Məhəmməd Quliyev: “Həkim insanlara yardım etməkdən həzz almalıdır”

490

Yaşadığımız  həyatda insan üçün ən böyük, ən dəyərli sərvət sağlamlıqdır. İnsan sağlamlığının da keşiyində tibb işçiləri durur. Həkim olmaq böyük məsuliyyətdir. Ona görə ki, hər birimiz bu peşənin daşıyıcılarına bizim üçün əziz olan sağlamlığımızı etibar edirik. Həkim peşəsi çox nəcib və məsuliyyətli bir işdir, çünki insanların sağlamlığı, hətta bəzən həyatları həkimdən asılı olur.

Bu peşənin dəyərlı sahiblərinin yaxın günlərdə (17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günüdür) peşə bayramları qeyd olunacaq. Bu münasibətlə Mingəçevir Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinin müdiri, ömrünün 38 ilini bu peşəyə həsr edən qəhrəman həkimlərdən biri Quliyev Məhəmməd həkimlə həmsöhbət olduq. Qeyd edək ki, Məhəmməd həkim Birinci və İkinci Qarabağ müharibəsində həkim kimi əsgərlərlə birgə səngərdə olub. Dediyinə görə, Birinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun müdafiəsində iştirak edib. 44 günlük vətən müharibəsində yenə də həkim kimi yaralı əsgərlərə yardımlar edib. Həmin dövrdə Mingəçevir xəstəxanası qospital kimi fəaliyyət göstərirdi. Qospitalda həkim 504 -ə qədər yaralı əsgərin cərrahi əməliyyatlarını edib. Həkim deyir ki, müharibə ərəfəsində biz də müsəlləf əsgər kimi gecə-gündüz çalışdıq ki, təki vətənə, əsgərlərimizə bizim də faydamız toxunsun. “Hər an bir həkim kimi vətənimizin keçiyində durmağa hazıram” deyir həkim.

Məhəmməd həkimə növbəti sualımız bu illər ərzində yorğunluq hiss edib-etməməsi ilə bağlı oldu.  Həkim dedi ki, heç yorulmağa vaxt var ki?  “Özünüz şahidsiniz ki, xəstəxanada nə qədər xəstə var, heç nahar etməyə belə vaxt tapmaq mümkün deyil. Biz istəyirik ki, xəstələr biz həkimlərdən narazı qalmasınlar. Ona görə də var qüvvəmizlə çalışırıq. Eyni zamanda  tibb daim inkişaf edir. Yeni xəstəliklər yeni biliklər tələb edir. Bu qədim sənəti seçən insan daim fövqəladə vəziyyətlərə hazır olmalı və insanlara yardım etmək hissindən həzz almalıdır. Həkim öz işinə ürəkdən bağlı olmalıdır, peşəsinin vacibliyini, ciddiliyini dərk etməlidir, çətinliklərdən, təhlükələrdən qorxmamalıdır”.

Onu  da qeyd edək ki, həkimin vaxtını çox almamaq şərti ilə ona bir neçə sual verməklə kifayətləndik. Çünki həkimin qapısının qarşısında insanlar növbədə dayanmışdı.

Sonda qeyd etməyə dəyər ki, 38 il ömrünü bu peşəyə həsr edən həkim dövlət tərəfindən heç bir mükafata layiq görülməyib. Hələ üstəlik də müharibədə iştirak etdiyinə görə veteranlıq da almayıb.

Əziz qəhrəman və hünər sahibi olan həkimlərimiz sizi peşə bayramınız münasibətilə təbrik edir, sizə uzun ömür, can sağlığı və çox məsuliyyətli, bir o qədər də şərəfli işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Yaxşı ki, varsınız.

Esmira Hidayətova, Mingəçevir