“Həkim təyinatı olmadan istifadə edilən dərmanlar xəstəliyi daha da ağırlaşdırır”

988

Müsahibimiz Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının cərrah endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətovdur.
– Xanımların ən çox əziyyət çəkdiyi məsələlərdən biri də hormonal pozuqluqlardır. Hormonal pozuqluğun səbəbi nədir və bu, insanda özünü hansı əlamətlərlə göstərir?
– Qadınlarda hormonal pozuqluğun yaranması səbəblərindən biri də yumurtalıqlarda polikistozun(şiş) əmələ gəlməsidir. Eyni zamanda böyrəküstü vəzdə olan problemlərlə əlaqədar olaraq kişi hormonu artıq miqdarda ifraz olunmağa başlayır. Bu da qadınlarda özünü tüklənmə kimi büruzə verir.
– Bəs qadınlarda artıq çəkinin yaranmasına səbəb nədir?
– Qadınlarda artıq çəkinin yaranmasına səbəb hipotireoz adlanan xəstəlikdən qaynaqlanır. Buna qalxanvari vəzin çatışmazlığı deyilir. Qadınlarda bu problemin əmələ gəlməsinə səbəb isə hamiləlikdən sonra vəzin fəaliyyətinin pozulmasıdır. Normalda qalxanvari vəz orqanizmin enerji balansını təmin edir. Enerji balansı dedikdə, hüceyrədə gedən maddələr mübadiləsi prosesi nəzərdə tutulur. Həmin vəzifəni də qalxanvari vəzin ifraz etdiyi hormonlar icra edir. Hüceyrələrə lazım olan oksigen bu hormonlar hesabına ödənir. Uşaqlarda böyümə geriliyi də məhz bu problemlə əlaqəli ola bilir. Bu gün artıq çəki ilə problemi olan insanlarda ilkin olaraq qalxanvari vəzin və böyrəküstü vəzin hormonları yoxlanılmalıdır. Bunlar yoxlanıldıqdan sonra endokrinoloji problem aşkar olunubsa, bununla bağlı mütəxəssisə müraciət edilməlidir.
– Saydığınız bu problemlər ən çox qadınlarda, yoxsa kişilərdə rast gəlinir?
– Son zamanlarda Tibb Universitetində tələbələrimiz arasında araşdırmaya başlamışıq. Məqsədimiz, əsasən, gənc nəsil arasında gələcəkdə baş verəcək hər hansı problemin kökündə duran səbəbləri doğru araşdırıb, ortaya çıxarmaqdır. Buna görə də elə tələbələrimiz arasında qalxanvari vəzin ultrasəs müayinəsini aparmağa başladıq. Apardığımız müayinə nəticəsində məlum oldu ki, qız tələbələrimiz arasında qalxanvari vəzin potologiyalarına daha çox rast gəlinir. Ən azı 3 tələbəmizdə hormonal pozuqluq və qalxanvari vəzdə düyün və ya hər hansı iltihabi xəstəlik aşkar olundu. İltihabi xəstəliklər arasında son dövrlərdə ən çox rast gəlinən Haşimoda tiroidinin adını çəkmək olar. Bu xəstəliyin ilkin əlamətləri insanlarda yorğunluğun, halsızlığın olması, bədən çəkisinin artması, dəridə və saçlarda quruluğun olması, səsdə qısıqlığın olması, saçların tökülməsi və qəbizlik kimi özünü göstərir. Bu xəstəlik xüsusən qadınlarda menstruasiyanın pozulması ilə müşahidə olunur ki, bu da gələcəkdə sonsuzluqla nəticələnir. Bu xəstələrdə həm də psixi pozğunluq halları aşkar olunur. Daha tez depressiyaya düşürlər, sinir sistemində problemlər olur.
– Qeyd etdiniz ki, ən çox qadınlarda qalxanvari vəzin fəaliyyətinin pozulmasına rast gəlinir. Buna təsir edən faktorlar nələrdir?
