“Həkimin uğuru xəstələrinə verdiyi şəfa, onlarda yaratdığı inamdır”

İridoloq-həkim Şəfəq Bəşirova Ağsu rayonunda doğulub. Respublikada yeganə qadın həkim-iridodiaqnostikdir. İlk iridodiaqnost akademik Zərifə Əliyevanın işinin davamçısıdır. 1981-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki ATU) bitirib. 1981-ci ildən Fərdi Pensiyaçılar Poliklinikasının terapevti, 1987-ci ildən Zaqorsk Optik-Mexanika Zavodunun Poliklinikasında terapevt işləyib. 1990-cı ildən Moskvada “Sovet Amerika iridodiaqnostika məktəbi”nin məzunudur. 1990-1991-ci illərdə Moskvada Zaqorsk Optik-Mexanika Zavodu Poliklinikasında həkim-iridodiaqnost, 1991-ci ildən hazırkı dövrədək Respublika Xalq Təbabəti Mərkəzində həkim-iridodiaqnostdur. Akademik Zərifə Əliyevanın 80 illik yubileyinə həsr edilmiş konqresin iştirakçısı olub. Ailəlidir. 3 övlad anasıdır. Həyat yoldaşı dünya və Avropa çempionu Yaşar Bəşirov Karate Federasiyasının prezidentidir.

                Beləliklə, Şəfəq xanımla ilk müsahibəmiz belə başladı.

– Bu sahəyə maraq sizdə hansı zərurətdən yaranıb?

– Məlum olduğu kimi, 1987-1991-ci illərdə Moskvaətrafı Zaqorsk şəhərində işləyirdim. Bir təsadüf nəticəsində iridoloqun müayinəsindən keçdim. Uşaqlıqdan keçirdiyim xəstəliklər haqqında, hazırda orqanizmimdə gedən proseslər barədə geniş məlumat aldım. Elə o vaxtdan məndə iridologiyaya həvəs yarandı.

– Neçə ildir ki, bu sahə ilə məşğulsunuz?

– Artıq 24 ildir ki, bu sahədə çalışıram. İridologiya ilə yanaşı, 33 ildir ki, terapevt, 15 ildən artıqdır ki, fitoterapiya sahəsinin mütəxəssisiyəm. Düzünü desəm, uşaqlıqdan arzum göz həkimi olmaq idi. Amma bəzi səbəblərdən bu arzum həyata keçmədi. Bəlkə də iridologiyanı belə sevməyimin səbəblərindən biri də məhz bu sənətin gözlə əlaqəli olmasıdır.

– Buradan belə nəticə çıxır ki, insanın gözündən oxumaqla müalicə üsullarını təyin etmək mümkündür?

Bəli, göz qəlbin aynasıdır desək yanılmarıq. Gözlə müxtəlif xəstəlikləri təyin etmək olur. Azərbaycanda müalicə daha çox simptomatik aparılır. Başqa sözlə ifadə etsək, baş ağrılarından əziyyət çəkən başqa xəstəliyinin olduğunu təxmin etmir, həkim də onu məhz baş ağrısından müalicə edir. Halbuki baş ağrılarının başqa səbəblərdən də yarana biləcəyi ehtimalı çoxdur. Belə müalicənin nəticəsidir ki, yüngül xəstəliklər sonradan ağırlaşaraq daha çətin müalicə olunan xəstəliyə çevrilir. Xəstələrimdən biri 5 ildir ki, baş ağrılarından şikayətləndiyini bildirdi. Baxandan sonra məlum oldu ki, əsas problem öd kisəsidir. Genotipi müəyyənləşdirməkdə, immun sistemini təyin etməkdə iridologiyanın əhəmiyyəti böyükdür. 2 zəif genin birləşməsindən dünyaya gələn uşağın, təbii ki, xəstə olmaq ehtimalı çoxdur. Əgər gənclər evlilikdən əvvəl müraciət etsələr, onlara genləri barədə ətraflı məlumat verilər və dünyaya gələcək körpənin sağlam doğulması üçün lazım olan müalicələr aparılar. Bu üsul hətta dərmanların dozasını da müəyyənləşdirməkdə rol oynayır.

– Bu sahədə əldə etdiyiniz uğurlar…

– Bu sənəti sevmək, xəstədə inam yaratmaq lazımdır. Çünki o, heç kəsə demədiyi sirri sənə açıb deyir. Həkimin uğru, məncə, xəstələrinə verdiyi şəfa, xəstələrdə yaratdığı inamdır. Məncə, buna nail olmuşam. Həkim təkcə insanı müayinə etmir, həm də onda həyata inam yaradır. Əgər insanın psixologiyasını bilməsəm, onu təkrar həyata qaytarmaq da çətindir. Qəbulumda olan şəxslərdən biri, 50 yaşlarında olan qadına ən çoxu iki ay sonra öləcəyini bildirmişdilər. Mənim yanıma gələrkən onun üzünə sanki ölüm rəngi çökmüşdü. Təsəvvür edin ki, insana yaxın zamanda öləcəyini desək, nə vəziyyətə düşər? Müayinə zamanı məlum oldu ki, qadın nədənsə bərk qorxub. Xəstəlik də bundan yaranıb. Oğlu bir neçə ay əvvəl evdə qızdırıcıda partlayış olduğunu  və anasının bundan bərk qorxu hissi keçirdiyini bildirdi. Qısamüddətli müalicədən sonra qadın tamamilə sağaldı. Çünki onda əvvəlcədən deyildiyi kimi, qorxulu xəstəlik yox idi.  Həkim daxilən həkim olmalı, xəstəni dili ilə müalicə etməlidir. Hər bir xəstəyə fərdi yanaşma üslubu olmalıdır.

