“Həm toya çağıran peşmandır, həm də toya gedən”

481

Məhərrəm ayı ilə əlaqədar ölkəmizdə bir müddətdir toylara fasilə verilib. Lakin bu ay bitdikdən sonra toyların başlayacağı və hər kəsin ən azı 2-3 dəvətnamə ilə “mükafatlandırılacağı” indidən məlumdur. Təbii, hər kəs arzu edər ki, el-obada toy olsun. Ancaq xüsusən Bakıda toya yazdırılan nəmərin məbləğinin yüksək olması insanları bir qədər tərəddüdə salır. Ay ərzində 2-3 toy dəvətnaməsi olanda insanlar əvvəlki kimi ürəkdən sevinə bilmirlər. Hər toya 50 manat pul yazdırası olsanız, bu, sizin ailə büdcənizə təsirsiz ötüşməyəcək. Yəni Azərbaycan reallığı üçün bu, elə də az məbləğ deyil. Bəs toya yazdırılan nəmər nə qədər olsaydı, insanlarımız toy dəvətnaməsi görəndə narahat olmazdılar?
“20 manata yüksək səviyyəli toy etmək mümkündür”
Məzahir Süleymanzadə – Əməkdar jurnalist: “Əlbəttə, elə problemlər var ki, onu cəmiyyət özü yaradıb, əziyyətini də özü çəkir. Bu toypulu məsələsi də həmin problemlərdən biridir. Bu, daha çox şadlıq evləri şəbəkəsinin genişlənməsi, bahalı menyuların əhaliyə zorla qəbul etdirilməsi ilə bağlıdır. Toy pulunun azaldılması da onlardan asılıdır. Məncə, israfçılıq və özbaşınalıq olmasa, 20 manata yüksək səviyyəli toy etmək mümkündür”.
İnsanın evinə apardığı pul 4-5 toyun nəməridirsə…
Cavid Zeynallı – yazıçı: “Məncə, burada hansısa bəlli məbləğin axtarışına çıxmaq lazım deyil. Yetər ki, insanların güzəranı, dolanışığı normal olsun, toy dəvətnaməsini vay xəbəri kimi qarşılamasın. İnsanın evinə apardığı pul 4-5 toyun nəməridirsə, hansı məsələdən danışa bilərik? Ona görə, bu güzərandan, dolanışıqdan asılıdır. Dolanışıq yaxşı olandan sonra hər şey tənzimlənir”.
Bu, bizim adətimiz deyil
Dünya Sakit – iqtisadçı: “Əslində mən hesab edirəm ki, toylarda pul yığılması adəti bütünlüklə aradan qaldırılmalıdır. Bu, bizim adətimiz deyil. Bizim adətimiz belə olub ki, qohum-qardaş, yaxın dostlar təzə evlənənlərə evlərini qurmaq üçün müəyyən köməklik ediblər – qab-qacaq, xalça-palaz və sair. Bunu da kimin imkanı nəyə çatır, onu edib. Daha belə bir rəqəm olmayıb ki, hamı məcburən ondan az nəmər verməsin. Bu gün çox təəssüfləndirici haldır ki, toya gedib 50 manatdan aşağı nəmər salandan hamı narazı qalır. Daha düşünən yoxdur ki, bu adamın imkanları nədir…
Son 2 ildə əhalinin vəziyyətinin xeyli dərəcədə pisləşməsi fonunda nəmər məbləğinin azı 2 dəfə aşağı salınması – 25 manat ətrafında olması daha doğru olardı yəqin ki. Lakin burada bir neçə mühüm amil var: toy şənliyi keçirilən şadlıq evlərində yer qiymətləri xeyli artıb. Onlar bunu ərzaq məhsullarının bahalaşması ilə izah edirlər. Amma hesab edirəm ki, burada daha çox cib marağı üstün gəlir. Şadlıq evləri onsuz da bahalaşmadan əvvəldən yer haqqını real dəyərindən 2 dəfə artıq qoyurdular. Mənim insanlarımıza məsləhətim bu olardı ki, əvvəlki adətə qayıtsınlar – həyət toylarına. Toy-şənliyin ləzzəti elə o vaxtlarda qaldı. Həyət toyu ucuz başa gəldiyi üçün 20 manat nəmərlə də toydan qazanclı çıxmaq mümkündür”.
“Əvvəlcə ailə büdcəsini nəzərdən keçirirəm”
Rövşən Ziya – Kənd Təsərrüfatı Nazirliyi yanında Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibi: “Bu günkü şərtləri nəzərə alsaq, şadlıq saraylarının həyata keçirdikləri qiymət siyasəti günümüzün reallığı ilə tərsmütənasiblik təşkil edir. Şəxsən məni toylara çağıranda, əvvəlcə ailə büdcəsini nəzərdən keçirir, sonra toya nə yazdıracağımı müəyyənləşdirirəm. Toyxanalarda qiymət nə qədər aşağı olarsa, məncə, nəməri yazmaq da vətəndaşlar üçün bir o qədər rahat olar”.