– İlkin olaraq buna təsir edən amillərdən ekoloji mühiti göstərmək olar. Hər hansı ətraf mühitin adaptogen təsirləri orqanizmə müəyyən mənfi təsirlərini göstərir. Son zamanlarda insanların stresli olmasına təsir edən səbəblərin çoxalması, ekoloji vəziyyətin müəyyən dərəcədə pozulması, qəbul etdiyimiz qidalar, hətta bəzi qəbul etdiyimiz məhsulların tərkibinin nədən ibarət olduğunu bilmirik. Onların tərkibində olan müəyyən inqridientlər vəzin fəaliyyətinə öz təsirini göstərir. Eyni zamanda onu da qeyd edim ki, zob xəstəliyindən əziyyət çəkən insanların bəzən normadan artıq yod qəbul etmələri də onların səhhətində problem əmələ gətirir. Həkim təyinatı olmadan həddindən artıq yod preparatlarının qəbul olunması insanların səhhətində müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Dövlət tərəfindən müəyyən endemik bölgələrə yod tərkibli duzlar paylanır. Amma insanları bu sahədə maarifləndirmək lazımdır ki, onlar hansı halda yod preparatından istifadə edəcəklərini bilsinlər. Normadan artıq yoddan istifadə qalxanvari vəzin iltihabi xəstəliyinin yəni tiroidin yaranmasına səbəb olur.
– İstərdim bir az da diabet xəstəliyindən danışaq. Bəzən uşaqların körpə yaşda bu xəstəliyə tutulanlara da rast gəlirik. Və çox zaman bu patoloji halda aşkar olunur. Uşaqların körpə yaşda bu xəstəliyə tutulmasının səbəbi nədir? Və valideynlər bu kimi diabetin vaxtında aşkar olunması üçün nə etməlidirlər?
– Əgər ailənin hər hansı bir üzvündə şəkərli diabet varsa, dünyaya gələcək körpədə də bu xəstəliyin əmələ gəlmə ehtimalı yüksəkdir. Buna görə də bu uşaqları vaxtaşırı olaraq müəyyən müayinələrdən keçirmək lazımdır. Eyni zamanda xəstəliyin ilkin əlamətləri var ki, susuzluğun olması, tez-tez sidiyə getmə, çəkinin azalması kimi hallara diqqət etmək lazımdır. Uşaqda bu əlamətlər müşahidə olunursa, dərhal endokrinoloqa müraciət etsinlər.
– İnsanlar hansı hallarda bu xəstəliyə tutulurlar?
– İnsanların düzgün qidalanmaması, oturaq həyat tərzi keçirməsi, stresə çox məruz qalması, ətrafdakı informasiyalara daha çox həyəcanla cavab verməsi gələcəkdə hər hansı şəkərli diabet xəstəliyi ilə nəticələnə bilər.
– Şəkərli diabet xəstələri gündəlik həyatda, qidalanmalarında nəyə diqqət etməlidirlər?
– Müəyyən profilaktik tədbirlər var ki, onu hər bir şəkər xəstəsi bilməlidir. Onlar üçün müəyyən pəhriz tətbiq olunur ki, ona ciddi riayət edilməlidir. Əgər oturaq həyat tərzi keçirirsə, çalışmalıdır ki, günün müəyyən yarısı hərəkətdə olsun. Təmiz havada gəzintiyə çıxsınlar ki, bu xəstəlik ağır forma ilə nəticələnməsin. Eyni zamanda stress, gərginlikdən uzaq olmağa çalışmalıdırlar.
– Diabet xəstələrinə cərrahiyyə yolu ilə hər hansı müdaxilə olunur?
– Şəkərli diabet 2 tipli insanlarda bədən çəki indeksi yoxlanılır və əgər göstərici 40-dan yuxarıdırsa, bu zaman cərrahi müdaxilə edilir. Mədə kiçiltmə əməliyyatı kimi bildiyimiz bariatrik cərrahiyyədən sonra diabet xəstələrinin əvvəllər qəbul etdikləri dərmanlara tələbatı aşağı düşür, bəzi hallarda isə dərmanın istifadəsinə tamamilə ehtiyac qalmır.
– Son zamanlarda televiziya kanallarında dərman preparatlarının reklamı çoxalıb. Hətta bu dərmanların hansısa xəstəliyi tamamilə aradan qaldırdığı deyilir. Bu nə dərəcədə həqiqətə uyğundur və insanlar buna inanmalıdırmı?
