Həqiqətin rəngi

567
Bizim təsəvvürümüzdə ağ və qara rənglər hər zaman təzad rəmzi kimi anlaşılsa da, əsl ziddiyyət xeyir-şər simvolu kimi səciyyələnib. 
Ancaq bu həqiqəti də bilməyən yoxdur ki, qaranı da, ağı da Allah yaradıb və gecə ilə gündüz rəngində nümunəsini verib. Bununla da ağ ilə qaranın birliyinin möhtəşəmliyini kainat kitabı ilə göstərib insanlara. Bir az da açsaq, gecə gündüzsüz, gündüz də gecəsiz yaşaya bilmədiyi kimi, ağ və qara da eyni taleyi yaşayır. Lakin ictimai həyatda baş verən müəyyən hadisələr bəzi duyğulu insanları rənglərə müxtəlif mənalar verməyə vadar edib. Rəhmətlik R. Rza “Rənglər” silsiləsinin  “Uvertüra”sında deyir:

Ağ, qara, sarı, yaşıl, qırmızı;

hərəsi bir sınaqla bağlıdır…

…Kim bilir, kim sınamış,

kim bunu ilk dəfə demiş.

Qara – matəm,

qırmızı – bayram,

sarı nifrət rəmzi imiş.

Şair “Qara”nı – Namərd düşmən. Şüurdan gizlənmiş qorxu. Əbədi ayrılığın ağrısı.., kimi görməklə yanaşı, bu rəngin “dərd çalarları”nı da ustalıqla təsvir edib:

…Odsuz ocaqlar.

Yaşamalı ölülər.

Ölməli sağlar…

Qara rəngin dərd çalarları dünya ədəbiyyatında bu gün də təsvir olunmaqdadır. Bu rəngi hələ də “ölümün, qorxudan küncə qısılmış uşağın göz yaşlarının, atəş açan silahın, ananın ölmüş oğlu üçün tökdüyü göz yaşlarının.., rəngi” adlandıranlar var. Bütün bunlarla yanaşı, “qara” rəngi “gözəl, bütün rənglərin kraliçası…” kimi görənlər də var.

Bu yazını qələmə almaqda rənglərin mənalarını bir daha nəzərdən keçirmək və onlara öz münasibətimi bildirmək kimi niyyətim yoxdur. Bu, əslində, heç həddim də deyil. Məni narahat edən son günlərdə ABŞ-da qaradərili günahsız insanların bu ölkənin polisləri tərəfindən qəddarcasına qətlə yetirilməsi və bu rəsmi qatillərin cəzasız qalmalarına görə sonu bəlli olmayan iğtişaşların alovlanmasıdır. Oxucu soruşa bilər ki, ABŞ hara, sən hara? Dünyanın harası olur-olsun, zərrə qədər haqsızlıq dağlar kimi yıxılır üstümüzə. Albert Eynşteyn bu haqda görün nə deyib: – Həqiqət və ədalət məsələlərində böyük və ya kiçik problemlər arasında heç bir fərq yoxdur. Çünki insanlara münasibətlə bağlı işlər eynidir”. Düz sözə nə deyəsən? İnsanlığa qarşı törədilən cinayət dünyanın hər yerində insanların ürəyini ağrıtmalıdır. Heyif ki, belə deyil.

Bir şeyi dəqiq bilirəm ki, həqiqətin rəngi yoxdur. O, nəfəs aldığımız hava kimidir. Gözümüzlə görməsək də, həyatımızın cövhəri olduğuna inanmayan tapılmaz. Rəngi olmasa da, həqiqətin dadı var. O, insanların çoxu üçün dünyanın hər yerində acıdır. Bu günlərdə ABŞ-da baş verənlər də elə həqiqətin acı dadması, onu udmağın və həzm etməyin çətin olmasının nəticəsidir. Qanunsuz siqaret satan qırx üç yaşlı qaradərili Erik Qarner əllərini qandallamaq istəyən bir neçə polis zabiti ilə mübahisə edir. Bir neçə dəqiqədən sonra Daniyel Pantaleo adlı polis pəhləvan cüssəli Qarnerə arxadan hücum edərək, potensial ölümlə nəticələndiyi üçün tətbiq olunması Nyu York Polis Departamenti tərəfindən 1993-cü ildə yasaqlanmış – boğazı sıxaraq nəfəs almağa əngəl törətməklə səkiyə yıxır. Dəfələrlə: “Mən nəfəs ala bilmirəm!” deməsinə baxmayaraq, onun ölümünə səbəb olan polislər Ali Məhkəmə tərəfindən azadlığa buraxılırlar.

Bir insanın başına gətirilən bu hadisə ilə “Qarabağ” bəhanəsi ilə bizim başımıza gətirilənlər arasında heç bir fərq yoxdur. Yumurta oğurlayan da, bank yaran da eyni dərəcəli cinayətkardırsa, o zaman bir insanı öldürən də, minlərlə insanı kütləvi şəkildə qətlə yetirən də eyni dərəcədə qatildir.

