Həmin gecə yaddaşıma dəhşətli kabus kimi həkk olunub

0
30

Xocalı soyqırımından 30 il ötür. Bu günlərdə həmin soyqırımın dəhşətlərini yaşayanlardan biri ilə – 51 yaşlı Xocalı sakini, ikinci qrup Qarabağ əlili, hazırda Xəzər rayonunun Binə qəsəbəsindəki “Atçılıq sovxozu” deyilən ərazidə yaşayan Azay Salman oğlu Məmmədovla həmsöhbət olduq.

Müsahibimiz söhbətə bu sözlərlə başladı: “Xankəndidən 12 km şimal-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşən  Xocalı şəhəri Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərin işğalçılıq planlarına mane olurdu. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz bu şəhərdə yerləşməsi idi. Elə bu səbəblərdən ermənilər Xocalını ələ  keçirməyi vacib hesab edirdilər. Təəssüf ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vəhşiləri Xankəndidə yerləşən keçmiş imperiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin qüvvəsi ilə Xocalını mühasirəyə almağa, şəhəri yerlə-yeksan etməyə nail oldular. Onu da deyim ki, ermənilərin Xocalıya ilk basqını 1988-ci ilin sentyabrın 18-də baş vermişdi. Elə o zaman Xocalıda bir neçə ev yandırılmışdı. Ondan sonra Xocalıya gələn yollar bağlanmışdı. Ümumiyyətlə, 1992-cı ilə qədər bu şəhər çox ağır vəziyyətdə olmuşdu. Azərbaycanla avtomobil əlaqəsi kəsilən Xocalının yeganə nəqliyyat əlaqəsi hava xətti ilə mümkün olurdu. Şuşa şəhərinin səmasında mülki helikopterin vurulmasından sonra bu əlaqə də kəsildi.”

Həmin gecə Xocalı hava limanı xətt milis bölməsinin rəisi Əlif Haçıyevlə birgə milis  əməkdaşı kimi Xocalı hava limanında olduğunu vurğulayan Azay  Məmmədovun sözlərinə görə, onlar bir müddət düşmənə ciddi müqavimət göstəriblər: “Amma qüvvələrin qeyri-bərabər olması sayəsində Xocalı hava limanının müdafiəsini təşkil etməkdə çətinlik çəkdik. Çünki əlimizdəki silahlarla onların tanklarına, BTR və PDM-lərinə qarşı nəsə edə bilmirdik. Buna baxmayaraq vuruşmaqda davam etdik. Elə oradaca bizim 27 milis əməkdaşımızdan 8 nəfəri şəhid oldu. Mən isə yaralandım. Yaralarıma baxmayaraq, çox böyük çətinliklərlə alov içində olan Xocalıdan  özümü Ağdama çatdıra bildim. Amma elə bir vəziyyətdə idim ki, günlərlə özümə gələ bilmədim. Heç o qədər məsafəni necə qət etdiyimi də xatırlamıram. Amma həmin acıları hər gün yaşayıram. Həmin gecə yaddaşıma bir kabus kimi həkk olunub. Yeri gəlmişkən onu da qeyd edim ki, 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyəti Xocalını mühasirəyə alanda elə zənn etmişdik ki, onlar bizi erməni vəhşilərindən qoruyacaqlar. Amma az sonra top zərbələrindən yerin məhvərindən qopduğunun, evlərin od tutub yandığının, camaatın imdad diləyərək müxtəlif istiqamətlərə qaçdığının şahidi olduq. Sən demə, ermənilər onları sözün həqiqi mənasında satın alıblarmış.”

