“Hələ kifayət qədər vaxtım var”

616

Uğur Pamuk: “Lənkarandakı həkimlər məni düzgün müalicə etməmişdilər”

 

Uğur Pamuk 1989-cu ildə Almaniyanın Bilefeld şəhərində dünyaya göz açıb. Elə balaca yaşlarından futbola marağı olan Uğur, Almaniyanın “Arminiya” klubunun yetirməsidir. Karyerasına bu komandada başlayan Uğur 2007-2008-ci il futbol mövsümünü Bilefeld təmsilçisində keçirib. 2008-ci ilin yayında Almaniyanın aşağı dəstə təmsilçisi “Tus Dornberq”a transfer olunan hücumçu 3,5 il bu komandanın şərəfini qoruyub. 2011-12 mövsümün ortasından isə Uğur Pamuk Azərbaycana transfer olundu. “Sumqayıt” klubu bu futbolçu ilə 1,5 illik müqavilə imzaladı. Bundan sonra Uğurun Azərbaycan karyerası başladı. 2013-cü ilin yayına qədər “Sumqayıt” klubunda forma geyinən futbolçu, həmin ilin yayında “Xəzər Lənkəran”la anlaşdı. Avropanın tanınmış məşçilərindən olan Con Benjamin Toşakın başçılıq etdiyi “Xəzər Lənkaran”a transfer olunan Uğurun bu komandada “uğuru” gətirmədi. Toşakın yerinə Lənkarana baş məşqçi gələn Mustafa Dənizli də Pamuku daha çox ehtiyatda saxlayırdı. Ümumilikdə Uğur “Xəzər Lənkaran”da keçirdiyi 1,5 ildə cəmi 10 dəfə meydanda oldu və bir qola imza atdı. 2014-cü ilin noyabr ayında isə Lənkərandan ayrılaraq yenidən “Sumqayıt” klubuna qayıtdı. Uğurun Lənkaranda az oynamasının səbələrindən biri də onun zədəli olması idi. Keçən ilin noyabrında “Sumqayıt”la müqavilə bağladıqdan sonra Uğur Almaniyaya müalicə üçün yollandı və orada əməliyyat olundu. Uğurun Almaniyadakı əməliyyatı uğurlu alındı və o, fevral ayının 17-də vətənə geri döndü. Nənəsi Azərbaycanlı olan Uğur Pamuk, 2012-ci ildə Berti Foqts təfənidən 3 dəfə milli komandaya  dəvət aldı. Millimizin futbolçusunun son durumunu öyrənmək üçün onunla əlaqə saxladıq.

Səid Hüseyn

– Necə oldu ki, zədə aldın, hal-hazırda vəziyyətin necədir, zədən tam sağalıb?

– Lənkarandan “Sumqayıt”a icarəyə gəlmişdim. Həmin vaxt aprel ayında “Sumqayıt”ın Flaqmanla oyunu var idi, bax elə bu oyunda zədə aldım. Əslində zədəm elə də ciddi deyildi. Sadəcə olaraq mənə yaxşı müalicə və bir az istirahət lazım idi. Ancaq mən hardasa 3 həftədən sonra yenidən gərgin məşqlərə başladım. Yay toplanışında isə mən təzədən “Xəzər Lənkəran”a qayıtdım. Lənkaranın həkimləri mənim ayağımda balaca yırtıq aşkar etdilər. Ayağımın yan bağlarında yırtıq olduğu üçün mən, istirahət etməli, məşq etməməliydim. Ancaq zədəmi sağaltmağa mənə imkan vermədilər. İynə vurub, ağrılarımı azaldıb, məni məşqə göndərirdilər. Bundan sonra mənim zədəm daha da kəskinləşdi. Deyərdim ki, mənim uzun müddət futboldan kənarda qalmağımın əsas səbəbi Lənkaran klubundakı həkimlərdir. Onlar məni hardasa 3-4 ay səhv müalicə etdilər. Lənkarandakı müalicənin bir xeyri olmadığını görüb noyabr ayında “Sumqayıt”a gəldim.

– Almaniyaya nə zaman getdin?

– Mən noyabr ayının sonlarında Almaniyaya yollandım. Dekabrın ayının 8-i isə əməliyyat olundum. Allaha şükürlər olsun ki, əməliyyatım yaxşı keçdi. Orada tam sağaldıqdan sonra Azərbaycana geri döndüm. Fevralın 18-dən komanda ilə birlikdə məşqlərimi edirəm. Hazırda özümü yaxşı hiss edirəm. Düzdür, bəlkədə 90 dəqiqə oynaya bilmərəm, ancaq 30 və ya 20 dəqiqə meydanda olmağa gücüm çatacaqdır.

