qvami Məhəbbətoğlu, “İki sahil”