– Reklam olunan hər hansı dərman vasitəsini həkim təyinatı olmadan alıb istifadə etmək əks-təsir göstərə bilər. Çünki həkim xəstənin hər hansı xəstəliyindən xəbərdar olur və onun dərəcəsi, orqanizmin reaksiyasından xəbərdardır. Öz təcrübəmdən deyə bilərəm ki, dəfələrlə xəstəmiz olub ki, qalxanabənzər vəzi patologiyası ilə gedib kiminsə məsləhəti ilə hər hansı bir dərman preparatını qəbul edib, vəziyyəti daha da ağırlaşıb və ən sonda yenə həkimə müraciət edib. Bu zaman da həkimin işi çətinləşir. Məsələn, qalxanvari vəzin düyünlü törəmələrində xəstəyə vitamin tərkibli preparatların qəbulunu məsləhət görmürük. Lakin xəstənin özbaşına qəbul etdiyi bu dərmanlar bu düyünün daha da böyüməsinə, xəstəliyin daha da ağırlaşmasına, hətta xərçəngin yaranmasına gətirib çıxarır.
– İstərdim bir az da zob xəstəliyi haqqında məlumat verəsiniz. Çünki çox zaman qalxanabənzər vəzin törəmələri ilə qarışdırılır.
– Bəli, qalxanvari vəzin iltihabi və qeyri-iltihabi xəstəlikləri var; qeyri-iltihabi xəstəlikləri zob adlanır. Iltihabi xəstəlikləri isə tiroid adlanır. Bunların da hər birinin özünün müalicə taktikası, diaqnostik üsulları var. Məsələn, endemik ur, yəni endemik zoba əsasən yod çatışmazlığı olan bölgələrdə rast gəlinir. Hər bir insanın gün ərzində qəbul etməli olduğu 150 mikroqram yod norması var. Orqanizmin ehtiyacı olan bu yod təmin edilmədikdə isə qalxanvari vəzndə düyünlər əmələ gəlməyə başlayır.
– Qalxanvari vəzdə əmələ gələn düyünlər yalnız əməliyyat yolu ilə müalicə olunur?
– Xeyr. Əgər gələn xəstədə düyün aşkar olunubsa, bunun hamısı əməliyyata getməməlidir. Əvvəlcə, onun diaqnozu qoyulmalı, növü aşkar edilməli, daha sonra müalicə metodu tətbiq edilməlidr. Əhalinin 50-60 faizində düyün aşkar olunubsa, bunun hamısını əməliyyat etmək doğru olmaz. Çünki qalxanvari vəz orqanizmdə bir növ dirijor funksiyası daşıyır. O, bütün hüceyrələrə təsir edir. Buna görə də həkimlər də bu mövzuda diqqət etməlidirlər. Əməliyyat edib bu vəzi çıxardıqdan sonra həmin insanın aqibəti necə olacaq, onu da fikirləşmək lazımdır. Bir də çox zaman xəstələrə onlarda olan düyünün gələcəkdə bədxassəli düyünə çevriləcəyi deyilir. Lakin bu ehtimal cəmi 1 faizdir. Düyünün gələcəkdə bədxassəliyə çevrilməsi üçün müəyyən səbəblər var ki, bunlardan biri də həmin insanın radiasiyaya məruz qalması, radioaktiv maddələrdən istifadə etməsi şərait yarada bilər. Amma düyün bədxassəlidirsə, bu, əvvəlcədən məlum olur.
– Bildirdiniz ki, tiroidlə, zob bir-birindən fərqlənən xəstəliklərdir. Bəs bu xəstəlikləri fərqləndirən əlamətlər hansılardır?
– Zobun əsas əlamətləri insanda əsəbilik, ürək döyüntüsünün çox olması, əllərdə nəmlik, isti havaya qarşı dözümsüzlük, çox yeməyinə baxmayaraq çəkinin az olması, mədə-bağırsaq sisteminin sürətli işləməsi kimi özünü göstərir. Eyni zamanda zobdan əziyyət çəkən xanımların hamiləliyi başa çatdıra bilməməsi halları yaşanır. Tiroidin əlamətləri isə halsızlıq, yorğunluq, yuxusuzluq kimi özünü göstərir. Son zamanlar isə gənc əhali arasında buna daha çox rast gəlinir.
Xəyalə Sadıqova,
Nərmin Haqverdiyeva.