“Hər bir jurnalist istənilən məmur haqqında yaza bilər”

“Azərbaycanda azad söz və media mühiti mövcuddur. Ölkəmizdə azad mətbuat, azad internet var. Hər bir jurnalist istədiyi informasiyanı sərbəst şəkildə toplaya, heç bir senzuraya məruz qalmadan cəmiyyətə yaya bilir. Topladığı məlumatları və materialları ictimai müzakirəyə çıxarır”. Bunu Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib. Ə. Həsənovun sözlərinə görə, indiyə qədər Azərbaycanda jurnalistin yazıya görə həbs edilməsi və yaxud təqib olunması faktı olmayıb: “Təəssüflər olsun ki, bəzi beynəlxalq dairələr, beynəlxalq təşkilatlar Azərbaycana birbaşa təsir göstərə, onu istədikləri istiqamətə yönəldə bilməyəndə, bu bəhanələrlə, o cümlədən azad media mühitinin olmaması, qeyri-hökumət təşkilatlarının təqib olunması və s. tezislərlə Azərbaycan dövlətinə qarşı çıxışlar edirlər”.

PA rəsmisi bildirib ki, Azərbaycan jurnalistikasının nümayəndələri yaxşı bilirlər ki, bunların hamısı qərəzlidir, uydurmadır, subyektiv mülahizələrin nəticəsidir: “Azərbaycandakı mövcud media mühiti, siyasi plüralizm mühiti dünyanın heç bir ölkəsindən geri qalmır. Əksinə, biz nəinki postsovet məkanı ölkələrindəki mövcud vəziyyətlə, eyni zamanda dünyanın ən qabaqcıl ölkələri, Qərbi Avropa ölkələrinin media mühiti ilə yarışmaq, rəqabət aparmaq gücünə malikik”.

Ə. Həsənov qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş media siyasəti bu gün Azərbaycanı həm daxildə, həm regionda, həm də beynəlxalq aləmdə təmsil edə biləcək, inkişaf etmiş elektron və çap media nümunələrinin yaranmasına şərait yaradıb: “Azərbaycan Prezidenti cənab İlham Əliyev media nümayəndələri ilə dəfələrlə görüşlər keçirib. Bu görüşlərdə dövlətin mətbuat siyasətini, informasiya siyasətini bəyan edib. Dəfələrlə cənab Prezident bildirib ki, biz media üçün bütün şəraiti yaratmışıq və yaratmaqda da davam edəcəyik. Biz Azərbaycan dövlətini, hakimiyyətini, ölkənin ictimai-siyasi həyatını azad mediasız təsəvvür etmirik. Azad media olmayan yerdə şəffaflıq, şəffaflıq olmayan yerdə isə effektli dövlət idarəçiliyi ola bilməz. Bu anlamda cənab Prezidentin sözügedən bəyanatları bizim media siyasətimizin təməlində dayanır. Cənab Prezident dəfələrlə onu da bildirmişdir ki, hər kəs dövlət idarəçiliyində təmsil olunan istənilən məmur haqqında yaza bilər, fəaliyyətini təhlil edə bilər.  Lakin tələbimiz ondan ibarətdir ki, bu təhlillər, bu məlumatlar, informasiya fəaliyyəti şəffaf, ədalətli, obyektiv olsun”.

 “Biz Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdiyi tədbirlər vasitəsilə ildə bir neçə dəfə jurnalistlərlə görüş keçiririk”. Bunu ötən gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2015-ci il Novruz Bayramı münasibətilə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin açıqlanması ilə bağlı keçirilən mərasimdə Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Əli Həsənov bildirib ki, ictimai müzakirələr məhz qanunların müzakirəsinə mətbuat, siyasi partiya və ictimai təşkilatların nümayəndələrini dəvət etməklə, icra qurumları yanında ictimai qurumlar yaratmaqla  və belə tədbirlər təşkil etməklə mümkün olur: “Biz belə tədbirlərdə medianın vəziyyəti, yaradıcılıq və digər sahələrdəki problemləri, medianın təşəbbüslərini müzakirə edirik. Azərbaycanda azad media mühiti, azad internet var. Hər bir jurnalist senzuraya məruz qalmadan materiallar, məlumatlar toplayır və ictimai müzakirəyə çıxarır. Yazısına görə təqib edilən jurnalist yoxdur. Təəssüf ki, müəyyən maraqlardan çıxış edən bəzi beynəlxalq təşkilatlar azad media mühitinin olmaması və digər bəhanələrlə müxtəlif beynəlxalq mətbuat orqanlarında çıxış edirlər. Bunlar hamısı uydurmadır. Azərbaycandakı plüralizm mühiti dünyanın heç bir ölkəsindən geri qalmır. Biz bu sahədə tək postsovet yox, aparıcı Qərb ölkələrinin media mühiti ilə yarışmağa hazırıq”.

Ə. Həsənov qeyd edib ki, dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, hər kəs istənilən məmur haqqında yaza, fəaliyyətini təhlil edə bilər: “Bizim istəyimiz bu informasiya fəaliyyətinin şəffaf olması ilə bağlıdır. Hər bir jurnalist həm də bir millətin, dövlətin nümayəndəsidir. Ona görə də prezident dəfələrlə bəyan edib ki, media təmsilçilərindən həm də vətənpərvərlik nümunəsi gözləyirik. Jurnalistlərdən gözlədiyimiz vətənpərvərlik, qərəzsizlik və şəffaf fəaliyyətdir”.

 ANAR QARAXANÇALLI