“Həmsədrlər bunları bilə-bilə edirlər”

624

ATƏT-in Minsk Qrupunun həmsədrləri – səfir İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriunun (Fransa) birgə bəyanat yayaraq, hərbi helikopterin vurulduğu əraziyə giriş imkanı olmadığına görə narahatlıqlarını ifadə ediblər. Onlar tərəfləri helikopter vurulan ərazidə və ətrafında atəşi dayandırmağa, həmin ərazilərin minalardan təmizlənməsi prosesini asanlaşdırmağa, Soçi, Nyuport və Paris şəhərlərində əldə olunmuş razılıqlara riayət etməyə çağırıb. Həmsədrlərin həm bəyanatı, həm də vertolyotun düşdüyü Azərbaycan ərazisini neytral zona adlandırması Azərbaycan siyasiləri tərəfindən birmənalı qarşılanmayıb. Siyasətçilərin məsələyə münasibətlərini sizə təqdim edirik.

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov:  “ATƏT-in Minsk Qrupu həmsədrlərinin cəbhə bölgəsində helikopterin vurulması ilə bağlı bəyanatı təxribatdır, mənasız və məntiqsizdir. Bizim qarşımızda bir problem var, bu da Dağlıq Qarabağ problemidir. ATƏT-in Minsk Qrupunun həmsədrləri təxribat xarakterli bəyanat veriblər ki, guya vertolyot neytral zonada yerləşir. Biz bunu mənasız bəyanat hesab edirik. Vertolyotun düşdüyü yer Azərbaycan ərazisidir. Həmsədrlərin təmsil olunduğu hər üç ölkə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyıb. Bu baxımdan Minsk Qrupu həmsədrlərinin bu cür bəyanat verməsi təxribatdır, mənasız və məntiqsizdir”.

Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev: “ATƏT-in Minsk Qrupu həmsədrlərinin 19 noyabr tarixli bəyanatında “neytral ərazi” ifadəsinin işlədilməsi qəbuledilməzdir. Ermənistan silahlı qüvvələrinə məxsus hərbi helikopterin zərərsizləşdirilməsi Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş Ağdam rayonu ərazisində baş verib. Azərbaycan Respublikasının Ağdam rayonunun işğalı məxsusi olaraq BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsində qəti şəkildə pislənilib. Bu qətnamədə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə bir daha dəstək ifadə olunub və işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz, tam şəkildə işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb edilir. Həmin sənəddə güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğu vurğulanır”.

Azərbaycan Müdafiə Nazirliyi: “Noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqelərinə hücum edən Ermənistan silahlı qüvvələrinə məxsus Mi-24 tipli döyüş helikopterinin cavab atəşi ilə məhv edilməsi faktı ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaydığı bəyanat təəssüf və təəccüb hissi doğurur. Ermənistan tərəfindən işğal olunmuş torpaqlar beynəlxalq ictimaiyyət tərəfindən tanınmış Azərbaycan Respublikasının əraziləridir. Bəyanatda işlədilən “humanitar keçid” termini isə anlaşılmazdır və münaqişənin mahiyyətindən bixəbər olanlara hesablanıb. Hazırda bu ərazidə heç bir dinc sakin və ya mülki şəxs yoxdur ki, onların döyüş gedən ərazidən çıxarılması üçün hər hansı bir “keçid” və ya “dəhliz” açılsın.

“Ərazidə atəşin dayandırılması” və “ərazilərin minalardan təmizlənməsi” fikirləri isə tam əsassızdır və erməni tərəfinin maraqlarına hesablanıb. Bu, yalnız bir halda – Ermənistan silahlı qüvvələrinin tamamilə və qeyd-şərtsiz işğal olunmuş ərazilərdən çıxarılmasından sonra mümkün ola bilər. Azərbaycanın daim qarşı tərəfi beynəlxalq hüququn norma və prinsiplərinə, müharibənin aparılması qaydalarına riayət etməsi çağırışına baxmayaraq, Ermənistan hər zaman bundan boyun qaçırır və cinayət törətməkdə davam edir.

Azərbaycan Müdafiə Nazirliyi bir daha bildirir ki, düşmən tərəfi mütəmadi olaraq qəsdən bu ərazidə təxribatlar törətməklə məsələni qeyri-obyektiv formada təqdim etməyə cəhd göstərir. Təəssüflər olsun ki, bu prosesə münaqişənin dinc yolla həll olunması missiyasını üzərinə götürən, obyektivlik nümayiş etdirməyə borclu olan beynəlxalq qurumları da öz mövqeyindən çıxış etməyə təhrik edir”.