– Almaniyaya gedib gəldiniz, orada əməliyyat oldunuz. Bütün bu xərcləri siz ödədiniz yoxsa “Sumqayıt” klubu?

– Zədəmlə bağlı bütün xərcləri mən özüm çəkmişəm.

– “Xəzər Lənkəran”dan ayrıldığın zaman, transfer üçün başqa təkliflər olmuşdu? Yoxsa “Sumqayıt”dan başqa variant yox idi? “Sumqayıt”ı seçməyinin əsas səbəbi nədir?

– Variantlar var idi. Başqa klublar da məni öz heyətlərində görmək istəyirdilər. Ancaq mən “Sumqayıt”ı tanıdığı üçün seçdim. Mən buranı bir ailə kimi görürəm. Siz də bilirsiniz ki, mən Azərbaycana ilk dəfə gələnədə Sumqayıta gəlmişdim. “Sumqayıt” komndasında çox gözəl günlər keçirdim. “Sumqayıt” bir aliə olduğu üçün mən burada özümü xoşbəxt hiss edirəm. Bir futbolçunun uğur qazanması üçün komandada xoşbəxt olması əsas şərtdir. Mən yenidən sevdiyim kluba geri döndüyüm üçün özümü xoşbəxt hiss edirəm.

– “Sumqayıt” Topaz Premyer Liqasının üçüncü dövrəsinə heç-heçələrlə başlayıb. Bu komanda oynadığı 4 oyunda 4 dəfə bərabərə qalıb. Düzdü, komandanın uduzmaması yaxşı nəaliyyətdir, anacaq onu da nəzərə alaq ki, sumqayıtlılar dörd oyuna cəmi bir qol vurub. Uğur Pamuk “Sumqayıt”a çatışmayan qolları vuraraq, qələbələr qazandıra biləcəkmi?

– Mən “Sumqayıt”a kömək etmək üçün gəlmişəm. “Sumqayıt” futbolu çox inkişaf edib. Bu futboldur və hər nəticə qeydə alına bilər. “Sumqayıt”ın üç oyunda qol buraxmadan bərabərə qalmasını normal qarşılamaq lazımdır. Bir şeyi də nəzərə almaq lazmıdır ki, güclü rəqiblərlə oynamışıq. Amma sizin də dediyiniz kimi dörd oyunda sadəcə bir qol vurmuşuq. Ancaq mən indidən deyə bilmərəm ki, Uğur gəldi “Sumqayıt” qələbələri sıralayacaq. Bunu zaman göstərəcək. Hal-hazırda biz fevral ayının 28-i baş tutacaq “Neftçi” ilə oyuna hazırlaşırıq.

– Yeri gəlmişkən “Neftçi” ilə oyunda biz Uğur Pamuku meydanda görə biləcəyikmi?

– Bu suala mən cavab verə bilmərəm. “Sumqayıt” klubunun heyətini baş məşqçi Aqil Məmmədov formalaşdırır. Mən hələ bir həftədir kollektivlə məşqlərə qoşulmuşam. Ola bilər ki, 10 və ya 15 dəqiqə meydançada oldum. Ancaq bu da baş məşqçi Aqil Məmmədovdan asılıdır. Mən futbolçuyam və məşqçinin qərarına hörmətlə yanaşıram.

– Azərbaycan milli komandasına yeni baş məşqçi gətirilib. Siz vaxtilə yığmada da oynamısınız. Necə düşünürsünüz yenidən dəvət almaq imkanınız varmı?

– Əlbətdə yenidən millidə oynmaq istəyirəm. Ancaq bunun üçün tez bir zamanda yenidən formamı bərpa etməliyəm. Yenidən əvvəlki formama qayıtmaq üçün mənə iki-üç həftə vaxt lazımdı. Bu vaxt mənə meydançada 90 dəqiqə mübarizə aparmaq üçün lazımdı. Yəni hardasa 3 həftədən sonra mən tam gücümlə 90 dəqiqə futbol oynaya biləcəyimi düşünürəm. Futbol üzrə Azərbaycanın əsas millisinə dəvət almağım mənim özümdən də asılıdır. Mən yaxşı başa düşürəm ki, öz üzərimdə çox çalışmalı və baş məşqçi Robert Prosineçkinin diqqətini cəlb etməliyəm.

– Hələ 25 yaşın var. Azərbaycanda çıxış edən futbolçular məhz bu yaşdan sonra parlamağa başlayırlar. Necə düşünürsən sənin karyeranın ən yaxşı illəri hələ qabaqdadır?

– Mən 3 ildir ki, Azərbacandayam. Topaz Premyer Liqasında necə futbol oynamaq lazım olduğunu artıq bilirəm. Düzdür, cavanam, inşallah heç bir problem olmasa mənim yaxşı futbol oynmaq üçün hələ kifayət qədər vaxtım var.