“Hələ sən istəyirsən ki…”

Çox hörmətli Əlibaba kişi, əvvəla, sayıb bu bəndəyə dərdinizi izhar etdiyinizə görə sizə dərin təşəkkürümü bildirirəm. Bu təşəkkürdən sonra nəzərinizə çatdırmaq istəyirəm ki, məktubunuzu birnəfəsə oxuya bilmədim. Çünki problemli yazıları oxuyanda adətim üzrə bir neçə dəfə dərindən nəfəs almağı özümə borc bilirəm. Amma cavab yazanda nədənsə əsla belə bir çətinliklə qarşılaşmıram.
Çox hörmətli Əlibaba kişi, məktubunuzun məğzinə keçməmişdən öncə nəzərinizə çatdırıram ki, son illər sakini olduğunuz Binəqədi rayonunda xeyli genişmiqyaslı işlər görülüb və görülməkdədir: prospekt və küçələr, eləcə də qəsəbə və kəndlər abadlaşdırılır. Hətta mən deyərdim ki, həmin işlərdən saatlarla yox, günlərlə söz açmaq olar. Lakin siz nədənsə şikayət məktubunuzda bu barədə bir kəlmə belə yazmamısınız. Elə buna görə də əvvəlcə məktubunuzdakı həmin boşluğu doldurmaq məqsədilə bu barədə bir neçə kəlmə ərz etməyi  özümə borc bildim ki, rayonun başbilənləri məni bitərəflikdə qınamasınlar.

Hə, çox hörmətli Əlibaba müəllim, yazırsınız ki, rayonun 9-cu və 6-cı mikrorayonları arasında “Zeytunluq” adlandırılan bir məkan var. Zərifə Əliyeva adına Parkın arxa tərəfindən həmin məkana keçən yol artıq bir neçə aydır ki, pis vəziyyətdədir. Hətta iş o yerə çatıb ki, ətrafdakı yaşayış binalarının sakinləri bu yolla metronun “Nəsimi” stansiyasına gedib-gələndə min bir əziyyətə qatlaşmalı olurlar. Son vaxtlar yağıntıların artması isə buranı palçıq əlindən elə keçilməz vəziyyətə salıb ki, sakinlər bordyurların üstü ilə həmin yolu qət etmək məcburiyyətində qalıblar: “Bütün bunlar azmış kimi çəkiliş qaydalarına əməl olunmamağı bir yana, kustar üsulla calanmış və izolyasiyasız elektrik naqilinin nə dərəcədə təhlükəli olduğunu isə izah etməyə ehtiyac yoxdur. Adi bir diqqətsizlik burada can ala bilər” (Elə sizin də şikayətiniz bundandır). Ay Əlibaba müəllim, sözün düzü, məktubunuzun bu yerinə çatanda aqillərdən eşitdiyim bir rəvayət birdənbirə yadıma düşdü. Dedim, elə bunu sizə yazıb göndərsəm, məktubunuza cavab vermiş olaram. Deməli, belə: Böyük Vətən müharibəsinin qızğın dövründə bir nəfər əslən Şuşadan olan xanəndə İldırım Həsənova xəbər çatdırır ki, bəs onun İldırım adlı bir dostu ön cəbhədə ağır xəstədir və bir tanış axtarır ki, öləndə onu müsəlman qaydasında basdırsın.

Xəstə yatan İldırım da Şuşadan imiş. Onun da gözəl səsi varmış. Həm də zarafatı sevərmiş. Nə isə…. İldırım Həsənov soraqlaşa-soraqlaşa şahzadə nəvəsi İldırımı ağır vəziyyətdə tapır. Onun başını qaldırıb qolları arasına alır və səsləyir:

– Ə, İldırım, mənəm ey!

İldırım gözlərini açıb onu gördükdə gözlərindən yaş gilə-gilə gəlir.

– Ə, könlün nə istəyir? – deyə İldırım xəstədən xəbər alır.

Xəstə deyir:

– Mənə elə gəlir ki, bir stəkan qatıq olsa, yeyib dirilərəm.

İldırım Həsənov canını dişinə tutub qarda-qiyamətdə otuz kilometrə yaxın yol qət eləyərək kənddən ona qatıq alıb gətirir. Xəstə qatıqdan qaşıq-qaşıq yedikcə cana gəlib dikəlir. Hətta sevindiyindən könlünə zarafat da düşür. Odur ki, o, zarafatla deyir:

– Ə, İldırım, adam oğlusan, bəs bu qatığın sarımsağı hanı?

İldırım da bu sözlərin qabağında aciz qalmayıb xəstəyə belə cavab verir:

– A köpək oğlu, döyüşün qızğın çağında sənə dünyanın qurtaracağından qatıq tapıb gətirmişəm, hələ istəyirsən ki, sarımsağı da olsun.

İndi onun sözü olmasın, ay Əlibaba kişi, kişilər ilin-günün bu çağında o qədər işlər görüblər, hələ sən istəyirsən ki, o elektrik naqilini də izolyasiya etsinlər? Vallah, sizdən heç belə sayğısızlıq gözləməzdim. Elə bu səbəbdən məktubunuza baş qoşmaq istəmədim.

Qvami Məhəbbətoğlu