Sonradan öyrəndim ki, həmin gecə doğmalarım – anam Tamaşa xanım, eləcə də qardaşlarım  digər Xocalı sakinləri kimi erməni barbarlarından özlərini müdafiə etmək məqsədi ilə Qarqarçayı keçərək Kətik meşəsinə üz tutublar. Onlar Kətik meşəsinin girəcəyindəki düzənliyə çatanda  Kətik dağı tərəfdən ermənilərin hücumuna, daha doğrusu, pulemyot atəşinə məruz qalıblar. Elə bu səbəbdən  hər kəs müxtəlif istiqamətlərdən meşəyə qaçmaqla canlarını qurtarmağa çalışıb. Bu perik düşmədən bir qədər keçmiş qardaşım, könüllülərdən ibarət dəstədə vuruşan Rasif anamı birtəhər tapıb.  O biri qardaşım Vasif, böyük qardaşım Ramizin oğlu Zahir və 20-yə yaxın digər Xocalı sakini də onlara qoşulublar. Bu zaman həmin düzənlikdə ermənilərin BTR-i peyda olub. 22 yaşlı qardaşım Rasif deyib ki, mən BTR-in başını qatacağam, siz də yolu keçərsiniz. Qardaşım BTR-i bir müddət özünə cəlb edə bilib. Lakin az sonra ermənilər onu qətlə yetiriblər.  Bundan sonra daşnaklar meşədə camaatı gülləbaran etməyə başlayıblar. Bu zaman digər sakinlərlə yanaşı, 24 yaşlı qardaşım Vasif, böyük qardaşım Ramizin 17 yaşlı oğlu Zahir, bir də kürəkənimiz Səlim də  namərd güllələrinə tuş gəliblər.”

Söhbətinin bu məqamında müsahibimiz onun yaxınlarının həmin illərdə müxtəlif müsibətlərlə də üzləşdiklərini dilə gətirdi: “Fevralın əvvəlində ermənilərin Xocalıya atdıqları raket bacımın 2 yaşlı oğlu Gündüzün həyatına son qoymuşdu. Böyük Vətən müharibəsinin iştirakçısı olmuş atam isə Xocalı faciəsindən bir müddət əvvəl həyətimizə düşən raketdən sonra dünya işığına həsrət qalmışdı.”

Daha sonra müsahibimiz, bu günlərdə haqq dünyasına qovuşan anası Tamaşa xanımın söylədiklərinə əsasən bildirdi ki, anamın sağ qalmasını möcüzə adlandırmaq olar: “Ara bir qədər sakitləşəndən sonra anam şəhid olmuş oğlu Rasifin cəsədini birtəhər böyürtkən kollarının arasına sala bilib. Özü də düz 3 gün onun yanında qalıb. Anam tapılanda huşsuz vəziyyətdə olub. Bu hadisədən sonra 4-5 ay özündə olmayıb. Yeri gəlmişkən, anam ermənilərin cəsədlərimizi necə təhqir, necə qarət etdiklərinini danışanda az qalırdı ki havalansın. Onu da qeyd edim ki, Xocalı sakinlərinin çoxunun cəsədləri bir müddət meşədə qalıb. Məsələn, qardaşım Rasifin cəsədini biz Novruz bayramı ərəfəsində, daha doğrusu, martın 19-da gətirib dəfn edə bildik.”

Müsahibimiz söhbətini bu sözlərlə tamamladı: “O illərdə ölkəmizdə hökm sürən hərc-mərclik də belə bir faciənin yaşanmasında müəyyən rol oynayıb. Üstəlik, faciənin ağırlığı ozamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımi şəkildə qiymətləndirilmədi.  Zənnimcə, əgər o zaman Ulu Öndər hakimiyyət başında olsaydı, bu müsibət baş verməzdi. Məhz sonradan Heydər Əliyevin sayəsində Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildi. Eyni zamanda onun təşübbüsü ilə Milli Məclis 1994-cü ildə  “Xocalı soyqırımı (genosidi) günü haqqında” xüsusi qərar qəbul etdi. Sağ olsun, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Ali Baş Komandanımız. Onun rəhbərliyi ilə ötən ilin sentyabrında döyüşlərə atılan ordumuz 44 gün ərzinda düşməndən bütün şəhidlərimizin intiqamını aldı. Hətta mən deyərdim ki, Müzəffər Ali Baş Komandanımız 44 günlük müharibə ilə təkcə torpaqlarımızı işğaldan azad etmədi, həm də Azərbaycan xalqının tapdanmış qürurunu, mənəviyyatını özünə qaytardı. Mən cənab Prezidentimizlə fəxr edirəm. Bir arzum var. Demişəm ki, dövlət başçımızı harada görsəm, ondan icazə alıb alnından öpəcəyəm və deyəcəyəm ki, xalqımıza bu Zəfəri yaşatdığınıza görə atanız Heydər bəyin çörəyi, ananız Zərifə xanımın südü Sizə  halal olsun.”

Qvami Məhəbbətoğlu, “İki sahil”