“Hər bir uğurun açarı məsuliyyətdir”

576

Son illər ölkəmizin təhsil sistemində həyata keçirilən islahatlar çərçivəsində tətbiq olunan yeniliklər tam orta təhsilin keyfiyyətini qaldırıb. Məktəblər ilin ən yaxşı məktəbi seçilir, müəllimlər də ilin ən yaxşı müəllimləri olur. Bu uğurlara Tərtər təhsili də öz töhvəsini verib. Belə ki, rayon döyüş bölgəsində yerləşməsinə baxmayaraq, təhsilin keyfiyyətinə görə heç bir təhsil ocağından geridə qalmır. Bu günlərdə Tərtər rayon Təhsil Şöbəsinin müdiri Surxay Mirzəyevlə görüşdük.
Onun sözlərinə görə, rayonda 34 tam, 10 ümumi orta, 3 ibtidai məktəb fəaliyyət göstərir: “Həmin məktəblərdə 9387 nəfər şagirdin təlim-tərbiyyəsi ilə 1240 nəfər müəllim məşğul olur. Müəllimlərin əməyi dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilir. Bunu rayonumuzun müəllimlərinin timsalında da aydın görürük. Təhsil işçilərimizdən 7 nəfər “Əməkdar müəllim” adına, 4 nəfər isə “Tərəqqi” medalına layiq görülüb. Ötən il şəhər 1 saylı tam orta məktəb “Ən yaxşı umumtəhsil məktəbi” müsabiqəsində birinci yeri qazanıb”.
Surxay Mirzəyev bildirdi ki, bu il 669 nəfər məzun olub. Onlardan 350 nəfər ali məktəblərə sənəd verib: 193 nəfər ali, 84 nəfər isə orta-ixtisas məktəblərinə qəbul olub: “7 nəfər 600-dən, 19 nəfər isə 500-dən yuxarı bal toplayıb, 3 nəfər C. Naxçıvanski adına hərbi liseyə daxil olub”. Şöbə müdiri təhsilə göstərilən diqqət və qayğıya görə Respublika Prezidentinə öz minnətdarlığını bildirib.
e2

O həmçinin vurğuladı ki, bir neçə gün öncə rayon icra hakimiyyəti tələbə adını qaznmış məzunlarla görüş keçirib, onların təhsildəki uğurlarına görə hər birini təbrik edib. Tədbirin sonunda 600 və 500-dən yuxarı bal toplayan tələbələrə rayon icra hakimiyyəti, Milli Məclisin deputatları, YAP rayon təşkilatı, təhsil şöbəsi, Gənclər və İdman İdarəsi tərəfindən hədiyyələr, Fəxri Fərmanlar və pul mükafatları verilib.
Təhsil Şöbəsinin müdiri Surxay Mirzəyevin sözlərinə görə, builki nailiyyətlərin yüksək olması hər bir şagirdin, həmçinin müəllimin öz işinə daha məsuliyyətlə yanaşmasının bəhrəsidir: “Mənim fikrimcə, hər bir uğurun açarı məsuliyyətdir”.
Daha sonra yeni dərs ilinə hazırlıqdan söz açan Surxay müəllim dedi ki, rayonun kənd orta məktəblərində əsaslı təmir işləri bu gün də davam etdirilir.
Esmira Hidayətova