“Həm Azərbaycan, həm də SSRİ rəhbərliyi yanında onun sözü keçirdi”​

435

Sovet imperiyasının qılıncının sağı da, solu da kəsən bir zamanda, 1940-cı ildə SSRİ-də Stalin mükafatı (sonralar bu mükafat SSRİ Dövlət mükafatı adlandırılıb) komitəsi yaradıldı. Komitə 1952-ci ilə qədər fəaliyyət göstərib. Dövlətin ən yüksək mükafatı elm, texnika, ədəbiyyat və incəsənət sahəsində fərqlənənlərə verilirdi. Təltif olunanlara 1-ci, 2-ci, 3-cü dərəcəli “Stalin mükafatı” diplomu və fəxri döş nişanı təqdim edilirdi. Mükafat komitəsinə Sovet İttifaqının ən görkəmli elm, ədəbiyyat və incəsənət xadimləri daxil idilər. Türk dünyasının dahi bəstəkarı, publisisti, dramaturqu, alimi, pedaqoqu, ictimai xadimi Üzeyir bəy Hacıbəyli Stalin mükafatı komitəsi yarandığı gündən ona üzv seçilib, ömrünün sonuna kimi də komitənin üzvü olaraq qalıb. Bununla bağlı üzeyirbəyşünas Səadət xanım Qarabağlıya bir neçə sualla müraciət etdik. O dedi:

– Üzeyir Hacıbəyli iki dəfə Stalin mükafatına layiq görülüb. Birinci dəfə 15 mart 1941-ci ildə dahi bəstəkarın “Koroğlu” operasına Stalin mükafatı verilib. Bu barədə Stalin mükafatı komitəsinin 1940-cı il 30 dekabr tarixli geniş iclasının stenoqramında professor A .B. Qoldenveyzerin çıxışında oxuyuruq: “…Biz altı namizədin siyahısını vermişik. Opera bölməsi üzrə seksiya “Koroğlu” operasına görə Hacıbəyovu təqdim etmişdir. Əsas belədir: milli dekadalar bir sıra opera əsərləri göstərmişlər. Onların arasında Hacıbəyovun operası böyük müvəffəqiyyət qazanmışdır. Böyük teatrda tamaşaya qoyulmaq üçün qəbul edilmişdir. Bu, milli operalardan ən dəyərlisidir.”

İkinci dəfə isə Üzeyir bəy Hacıbəyli 26 iyun 1946-cı ildə “Arşın mal alan” filminə görə Stalin mükafatı ilə təltif edilib.

– Təbii ki, bu komitədə Üzeyir bəy də mükafata layiq namizədlər barədə öz fikirlərini söyləyib…

– Dövlət mükafatı ilə bağlı müzakirələrdə Üzeyir bəy Səməd Vurğun, Sergey Prokofyev, Dmitri Şostakoviç, Mixail Şoloxov və başqalarının əsərləri haqqında müzakirələrdə fikir söyləyib, mükafatların verilməsində müstəsna rol oynayıb. Bu çıxışlardan ikisi mənə rast gəlib.

– Bəlkə onlar barədə bir qədər ətraflı məlumat verəsiniz?

– Onlardan biri Dmitri Şostakoviçin, digəri isə Səməd Vurğunun “Fərhad və Şirin” dramının Stalin mükafatına namizədliyinin müzakirə edilməsi ilə bağlıdır. Mən “Fərhad və Şirin”dən ətraflı söz açmaq istərdim. Həmin çıxış 1942-cı ilin fevral ayının 19-da olub. O deyib: “Səməd Vurğun – müasir Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən biridir. Burada mən deyərdim ki, nəinki parlaq nümayəndələrindən biri, hətta ən istedadlı nümayəndəsidir. Azərbaycan dilinin nümunələrini Azərbaycan ədəbiyyatı xəzinəsinə daxil edərək o, Azərbaycan xalqının həyatının bütün sahələrini müxtəlif yollarla əks etdirməyi bacarmışdır. Şairin şeirləri ana vətənə dərin hisslərlə, hədsiz məhəbbətlə doludur. O, seir sənətinə mükəmməl yiyələnmişdir. Dramaturgiya yoluna isə o, üç dramla daxil olmuşdur. Bir dramaturq kimi Səməd Vurğunun əsas cəhəti odur ki, onun əsərlərində real xarakterlər verilir və lirik şairin dərin psixologizmi hiss olunur. Bir dramaturq olaraq onun yaradıcılığının ikinci əsas tərəfi odur ki, o, insan həyatını romantik və filosof şair kimi təsvir edir. Hazırkı “Fərhad və Şirin” əsəri bizim ədəbiyyatımızda və teatrda böyük əhəmiyyət kəsb edən hadisədir. O, Nizami haqqında yazır və onu müasirləşdirərək, sözün əsl mənasında, çağdaş vətənpərvərlik dramı yaratmağa müvəffəq olmuşdur. Bu, nəzmlə yazılmış dramdır. O, epik asudəliyi və dramatizmi birləşdirir. Bunlar hər zaman çox gözəl dillə yazılmışdır. Və bu nəinki Azərbaycan, hətta bütün çağdaş dramaturgiyanın nailiyyətlərindən biridir”.

Dahi, müdrik sənətkar Üzeyir bəy Hacıbəylinin bu çıxışından sonra Səməd Vurğunun “Fərhad və Şirin” dramı qeydsiz – şərtsiz Stalin mükafatına layiq görülüb.

Bəli, əvəzsiz sənətkar olan Üzeyir bəy sözün əsl mənasında müdrik şəxsiyyət idi. Düzü – düz, əyrini – əyri söyləməkdən çəkinmirdi. Bütün situasiyalarda xeyrin qalib gəlməsinə çalışırdı. Qoyulan məsələlərə müdrikcəsinə yanaşır, yaxşıların uğuruna imza atırdı. Yüksək səviyyələrdə böyük dühanın fikir və mülahizələri hörmətlə qarşılanırdı. Həm Azərbaycan, həm də SSRİ rəhbərliyi yanında onun sözü keçirdi. Və Üzeyir bəy Hacıbəylinin fikirlərinə, düşüncələrinə hər zaman ehtiyac duyulurdu…