“Hələ də it günümüzdə yaşamaqdayıq”

644

itRəngi ağarmış oğlum otağa girib dil-dodağı əsə-əsə dedi:

– Ata, itlər dəli olub. Bir yerə yığışıb adam kimi dərdləşirlər.

– Ə, heyvan da danışar?! Bəlkə, sən özün elə o söz…

… İtlərin çoxu qonşu məhəllələrdən gəlmişdi. Hamı Toplana diqqətlə qulaq asdığından gəlişimizdən duyuq düşən olmadı. Toplan deyirdi:

– Yəqin, xəbəriniz var. Bu günlərdə həmkarlarımızdan birinə çoxsaylı bıçaq zərbələri vurduqdan sonra onun başını kəsiblər. Özü də bu zorakı hərəkətlər azyaşlı uşağın gözləri önündə həyata keçirilib. Özləri də utanmadan həmin mənzərəni çəkib feysbukda yerləşdiriblər. Başa düşə bilmirəm, bəziləri bu hərəkətləri ilə nə demək istəyirlər? Son illər insanlar lap azğınlaşıblar e… Əllərindən bıçaq düşmür ki… Kimi həyat yoldaşına, kimi övladına bıçaq çəkir. Bütün bunlar bir yana… İndi kəndlərdəki həmkarlarımızın canına qorxu düşüb: onlar şəhərlərə üz tutmaq niyyətindədir. Daha bilmirlər ki, şəhərlərdə biz itlərin vəziyyəti yaxşı deyil.

– Eh demə, demə, ay Toplan… Gün gündən pis gəlir e… Hətta iş o yerə çatıb ki, bizlərə quduz adı qoyub güllələyirlər. Özü də belə əməliyyatlar bir qayda olaraq gecələr keçirilir. Odur ki qorxudan çoxumuz gecələr heç küçəyə çıxa, bir-birimizə baş çəkə bilmirik. Adama deyən gərək sən məni müayinə etmədən quduz olduğumu haradan bilirsən, ay insan? Mənə elə gəlir ki, biz yox, bizimlə bu şəkildə rəftar edənlər quduzdur. Vallah, biz sahibsiz itləri bu şəkildə cəzalandırmaq inkişaf etmiş ölkəmizə əsla yaraşmır…

Bu sözləri isə Alabaş dedi. Lakin Toplan onun bir fikri ilə əsla razılaşmadı:

– Ə, sahibsiz niyə oluruq, ay Alabaş? Məgər bilmirsən ki, bütün yaranmışların himayədarı yaradanın özüdür. Bu səbəbdən də haqqımızda sahibsiz ifadəsini işlətməyin əsla doğru deyil. Bir də belə danışsan…

Alabaş başını yuxarı qaldırıb bir-iki ağız hürdü və bununla da Toplanın dedikləri ilə razılaşdığını bildirdi. Toplan: “Amanın günüdür, gecənin bu aləmində səsini belə ucaltma, yoxsa gəlib bizi qırarlar”, – deyə ona iradını bildirdi. Bu iraddan sonra yaranmış fasilədən istifadə edən Bozdar söhbətə qoşuldu:

– Ah, bir zamanlar necə də mehribançılıq idi. Hətta insanlar bizi vəfalı dost adlandırırdılar. İndi isə adımızın qarşısında “vəfalı” sözünü işlətməyə sanki xəsislik edirlər. Çoxu da meylini salıb xaricdən gətirdikləri itlərə… Heç bilirsiniz, onlar necə naz-nemət içində yaşayırlar? Eşitdiyimə görə, onlara elə yeməklər verirlər, elə paltarlar geyindirilir, elə bəzədilirlər ki…

Gözləri od saçan zoğalı rəngli Qarabaş: “Əşi, indi bizim məmləkətdə hansı xarici pis yaşayır ki?” – deyərək bu söhbətə son qoymaq istədi. Lakin Pələng buna imkan vermədi:

– Amma biz hələ də it günümüzdə yaşamaqdayıq. Sonuncu dəfə nə vaxt təmizləndiyim, yuyunduğum yadıma gəlmir…. Nə olar, bizi də yada salıb bir sığınacaqdan – filandan hazırlayanda… Eşitdiyimə görə, Avropada kimsəsiz it görmək mümkün deyil. Onlar çox xoşbəxtdirlər e… Mən hələ onlar üçün təşkil olunmuş digər şeylərdən söz açmıram.

Bu yerdə Tuzik zarafatından qalmadı:

– Yenə sağ olsun Elza xanım Seyidcahan… Heç olmasa o, bizi hərdən yad edir. Yəqin, yadınızdadır da onun heyvanlar üçün təşkil etdiyi konsert. Hərçənd məni ora dəvət etməmişdilər. Lakin həmin konserti uzaqdan izləyən bir it kimi deyə bilərəm ki, çox möhtəşəm keçdi. Nə gizlədim, sevincimdən göz yaşlarıma hakim ola bilmədim.

Söhbət çox uzandı. Az sonra itlərdən biri, deyəsən, Pələng idi, mənim onları dinlədiyimdən duyuq düşdü. Və bu barədə həmkarlarına məlumat verdi. Toplan: “Qorxmayın, onu tanıyıram, ondan bizə xələl gəlməz. Danışıqlarımızı eşidibsə də çox əla. Güman edirəm ki, o bizim dediklərimizi də, demədiklərimizi də qələmə alıb dərdimizi aləmə bəyan edəcək”.

Tuzik yenə zarafatından qalmadı:

– Elə dediklərimizi yazsa, kifayətdir… Bir də şəxsən mən bu kimi işlərlə məşğul olanların vəziyyətimizdən xəbərdar olmamasına əsla inanmıram…

Mən sakitcə: “Bax mən isə buna inanmıram”, – deyib onları tərk etmək istəyirdim ki, yenə Tuzik dilləndi:

– İndi hərə bir şeylə gündəmə gəlir, a müəllim, sən də bizim it günümüzlə gündəmə gəl. Bunun bəlkə sənə də bir xeyri dəydi. q.mehebbetoglu@zaman.az