“Həm də Azərbaycanı təmsil edirdik”

596
Mövsümə 10 komanda ilə başlasaq da, ikinci dövrədə Premyer Liqadan bir komandanın ayrılması futbolumuza olduqca böyük zərbə oldu. 
“Araz Naxçıvan”nın ölkənin bir nömrəli futbol çempionatını tərk etməsi təkcə Naxçıvan futbolunda deyil, həm də bütövlükdə Azərbaycan futbolunda çatışmazlıqların olduğunu ortaya qoydu. Komanda dağılandan sonra futbolçuların bəziləri Premyer Liqa, bəziləri isə I divizion komandalarının sıralarına keçdilər. Hələ də özünə komanda tapmayan futbolçular var. Bunlardan biri də milli komandamızında şərəfini qorumuş, “Bakı”nın heyətində Azərbaycan çempionu olmuş və kubok qazanmış Saşa Yunisoğludur. Saşa ilə əlaqə saxlayıb suallarımıza cavab aldıq. 29 yaşlı futbolçu hələ uzun illər Azərbaycan futboluna xidmət etməyə hazır olduğunu deyir. Yunisoğlu “Çempion”a müsahibəsində “Dənizlispor”dan niyə ayrılmasına da münasibət bildirdi.

– “Araz Naxçıvan”nın dağılmasına nə səbəb oldu?

– Bu suala klub rəhbərliyi dəfələrlə cavab verib. Açığı mən bu haqda nə isə demək istəmirəm. Bu qərar bizim üçün gözlənilməz olsa da “Araz Naxçıvan” rəhbərliyi bu qərarı verdi. Biz futbolçular da buna hörmətlə yanaşmaq məcburiyyətindəyik. Futbol və futbolçu həyatı belədir, sabah nə olacağı bəlli olmur. Peşəkar oyunçu isə hər şeyə hazır olmalıdır.

– Bu haqda söz-söhbət var idimi, yoxsa qəfil qərar verildi?

– Bəlkə də söz söhbət var idi, lakin mən belə şeylərə fikir vermirəm. Qərar verildisə, nəyisə dəyişmək mümkün deyil.

– Premyer Liqa klubunun mövsüm gedişində dağılmasına sənin münasibətin necədir?

– Təbii ki, mənim buna münasibətim müsbət ola bilməz. Bu qeyri-peşəkarlıqdır. Naxçıvanda futbolsevərlər böyük futboldan məhrum oldular. Mənim Naxçıvanda xeyli sayda qohumlarım var. Bizim hər matçımızda bizi dəstəkləməyə gələn azarkeşlər vər idi. Hələ də mənə suallar verirlər ki, bu necə oldu? Mən də bu sualların qarşısında heç nə deyə bilmirəm. Bütün bunlara baxmayaraq mənim “Araz Naxçıvan” rəhbərliyinə, bütün işçilərinə böyük hörmətim var. Hər kəsə təşəkkür edirəm. Naxçıvan şəhəri mənim üçün doğmadır, burada futbol oynamaq mənim üçün ikiqat xoş idi.

– Adətən komandanın dağılmasına maddi vəziyyət səbəb olur, amma mən bilən “Araz”da belə problem yox idi…

– Bizim klubda maddi problem yox idi. Kimin müqaviləsi necədirsə, elədə maaşını vaxtı-vaxtında alırdı. Dəqiq deyə bilərəm ki, “Araz Naxçıvan” maddi vəziyyətə görə dağılmayıb.

– “Dənizlispor”dan Azərbaycana gəlməyinə peşman deyilsən ki?

– Əlbəttə ki, peşman deyiləm. Mən vətənimə qayıtmışam. Öz ölkəmin futboluna xidmət etmək istəyirəm. Bundan əlavə, mənim başqa yolum da yox idi. Həm “Dənizlispor”la müqaviləm bitmişdi, həm də yay transfer pəncərəsi açılmışdı. Yenə də deyirəm Naxçıvana gəlib futbol oynamaq mənim üçün sevindirici hal idi.

– Oradan ayrılmağına nə səbəb oldu?

– İki illik müqaviləm var idi. Bir il oynadıqdan sonra sırf məşqçiyə görə müqavilənin bir ilini öz istəyimlə ləğv etmişəm. Çünki mənə göstərilən münasibət xoşagəlməz idi. Mən belə münasibəti başqa yerdə görməmişəm. Orada daha bir ildə oynaya bilməzdim. Təkcə mən yox, Rail Məlikov da sırf bu səbəbdən, 6 aylıq müqaviləsini qarşılıqlı şəkildə ləğv etdi. Mən Rail və Arif İsayev orada həm özümüzü, həm də Azərbaycanı təmsil edirdik. Buna həm azarkeşlər, həm də rəhbərlik şahiddir. Arif, ümumiyyətlə, azarkeşlərin sevimlisi idi.

– “Araz Naxçıvan”dan başqa sənə təklif göndərən komanda olmuşdu?

– Bəli, təklif olmuşdu. Amma mənə layiqli bir təklif olsaydı, dəyərləndirəcəkdim. “Araz Naxçıvan” mənə doğma olduğuna görə buranı seçdim.

– Sən futbolçu ömrünün məhsuldar dövrünü yaşayırsan. Bundan sonra nə etmək fikrin var?

– Düz deyrisiniz, mənim hələ 29 yaşım var. Mənim mövqeyimdə dünya miqyasında 35-40 yaşa qədər oynayırlar. Futbolçunun fikri nə ola bilər? Futbol oynamaq.

– “Bakı” klubundan sənə təklif olubmu?

– “Bakı” klubu mənim futbol kariyeramda ən uğurlu klub olub. Burada mən həm çempion olmuşam, həm kubok qazanmışam. Bu klub mənim qəlbimdə ayrı yerə sahibdir. “Bakı”nın indiki vəziyyətinin şahidi olmaq mənim üçün çox ağırdır. Allah klub rəhbərliyinə kömək olsun. İnşallah, bu çətin vəziyyətdən tezliklə çıxarlar. Açığı “Bakı”dan təklif almamışam, klub rəhbərliyinə hörmətim olduqca böyükdür və əla münasibətimiz var. Bu komanda mənim üçün yad deyil. Əgər rəhbərlik məni heyətdə görmək istəyərsə, mən də canla-başla xidmət etməyə hazıram.

– Əgər Premyer Liqada oynamasan, I divizionda gənclərlə oynamaq fikrin var?

– Düşünürəm ki, mən Premyer Liqada hələ öz sözümü deməmişəm. I divizionda oynamaq fikrim yoxdur.

Rasim Məmmədli