Həbs ehtimalı olan neçə həkim tanıyırsınız?

El arasında tez-tez işlədilən bir fikir var: Allah heç kimi həkimə salmasın. Bunu iki mənada işlədirlər: birincisi, xəstələnməyəsən, ağrı-acı görməyəsən, ikincisi, pulgir həkimlə üzləşib-eləsən sənin başına elə oyun açar ki, gəl görəsən.

Xüsusən, dövlət xəstəxanalarının bəzilərində dərman firmalarının əməkdaşlarının sağa-sola dolaşmalarını gördükcə həkimə güvənməyinə peşman olursan. Sən ağrı ilə, acı ilə həkim otağının qapısının ağzında durub növbə gözləyirsən, dərman firmalarında çalışan gənc oğlan və qızlar da deyib-gülür, söhbət edirlər, öz aləmlərindədirlər. Düşünürsən ki, sənin verdiyin pul az deyilmiş kimi, həkim hələ reseptdəki siyahını uzadıb, dərman firmalarından da qazanacaq. Amma nə olsun, bunu sən də bilirsən, həkim də bilir, elə o firmada çalışan gənclər də bilirlər, faydası nədir? Yəni, doğrudanmı, bu işin ortaq nöqtəsi yoxdur?

Bundan başqa, deyirlər, həkimlərin maaşı artırılsın. Tutaq ki, bir həkimin maaşı artdı. Siz inanırsınız ki, o həkim daha firmalarla işləməyəcək? Dərman firmaları həkimlərə “yaxşı baxırlar”, maaş artımı ilə vəziyyətin düzələcəyini ağlım az kəsir…

Həkim əvvəlki həkimin

dediklərinə bir xeyli güldü

Şəxsən üzləşdiyim bir hadisəni də nəql etmək istəyirəm. İki-üç həftə idi ki, boğazım ağrıyırdı. Bu yaşıma qədər çox ağrılar görmüşdüm, amma beləsini yox. Udquna da bilmirdim. Adəti üzrə fikirləşdim ki, bir az gözləyim, yəqin ötüb keçər. Bir gün ötdü, üç gün ötdü, gördüm vəziyyətim ağırlaşacaq və burun-boğaz həkimi tapmaq qərarına gəldim. Dövlət xəstəxanalarının birində çalışan həkimi məsləhət gördülər və getdim yanına. Otaqda başqa tibb işçiləri də var idi. Həkim burun-boğazımı yoxladı və soyuqqanlılıqla dedi ki, əməliyyat olunmalısan. Dedim ay həkim, boğaz ağrısının buruna nə dəxli, dedi ki, burnunda çəpər əyriliyi var, rahat nəfəs ala bilmədiyin üçün narahatlıq boğazına da vurur, əməliyyat olunmalısan. Dedim xərci nə qədərdir? Dedi, 50 manat analiz, 500 manat da əməliyyat xərci. Hətta onu da qeyd elədi ki, pulu bəri başdan almayacaq, əməliyyatdan çıxıb razı qalandan sonra verəcəyəm. Ona bildirdim ki, imkanım yoxdur, indi əməliyyat oluna bilməyəcəyəm: – Mən bu dəqiqə boğaz ağrısından ölürəm. Bu vəziyyətdən necə çıxım? Çəpər əyriliyi ilə boğaz bu günə düşərmi? Düşərsə, heç olmasa, vəziyyətdən çıxmağım üçün müalicə yazın. Cəmi bir dərman (sprey) yazdı. “Vizitka”sını uzatdı və dedi ki, əməliyyat olunmasam, düzələsi deyil. Kor-peşman onun qəbulundan çıxıb, birbaşa işə gəldim. Tanışların da məsləhəti ilə bir neçə gün sonra başqa bir həkimə getdim. Həmin həkim əvvəlki həkimin dediklərinə bir xeyli güldü və boğazımın müalicəsi üçün mənə 2 dərman yazdı. İndi, nə boğaz ağrısı var, nə də narahatlıq.

