Həmişə deyərdi ki, təki Vətən sağ olsun

0
339

 

Torpağa bax, şəhid anası, şəhid bacısı, şəhid atası  itkin ordadı! Torpağı sev, oxşa, ağını da, laylanı da torpağa söylə. Çünki oğlun bu torpağı canından çox sevdiyi üçün oraya üz tutdu, oranı beşik seçdi özünə. Onun Vətən sevgisi də bu torpaqdan başlamışdı. Axı, qəhrəmanlıq ana qucağından, evdən, ailədən, ocaqdan başlayır. Vətən, torpaq sevgisi ailədə aşılanır insana. Süddən, qandan, gendən gəlir və demək ki, birbaşa ana ilə, ata ilə başlayır Vətən sevgisi. 30 yaşlı şəhidimiz Atiq də vətəni, torpağı hər şeydən üstün tutdu.

İbrahimov Atiq Ariz oğlu  2008-ci ildə  Mingəçevir Türk liseyindən  məzun olub. Antalyadakı Ağdəniz Universitetini başa vurandan sonra o,  Ukraynanın Karazin Universitetini  də bitirib.

Atiq ailənin yeganə oğul övladı idi. Ağdaşda işıq idarəsində işləyirdi atası ilə birgə. Bu gün Atiqin valideyinləri ilə həmsöhbət olduq. Atası Ariz bəy, anası Gülüş həkim, bacısı Əfsanə xanım Atiqin keçdiyi  döyüş yolundan, danışdılar. Atası Ariz müəllim bildirdi ki, Atiq məlum Tovuz hadisələrindən sonra heç özünə gələ bilmirdi: “İşğalçı Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalimizi hədəf seçməsinə cavab olaraq sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun başladığı qətiyyətli əks-həmlə əməliyyatlarından sonra  o da könüllü kimi cəbhəyə yollanıb və düşmənə qan uddurub.”

Daha sonra Ariz müəllim oğlunun döyüş yoldaşı Samir adlı qaziyə istinadən bildirdi ki, oğlu döyüşlərdə həmişə fərqlənib, neçə-neçə döyüş yoldaşının imdadına çatıb: “Samir dedi ki, Atiq bölük komandiri  kimi həmişə döyüş yoldaşlarını ruhlandırardı. Həmişə də deyərdi ki, uşaqlar, alnımıza nə yazılıb, o da olacaq, təki Vətən sağ olsun. Samir daha sonra dedi ki, Atiq pulemyotla düşmən mövqelərini elə sərrast atəşə tuturdu ki… Belə məqamlarda o, zarafatlarından da qalmazdı. Deyərdi ki,  dığaların kökünü kəsim ki, onlar gələcək nəsillərimizin bu ərazilərdə yaşamalarına mane olmasınlar.”

Şəhidimizin anası göz yaşlarına hakim ola bilmirdi. O, oğlunun istəklisi olduğunu da dilə gətirdi: ”İstəklisi vardı, deyirdim, ay oğul, vaxt keçir bəlkə bu il sənin toyunu edək? Deyirdi, ay ana, qoy bu murdarları torpaqlarımızdan çıxaraq ondan sonra sən  nə desən mən razı. Amma elə oldu ki, oğlumun tabutu gəldi. Heç dözə bilmirəm, o mənim bircə oğul balam idi.”

Daha sonra Atiqin anası onun dostlarından danışdı. Bildirdi ki, dostlarından biri həyətimizdə Atiqin adına şəhid bulağı tikdirdi: “Hər dəfə həyətə düşəndə elə bilirəm ki, Atiq oradadır. Beləcə təsəlli tapıram”.

Söhbətimizin bu yerində Mingəçevir 16 saylı məktəbin şagird və müəllimləri də şəhid ailəsini ziyarətə gəldilər. Şəhidin atası oğlunun keçdiyi igidlik məktəbindən qürurla şagirdlərə danışdı.

Qeyd edək ki, Atiq İbrahimov Cəbrayıl, Suqovuşan, Ağdərə,Talış uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabr ayının 16-da şəhid olub. Allah rəhmət eləsin.

Esmira Hidayətova, Mingəçevir