“Yalan ayaq tutar, yeriməz” deyilsə də, tarix onun həqiqətdən daha sürətli olduğunu sübut edir. Tarixdə izi olan siyasətçilərdən V. Çörçilin təbirincə desək, “həqiqət şalvarını geyininə qədər yalan dünyanın yarısını dolanır”. Çörçilin dedikləri həqiqət olsa da, yenə doğruya zaval yoxdur. Ağ Ev tarix boyunca sözdə özünü dünyanın ən ucqar nöqtələrində belə demokratiyanın dayağı kimi aparmağa çalışsa da, əməlləri ilə özünü daha çox demokratiyanın dəyənəyi kimi göstərə bilmişdir. Digər tərəfdən, boz rəngli daşlardan tikilmiş Ağ Ev heç də həmişə ağ rəngdə olmayıb ki, o hər kəsi “ağ günlərə qovuşdursun”. 1812-ci il müharibəsində ABŞ Kanada Parlament binalarını yandırmışdı. 1814-cü ildə Britaniya ordusu Ağ Ev də daxil olmaqla Vaşinqtonun böyük hissəsini yandırmaqla sanki ABŞ-ın tarixi cinayətinin tarixi cəzasını vermiş oldu. İlkin vaxtlarda “Prezidentin Qalası”, “Prezidentin Sarayı” , “Prezidentin Evi” kimi adlandırılan Ağ Evi bərpa zamanı yanğının izlərini örtmək üçün ağ rənglə boyadılar. Bütün Ağ Evin boyanmasına 570 qalon (1 qalon =3.785 litr) ağ boya lazım gəlir.

Bəşər tarixi sübut edir ki, böyük və ya kiçik olmasına baxmayaraq, heç bir cinayət cəzasız qalmır. Bir zamanlar kəndə xəbər yayılır ki, filankəsi buğa buynuzlayıb, qol-qabırğalarını qırıb. Bu amansız hücuma məruz qalan adam fermada işləyirmiş. Hadisə də belə baş veribmiş. Yaz qabağı, xoş havalı bir gün imiş. Fermadakı heyvanları açıq havaya çıxarıblarmış. Naxırçı da heyvanların axurlarından tullantı kimi çıxarılıb, tayalanmış otun üstündə yatırmış. Buğalardan biri də həmin ot tayasını buynuzlamaqla əylənmək istəyirmiş. Buğa otu buynuzlayaraq hara gəldi tullayırmış. Otun üstündə şirin yuxuya gedən adam bir də yerə düşüb əziləndə yuxudan ayılır.

Hadisəni eşidənlərin əksəriyyəti zərər çəkənin halına acıyırlar. Yaşlı kişilərdən bəziləri isə onu buğa deyil, atasının qarğışının əzdiyini deyirlər. Sən demə, adam gəncliyində atasına əl qaldırıbmış.

ABŞ da özünü dünyanın ən güclü dövləti kimi təsdiqləyəndən bəri sayını özünün də dəqiq xatırlamadığı haqsızlıqlara səbəb olmuşdur. Səbəb olmaq bir yana, bu gün də haqsızlıqlara dayaq durmaqdadır. Azərbaycanın ərazi bütövlüyünü qəbul edən bu nəhəng dövlət nədənsə Ermənistan kimi cırtdana barmaq silkələməyə özündə cəsarət tapa bilmir. Əksinə, qondarma soyqırımının yüzilliyini qeyd etməyə hazırlaşan işğalçıya havadarlıq edir, çaldığı bütün havalara qol açıb oynamağı özünə borc bilir.

Yoxsa ABŞ dünya sülhü üçün potensial təhlükə olan Ermənistanı xəyalında canlandırdığı kimi “dənizdən dənizə qədər” böyük, bizləri isə yumruğundan da kiçik görür? Kiçik demişkən, orta məktəbdə Ənvər Babayev adlı dil-ədəbiyyat müəllimimiz vardı. Bir gün atadan söz düşəndə sinif yoldaşımız Əntiqəni göstərib dedi ki, kəndimizdə boyda bu qızın atası Nəcməddin kişidən kiçiyi yoxdur. Lakin o, Əntiqənin gözündə dünyanın ən qüvvətli insanıdır. ABŞ və Azərbaycanı kiçik görən digər böyük ölkələr də bilməlidirlər ki, bu odlar diyarı bizim üçün dünyanın ən gözəl, ən böyük və ən qüdrətli ölkəsidir.

Hər şeyə bəşəri həqiqətlər prizmasından deyil, öz məqsəd və maraqlarının torlu gözləri ilə baxan, bir ton xeyiri olmazsa, bir qram hörmət etməyən ABŞ, deyəsən, bundan belə öz başını qaşımaqla məşğul olacaq. Mən kam almıram, ancaq başqalarının dərdinə göz yumanların da miskin vəziyyətə düşdüklərinin şahidi olmuşam.

Allah laqeydləri, zalımları islah eləsin. Onlara Həzrəti İbrahimin atıldığı tonqala su çiləyən qaranquş təəssübü nəsib eləsin. Amin!  RAHIB ALPANLI