“Həkim işə gəldiyinə görə deyil, göstərdiyi xidmətin keyfiyyətinə görə maaş alacaq”

Bu məsələdə ən böyük ümidlər icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır. Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov bir müddət öncə jurnalistlərə açıqlamasında deyib ki, icbari tibbi sığortaya keçidlə səhiyyə sisteminin maliyyələşməsi mexanizmi köklü surətdə dəyişəcək: “Bu isə o qədər də asan bir iş deyil. Tibbi heyətin hazırlanması və digər işlər görülməlidir. Bu istiqamətdə hazırlıq işləri aparılır. İcbari tibbi sığorta səhiyyənin maliyyələşməsində, həkim-xəstə münasibətlərində bütövlüklə yeni münasibətlərin yaradılmasını nəzərdə tutur. Düşünürəm ki, icbari tibbi sığortanın tətbiq olunması ilə bəzi mənfi hallar köklü surətdə aradan qaldırılacaq”.

Baş Nazirin müavini Əli Əhmədov onu da qeyd edib ki, hazırkı şəraitdə dövlət tibb müəssisələri büdcədən maliyyələşir və bunun müqabilində pasiyentlərə bütün zəruri tibb xidmətləri göstərilməlidir: “Həkim və tibb personalı tibbi xidmət göstərdi, ya göstərmədi, yaxşı və ya pis xidmət göstərdi, fərq etmir, əməkhaqqını alır. Eləcə də tibb müəssisəsi. Müraciətlər olur, ya yox, fərq etməz, bütün zəruri xərclər, o cümlədən personalın əməkhaqqı ödənilir. Bunun sayəsində istər səhiyyə müəssisəsi olsun, istər həkim, ona müraciət edən vətəndaşa göstərdiyi xidməti onun boynuna, yumşaq şəkildə desək, bir “minnət” kimi qoyur. İcbari tibbi sığorta sistemi hər şeydən əvvəl, səhiyyədə müşahidə edilən bir çox problemlərin səbəbi kimi çıxış edən bu münasibəti dəyişdirmək məqsədi daşıyır. İcbari tibbi sığorta sistemində nə tibb müəssisəsi, nə də tibb personalı ona müraciət edən vətəndaşın boynuna minnət qoya biləcək. İstər tibb müəssisəsi olsun, istərsə də həkim, dərk etməli olacaq ki, aldığı vəsait və ya məvacib göstərdiyi xidmətə görə vətəndaşın və ya onun əvəzinə dövlətin artıq konkret olaraq – buna diqqət vermək lazımdır – tibb müəssisəsinə ödəmələrindən asılıdır. Paralel olaraq, rollar da dəyişəcək: indi vətəndaş ödədiyi (və ya dövlətin konkret onun üçün ödədiyi) haqqın müqabilində ona keyfiyyətli xidmət göstərilməsini tələb edə biləcək. Bir yandan dövlətin ayırdığı vəsait daha səmərəli istifadə olunacaq, digər yandan isə neqativ hallar aradan qalxacaq. Həkim, sadəcə, işlədiyinə, işə gəldiyinə görə deyil, göstərdiyi xidmətə və onun keyfiyyətinə görə maaş alacaq”. Bütün hallarda cəmiyyətdə icbari tibbi sığortanın tətbiqi ilə səhiyyə sahəsində günümüzdə yaşadığımız bir çox problemlərin həllini tapacağına ümid var. Azərbaycanın regionlarında və mərkəzi şəhərlərdə hər il çoxlu sayda müasir standartlara cavab verən tibb müəssisələri tikilib istifadəyə verilir. Səhiyyə sahəsində bundan sonra da böyük işlərin görüləcəyi şübhə doğurmur. İcbari tibbi sığortanın tətbiqi də bu işlərin tərkib hissəsidir.

Çalışdığı tibb müəssisəsini, az qala, özünün şəxsi əmlakı gözündə görmək qədər insafsızlıq yoxdur. Belələri yəqin ki, pulun olmasa, səni nə əməliyyat edər, nə də bir çarə axtarar. Halbuki Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bununla bağlı xüsusi bir maddə var.

Məcəllənin 142-ci maddəsinin (xəstəyə kömək göstərməmə) 1-ci bəndində deyilir: “Qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzrlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi nəticəsində onun sağlamlığına az ağır zərər vurma – üç yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Həmin maddənin ikinci bəndində isə: “Eyni əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”,-deyə bildirilir.

Maddənin üçüncü bəndinə görə, eyni əməllər zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Yazımın başlığını bu maddəni nəzərə alıb bu cür qoydum…

NİCAT İNTİQAM