“Toylara zövq almaq, əylənmək üçün gedənlərimizin sayı sürətlə azalır”
Elşad Paşasoy – “Yeni Müsavat” qəzetinin əməkdaşı: “Bu gün 50 manat da əvvəlki dəyərdə deyil. Ona görə də həm toya çağıran peşimandır, həm də toya gedən. Məncə, vəziyyətlə bağlı geniş ictimai müzakirəyə ehtiyac var. Toyda onlarla növ yeməkləri masaya düzüb israfçılığımızla əcnəbiləri heyrətə saldığımızın fərqinə varmalı, heç olmasa qardaş Türkiyədən nümunə götürməliyik. Toylara zövq almaq, əylənmək üçün gedənlərimizin sayı sürətlə azalır. 50 manatlıq nəmər bir yana, toyxanalar adamları səs terroru ilə xəstə vəziyyətinə salır. Ona görə də şadlıq evlərindəki səs terrorundan tutmuş menyuya, onun ardınca nəmərə qədər bütün məsələlər ictimai müzakirəyə çıxarılmalıdır. Təbii ki, bu müzakirələrin nəticəsində həllini tapacaq məsələ də deyil. Ona görə də sonda inzibati məsuliyyət məsələsi də nəzərdə tutulmalıdır ki, tədricən qayda-qanun yarada bilək. Əks təqdirdə toylar haqqında faciədən danışırmış kimi danışanlarımızın sayı çox olacaq. Nə qədər ki, toylara ara verilib, bu mövzuda geniş auditoriyalarda müzakirələr açmağın yalnız faydası var”.
“Könül istər ki, toy sahibinin çəkdiyi xərc 5 manat olsun, biz də 10 manat yazdıraq”
Həbibə Abdulla – Afn.az portalının baş redaktoru: “Mövzu son vaxtlar, xüsusilə də devalvasiyadan sonra çox aktualdır. İnsanlar sözün həqiqi mənasında çətinlik çəkirlər. Gündəlik xərclər xeyli artıb. Təsəvvür edin, həftədə bir dəfə marketə gedib bazarlıq edirik, hər dəfə ümumi bazarlığın təxminən 15-20 manat artdığını görürük. Artıq-əksik aldıqlarımız da olur, amma söhbət gündəlik həyatda işlədilən mal və məhsulların qiymətindən gedir. Bunun qarşılığında əməkhaqları artmayıb, əksinə, bir çox ailələrdə işləyən 1, yaxud daha artığı ixtisara düşüb, ailə gəlirlərində azalma var. Bütün bunları mən təcrübədən deyirəm, şəxsən bizim ailəmizdə işləyənlərin ikisi də ixtisara düşdü devalvasiyadan sonra. Bu durumda isə ailənin toy, yas, digər bu kimi məclislər üçün əlavə xərclərinin meydana çıxması arzuolunan olmasa da, bu məclislər yüz illər boyu formalaşan adət-ənənələrlə idarə edilir. Yasa gedirik, yas yazdırmalıyıq, toya gedirik nəmər atmalıyıq, bu, vacibdir. Tanıdığım, bildiyim, adət-ənənəsinə yaxından bələd olduğum elə bir xalq tanımıram ki, toy edənə hansısa formada nəmər verməsin. Qardaş Türkiyədə bu, pul da ola bilər, qiymətli əşya, qızıl da. Rusiyada həmçinin, toy edənə maddi yardım üçün müəyyən nəmərlər verilir. Dediyim odur ki, bu, tək Azərbaycanda olan adət deyil ki, etiraz edək, tənqid edək. Müəyyən narahatlıqlar, kasıbçılıqlar olur, amma gəlin etiraf edək ki, toyda iştirak edib, deyib-gülüb əylənməyimizə, gündəlik yaşadığımız çətinliklərin stresini atmağa dəyər. “Toylara nə qədər nəmər salmaq lazım olsa, üzümüz gülər” sualına gəlincə, fikrimcə, daha yaxşısı o olar ki, pulumuz çox olsun, maddi durumumuz yaxşı olsun, toylara çox nəmər salaq, ondan gülsün üzümüz. Hər halda yuva quran iki gəncə yardım etmək savab işdir və bu daha çox güldürər insanların üzünü. 50 manat toylara minimum yazılan məbləğdir. Təbii, könül istər ki, restorana, digər xərclərə toy sahibinin çəkdiyi xərc 5 manat olsun, biz də 10 manat yazdıraq ki, toy edən ziyanda qalmasın, gənclər sonradan əziyyət çəkməsinlər. Amma bir daha deyirəm, daha ürəyəyatan variant odur ki, toy sahibi 30 manatlıq restoranda toy etsin, biz də aparaq ürəklə, heç bir ehtiyacımızdan kəsmədən 500 manat nəmər yazdıraq, beləcə hər iki tərəfin könlü xoş olsun”.
Pərvin Abışova – müəllimə: “Mənim fikrimcə, reallıqla götürəndə 10 manat”.
