Kəklik Yusifova: “Hələ qarşıda çox planlarım var”

127

 

Rəssam Kəklik Yusifovanın yaşının az olmasına  baxmayaraq böyük işləri ilə diqqət çəkir. Bu günlərdə gənc rəssamla həmsöhbət olduq. Bildirdi ki, bu sənətə lap uşaqlıq illərindən həvəsi olub. O, daha çox portret və realizm janrında rəsmlər çəkib insanları heyrətləndirməyə çalışır. Ən maraqlısı isə odur ki, gənc rəssam öz çəkdiyi rəsmləri hələ ki bəyənmir.

Kəklik Yusifova 2004-cü ildə Rusiyanın Samara şəhərində dünyaya gəlib. Ailənin yeganə övladı olan qızcığaz kiçik yaşlarından maraqlı rəsmləri ilə diqqət çəkib. İlk nailiyyətini isə Rusiyada 6-cı sinifdə oxuyarkən qazanıb. 2016-cı ildə Kəklik Yusifova yarışa qatılıb, çəkdiyi rəsm qonşu ölkədə ən yaxşı əsər seçilib, diplom alıb. Yeri gəlmişkən onu da qeyd edək ki, Rusiyada gənc rəssamın sərgisi də təşkil olunub.

 

Kəklik Yusifova ilə söhbətdən aydın oldu ki, o, İkinci Qarabağ savaşı ilə bağlı rəsm üzərində işləyərkən əvvəlcə Topçu Vüsalın rəsmini çəkmək qərarına gəlib: ”Çünki müharibə zamanı tanınmış simalardan, əsgərlərdən biri məhz o oldu. Birinci böyük formatda onun şəklini yaratdım. Daha sonra baxdım ki, stend tən ortadan olduğu üçün kənarları boş qalır. Həmin boşluqları alınmış torpaqların təsviri ilə doldurmağa çalışdım. Qarabağ atını çəkdim, hansı ki, həmin bölgənin simvolu sayılır. Şuşanın simvolu olan xarıbülbülü əlavə etdim. Qapının üstündəki boş yeri də istifadə edib orada qartal yerləşdirdim. O da Azərbaycanın bir simvoludur. Stendin yan tərəfinə bir pərdə çəkərək rəsmləri bir növ səhnələşdirməyə çalışdım”.

Həmsöhbətimiz, həmçinin bildirdi ki, rəssamlığın bütün janrlarına müraciət edir: ”Əsas təlabat portiretlərə olduğu üçün porterlər çəkirəm. Rəsm çəkmək stilim realizimdir. Təbiəti isə çəkməyə üstünlük vermirəm. Çünki bu mənə asan gəlir.  Çəksəm də elə mənzərə çəkməyə çalışıram ki, ona baxanda insanın gözü yorulmasın”.

Rəssam Kəklik öz peşəsini rəsmsevərlərə də öyrədir.

Arzularından danışan gənc xanım dedi ki, hələ qarşıda çox planları var. Onun planlardan biri də ölkəmizdə əl işlərindən ibarət sərgisini təşkil etməkdir. Qeyd edək ki, hazırda rəssamın əl işləri Mingəçevir Gənclər Evinin divarlarını bəzəyir.

 

Esmira Hidayətova, Mingəçevir