– Məlum olduğu kimi, respublika vətəndaşlarını müalicə etməklə yanaşı, xarici vətəndaşları da qəbul edirsiniz. Bilirik ki, Dubay Sultanı öz səhhətini məhz sizə etibar etmişdi. Bu barədə nə deyə bilərsiniz?

– Hətta Sultan müayinədən o qədər razı qalmışdı ki, Dubayda klinika açmaq təklifini vermişdi. Mən razı olmadım. Kiprin eks-prezidenti Rauf Denktaşı və ailəsini müayinə etmişəm. MDB məkanından, Türkiyədən, İrandan, Kiprdən, Hindistandan və s ölkələrdən çoxlu xəstələrim var. Tam sağlam həyata qayıdan insanlar hələ də məni unutmur, əlaqəni üzmürlər. Onların təşəkkür dolu gözlərini görəndə, sözlərini eşidəndə sevincimin həddi-hüdudu olmur.

– İridodiaqnostikanın yaranma tarixi… Ümumiyyətlə, iridodiaqnostika nəyə imkan yaradır?

– İridodiaqnostika qədim vaxtlardan məlum olan diaqnostik üsullardandır. Arxeoloji qazıntılar zamanı tapılmış papirusların üzərindəki qüzehli qişanın əksi və onun digər orqanlarla əlaqəsini göstərən amillər bunu bir daha təsdiq edir. İridodiaqnostikanın bir elm kimi inkişaf etməsində bolqar alimi Pesselinin rolu olmuşdur. Hələ uşaq ikən o belə bir təsadüflə qarşılaşır. Bayquşu tutmaq istərkən o quşun ayağını zədələyir. Elə bu vaxt quşun gözündə qara bir ləkənin əmələ gəldiyini görür. Bayquşu evə gətirib müalicə edən Pesseli tədricən qara ləkənin avazıyıb itdiyini görüb təəccüblənir. Sonralar həkim kimi fəaliyyətində Pesseli bunu xəstələr üzərində tətbiq etməklə, müşahidələr aparır. Hər bir orqanın gözün qüzehli qişasında özünəməxsus yeri, hər bir xəstəliyin dəyişikliyi olur. Bütün bunları uzun müddət müşahidə edən həkim iridodiaqnostikanın, yəni gözün qüzehli qişasının vəziyyətinə əsasən orqanizm haqqında məlumat verən elmin əsasını qoymuşdur. O, 1866-cı ildə ilk dəfə iridoloji sxemi tərtib etmişdir. İridodiaqnostika individual-genetik status və irsi xəstəliklərə meyli, orqanizmin müqavimət qabiliyyəti (adaptasiya) fiziki və psixi-emosional gərginlik sinir sistemi, daxili orqanların vəziyyətini, maddələr mübadiləsi pozğunluğu və toksiki maddələrlə zəhərlənmə haqqında geniş məlumat verir. Onu xüsusi vurğulamaq lazımdır ki, iridodiaqnostika heç bir müasir metodla təyin olunmayan orqanizmdəki şlakları təyin edir. İridodiaqnostika köməkedici, istiqamətverici vasitə kimi diaqnostik bir metod olub, fitoterapiya, homeopatiya, iynəbatırma və s ilə yanaşı tətbiq olunur.

– Hazırda iridodiaqnostika hansı ölkələrdə tətbiq olunur?

– Avropa ölkələrində, o cümlədən ABŞ, Kanada, Yaponiya, Almaniya, Fransa, Bolqariya və s ölkələrdə  tibb universitetlərinin nəzdində iridoloji kabinetlər fəaliyyət göstərir.

– Bəs MDB məkanında necə?

– Sovet dövründə bu proses bir qədər zəif gedirdi. Fərəhli haldır ki, Sovetlər İttifaqında ilk dəfə iridoloji monoqrafiya 1982-ci ildə hörmətli akademikimiz Zərifə xanım Əliyevanın təkidilə Bakıda “İridodiaqnostikanın əsasları” kitabı işıq üzü görmüşdür. Zənnimcə, respublikada belə bir mərkəzin yaradılması yerinə düşərdi.

“Gözdən hər şeyi oxumaq olar” sözlərini söyləyən Şəfəq Bəşirova  müayinə və müalicədə rolunu xüsusi vurğulayır. O, respublikada akademik Zərifə Əliyevanın adı ilə əlaqəli olan bu sahənin inkişaf etdirilməsini vacib sayır. Bu üsulla da insanları müxtəlif xəstəliklərdən öncədən xəbərdar və müalicə etmək olar.

Şövkət Hüseynova, yazıçı-publisist,

H.B.Zərdabi mükafatı laureatı.