“Sənin şad gününə sevinənləri çağırmaq lazımdır”
Fərəh Sabirqızı – jurnalist: “Əlbəttə, toya çağırılan insana daha az miqdarda nəmər yazdırmaq sərf edərdi. Məsələn, 15-20 AZN-lıq nəmərlərin öhdəsindən yəqin ki, gəlmək olar. Amma aydın məsələdir ki, bu, toy edən insana ziyan vurmaq demək olardı. Məncə, toy adət-ənənələrini kökündən dəyişmək lazımdır. Toya daha dar çərçivədə insanları dəvət etmək, sözün əsl mənasında özünə yaxın olanları, sənin şad gününə sevinənləri çağırmaq lazımdır. Eyni zamanda, süfrəyə də “əl gəzdirmək” pis olmazdı. Yəqin ki, zamanla nisbətən sadə məclislərə qayıtmaq məcburiyyətində qalacağıq”.
“Bu toy formatı da insanları müflis eləməkdən başqa bir missiya daşımır”
Şərafət Şəfa – şairə: “Bu gün kütlənin ailə büdcəsini nəzərə alsaq, toy nəmərinin 30 manat olması məncə, o qədər də narahat etməz insanları. Əsasən də rayon əhalisini nəzərə alsaq. Çünki şəhərin qaynar ab-havasından fərqli olaraq rayon əhalisinin ailə büdcələri aylıq gəlirə bağlıdır və gündəlik qazanc şkalası çox-çox aşağıdır”.
Coşqun Eldaroğlu – publisist: “Bilirsiniz, indiki toy formatı adamların həyat tərzinə elə soxulub ki, heç cür imtina eləyə bilmirlər. Onsuz da bu ölkədə adamlar subay adamı xoşbəxt saymırdı. Evlənmək avtomatik mexanizmə keçib və bu toy formatı da insanları müflis eləməkdən başqa bir missiya daşımır. Tutaq ki, mən dedim 5-10 manat. Bu nəmərlə toy sahibi həmin format çərçivəsində toy keçirə bilərmi? Bilməz! Deməli, toya yanaşma dəyişməlidir”.
“Toy xoşbəxtliyə açılan qapı olmalıdır”
Şahnisə Abduyeva – müəllimə: “Mənim fikrimcə, 50 manat çox deyil. Amma 30 manat olsa, daha məqsədəuyğundur. Əslində insanlar nəmərdən narazı deyillər, çox uzaq insanların onları toya çağırmalarından narazıdırlar. Toya yaxın insanlar dəvət olunmalıdır – qohum əqrəba, yaxın dostlar”.
Şamo Ziya – meyxanaçı: “Toy xoşbəxtliyə açılan qapı olmalıdır. Çal-çağırlar sevinc əlamətidir. Mentalitet, adət-ənənəni də qeyd eləsək, bu günkü toyların əksəriyyəti borc, xərclə yekunlaşır. Əslində isə mənim fikrimcə, toya yaxın insanları çağırmaq lazımdır. Yəni onlar şahid olsunlar ki, bu xanım artıq bu bəyin həyat yoldaşıdır. Bu iki gənc artıq subay deyil. Dəvət olunan insanlar da hərəsi öz büdcəsinə uyğun hədiyyə versin, vəssalam. Nə vaxt bu qayda tətbiq olunsa, bəlkə toya çağırılanda insanlar indiki hala düşməzlər”.
“Fikir vermişəm, kənd camaatı bu rəqəmdən də narazıdır”
Cavid İsmayıl, APA TV-nin Xəbər müdiri, tarix üzrə fəlsəfə doktoru: “Adətən, Bakı toylarında 50 manat yazdırırlar. Rayon və kənd toylarında nəmər 10-20 manatdan başlayır. Amma fikir vermişəm, kənd camaatı bu rəqəmdən də narazıdır. Çünki bölgə əhalisi ilə paytaxt əhalisinin gəlirləri arasında ciddi fərq var. Şəhər camaatı üçün 20-30 manatlıq toy sözün əsl mənasında bayram olar. Hər ailənin ayda bir dəfə toya getməsi faciə deyil. Lakin ayda 50 manatlıq 4 toya gedəndə, bu, artıq 200 manat pul deməkdir. Düşünürəm ki, restoranların müəyyənləşdirdiyi menyünün qiymətləri ilə müqayisədə Bakıda toya 50 manat yazdırmaq normaldır”.
“Toylarda bir neçə salat və şirniyyat kifayət edər”
Sevil Gültən – tərcüməçi, şairə: “Rayon yerlərində də restoranda toy edirlər. Amma çox vaxt yeməkləri özləri bişirib gətirilər. Bu halda restoranda bir nəfərin yer pulu 2 manatdan da az olur. Həm də yeməklər normal olur. Məndən olsa toya yalnız ən yaxın, ən doğma adamlar dəvət olunar. Yəni toy sahibini özünə yaxın bilənlər. Onlar da toya yemək üçün gəlmirlər – şad gündə iştirak etmək üçün. Ona görə də toyda müxtəlif yemək verilməsinin əleyhinəyəm. Toylar axşam olduğundan bir neçə salat və şirniyyat kifayət edər. Belə olsa, bir nəfərin toyda iştirakı uzağı 10 manat edər. Toya gələn də 15 manat yazdırar, hələ toy sahibinə də xeyir verər”.
Nicat İntiqam