“Hər bir ailə imkanlarına görə uşaqların sayını müəyyən etməlidir”

547
Ailə planlaşdırılması həkimlərin də ən cox narahatlıq duyduqları mövzudur
Bir vaxtlar Azərbaycanda ailələrdə uşaqların sayının çox olması adi hal almışdı. Xüsusən, rayon yerlərində 5-6 uşağı olmayana birtəhər baxırdılar. Amma sonradan ölkəmizdə yaşanan maddi və sosial sıxıntılar bu düşüncəni bir qədər dəyişdi. Əgər illər öncə 6-7 uşaqlı ailələr çoxuşaqlı hesab olunurdularsa, indi 3-4 uşaqlı ailələr də yəqin ki, çoxuşaqlı sayıla bilər. Ailələrin çoxuşaqlılıqdan çəkinməsi, ilk növbədə, maddi məsələlərlə bağlıdır…Lakin hər kəs belə düşünmür. Məsələn, maddi vəziyyəti aşağı olmasına baxmayaraq, çoxuşaqlı olan ailələr də az deyil. Təəssüf ki, bu cür ailələr çox vaxt uşaqlarını maddi olaraq kifayət qədər təmin edə bilmirlər. Ekspertlər hesab edirlər ki, müasir dövrümüzdə bu məsələdə ailə planlaşdırılmasına diqqət yetirilməsi olduqca vacibdir.

 

“Övladınızı necə görmək istəyirsinizsə, həyatınızı elə yaşayın”

Təbii ki, uşaqların tərbiyə məsələsi də əsas məsələlərdəndir. Valideynlər bir şeyi unutmamalıdırlar ki, onların bir-birinə olan münasibətləri uşaq tərbiyəsinin mayasını təşkil edir. Normal insani münasibətlər zəminində yetişən uşaqlar daha rahat və daha xoşbəxt olurlar.

Uşaq bir çox cəhətdən nemətdir ailə fərdləri üçün. İnsanın əslində özünü tərbiyə etməsidir uşaq tərbiyəsi. Bəlkə o zamana qədər edilən bir çox hərəkəti tərk etmək, edilməyənləri etmək, kamil insan olma yolunda yarımçıq qalmış səyahəti davam etdirməkdir. Həyatına yenidən nəzər salmaq, gününü nizamlamaq, qəflətdən oyanmaq kimi məziyyətləri insana qazandıran yenə uşaq tərbiyəsidir.

Bəli, valideynlər vurduqları zaman vurmağı, qışqırdıqları zaman qışqırmağı, dalaşdıqları zaman dalaşmağı öyrətdiklərini bilməlidirlər. Çünki uşağın, daha doğrusu, körpənin bunların heç birindən xəbəri olmur. O, ətrafı müşahidələri nəticəsində bir sıra müsbət və ya mənfi davranışlara yiyələnir.

“Uşaqlarım üçün hər şeyi etməyə hazıram!” deyən valideynlər, ilk növbədə, bir şeyə diqqət etməlidirlər: övladınızı gələcəkdə necə görmək istəyirsinizsə, həyatınızı elə yaşayın…

“İnsan bilməlidir ki, hökumət tərəfindən verilən yardım müvəqqətidir”

Bu günlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova jurnalistlərə açıqlamasında bu mövzuda maraqlı fikirlər səsləndirib. Onun sözlərinə görə, Azərbaycanda hər bir ailə öz imkanlarına görə uşaqların sayını müəyyən etməli, ailə planlaması olmalıdır. S. Qəhrəmanovanın dediyinə görə, dövlət əhalinin rifahının yaxşılaşdırılması üçün mütəmadi addımlar atır: “Bu gün çoxuşaqlı ailələrə dövlət dəstəyi olaraq sosial müavinət verilir”.

S. Qəhrəmanova bildirib ki, “Sosial müavinətlər haqqında” qanuna 29 oktyabr 2013-cü ildə edilmiş dəyişikliklərə əsasən, 5-dən çox uşağı olan qadınlara müavinət verilir: “Bu dəyişiklik 5-dən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda şamil edilir. Bu müavinət uşağın 18 yaşı tamam olan ayın sonunadək verilir. Ölkənin iqtisadi imkanları artdıqca yardımların artırılması da hökumətin diqqətindədir. Lakin fikrimcə, hər bir ailə imkanlarına görə uşaqların sayını müəyyən etməlidir, ailə planlaması olmalıdır. İnsan bilməlidir ki, hökumət tərəfindən verilən yardım müvəqqətidir. O, özü ailəsini hər bir mənada təmin etmək üçün çalışmalıdır, çünki ailənin məsuliyyətini daşıyır”.

 

“İkinci uşaq yalnız 3 ildən sonra doğula bilər”

Ailə planlaması tibbi cəhətdən də vacibdir. Həkim-ginekoloq Aida Rzayeva bildirib ki, ailə planlaşdırılması həkimlərin ən cox narahatlıq duyduğu mövzudur. Həkimin sözlərinə görə, çox vaxt qadınlar hamiləliklərinin arasında bir ildən də az müddət qoyurlar və sonra da hamiləlikdə və ya doğulan körpədə bir problem olanda həkimdən şikayət edirlər. A. Rzayeva “milli.az”a açıqlamasında deyib: “Bütün pasiyentlərimizə xəbərdarlıq edirik ki, əgər ilk övladını normal doğuşla dünyaya gətiribsə, ikinci hamiləlik iki ildən tez olmamalıdır. Yox, əgər qadın keysər əməliyyatı yolu ilə hamiləlikdən azad olubsa, o zaman ikinci uşaq yalnız 3 ildən sonra doğula bilər. Buna əməl edilməyəndə isə olduqca böyük problemlər yaranır. Həkim nə sehrbazdır, nə də qeyri-adi qüvvəsi var, o vəziyyətdə bizim də əlimizdən bir şey gəlmir”. Aida Rzayeva bildirib ki, ailə planlaşdırılması üçün gərəkli üsullardan çox qadın çəkinir: “Qadınlar bəhanə edir ki, qorxuram, narahat oluram və ya həyat yoldaşım razı deyil. Onlar elə hesab edirlər ki, bu vasitələr sağlamlığa və ya gələcəkdə doğulacaq körpələrinə zərər verir. Tez-tez abort stoluna çıxan qadınlar bilmirlər ki, uşaqlığın divarı tibbi alətlərlə zədələnəndə gələcək hamiləlikdə problem olur və hətta yarımçıq doğuş, qüsurlu uşaqlar olur”.

Nicat İntiqam