Güzgü

Müəllim şama bənzər, yanaraq başqalarına işıq verər…  Mustafa Kamal Atatürk
 Yazımı başladığım bu əhvalat Özəl Quba Türk Liseyinin “domiklərdə” fəaliyyət göstərdiyi ilk illərdə baş verib. Bir neçə gün dayanmadan yağan qardan sonra çıxan parlaq günəş, şaxtalı, təmiz hava darısqal domiklərdə oxuyan şagirdləri yaxşıca coşdurmuşdu. Tənəffüs olan kimi hamı o qədər də geniş olmayan həyətə qaçır, bir-biri ilə qartopu oynayır, deyib-gülürdülər. Növbəti tənəffüsdə şagirdlər yenə şənlənirdilər. Elnur yaxşı bir qartopu hazırlayıb onu eyni “silahla” vurmuş sinif yoldaşının payını vermək üçün fürsət axtarırdı. Birdən yoldaşını yaxında, sinif otaqlarından birinin qarşısında dayandığını gördü. Fürsəti qaçırmaq olmazdı. Nişan alıb atdı. Bu an domikin qapısı açıldı və qartopu əli hələ qapının dəstəyində, ayağını təzəcə bayıra atmaqda olan müəllimin – bu yazının müəllifinin gözünə dəydi. Bayaqdan ətrafa yayılıb əks-səda doğuran səs-küy kəsildi. Bir an gözlərim heç nə görmədi. Yalnız kimlərinsə dedikləri: “Elnur, neynədin əə? Sənin işin bitdi!”, – kimi nidaları eşidə bildim. Gözümə dolmuş qarı təmizləyib baxdım. Bir neçə addım aralıda dərs dediyim şagirdlərdən Elnuru gördüm. Onlarla şagird həyəcanla müəllimin nə edəcəyini, Elnura hansı cəzanı verəcəyini gözləyirdi. O an içimdə hələ heç kəsə bildirmədiyim bir sirr dilə gəldi: “Mən müəllimlərimin acığına müəllim olmuşam!”

Heç nə olmamış kimi, gülümsəyərək, eynəklərin arxasından qorxu dolu gözlərini mənə zilləmiş Elnura tərəf addımladım. Qeyri-ixtiyari olaraq “Uzaq sahillərdə” filmindən yadımda qalmış “Sərrast atırsan, mənim oğlum!” – cümləsini ucadan deyib, əlimi uzatdım. Elnur da özünə gəlib, utana-utana buz kimi soyuq əlini qoydu əlimin içinə. Mən bu üşüyən əli möhkəmcə sıxıb silkələdikcə həyətdəki şagirdlər bayaqdan bəri gözlədiklərinin tam əksini gördükləri üçün alqışlayaraq bir ağızdan: “Rahib müəllim! Rahib müəllim!” – deyərək bir müddət sevinclərini davam etdirdilər…

Bu epizodu müəllim kimi özüm haqqında təəssürat yaratmaq, öyünmək məqsədi ilə yazmadım. Allah şahidimdir ki, bu haqda heç düşünməmişəm də. Məqsədim son zamanlar ölkəmizdə müəllimlər və şagirdlər arasında yaşanan və ictimaiyyətdə müəllim barəsində arzuolunmaz təəssüratlar yaradan hadisələrə münasibət bildirmək, ağsaqqal müəllim kimi bu sənəti seçən gənclərə qabiliyyətimiz çərçivəsində məsləhət verməkdir.

Əvvəlcə, yuxarıda qeyd etdiyim “Mən müəllimlərimin acığına müəllim olmuşam!” fikrinə bir aydınlıq gətirim. Biz altmışıncı illərdə təhsil almağa başlamışıq. O zaman müəllimin çox böyük nüfuzu vardı. Bəzi müəllimlər bu vəziyyətdən sui-istifadə edir, ən kiçik nöqsanlara görə şagirdlərə pedaqogikada qadağan olunan cəzaları asanlıqla tətbiq edirdilər. Bu haqda acı xatirələrim çoxdur. Onu da qeyd edim ki, mən birinci sinifdən əlaçı olmuşam, o cəzaların, demək olar ki, heç birinin dadını görməmişəm. Mən daha çox sinif yoldaşlarımın halına yanırdım. Bir “3” üçün şagirdlərini qapısında işlədən müəllimlərimiz də vardı. Yaşı xeyli irəliləmiş Ələddin kişi deyir: – Mən və sinif yoldaşım İsmayıl tarix fənnindən “2” almışdıq. Tarix müəllimimiz bizi çağırıb dedi ki, “3” almaq istəyirsinizsə, sabah gedib qonşu Qusar rayonundan iki kisə un gətirərsiniz bizə. Razılaşdıq. Pulunu da verib səhərki işimizdə bizə uğurlar dilədi müəllim.

Səhər kirşəni götürüb İsmayılla Qusara yollandıq. Qalın qar vardı. Güclə yeriyirdik. İki kisə unu kirşəyə qoyub tələsmədən kəndə qayıtdıq. Artıq tarixdən kəsilməyəcəyimizə arxayın idik. Uşaqlıq da bir növ xəstəlik kimi şeydir. Çaya çatmağa az qalmış kirşəni yoxuşdan buraxdıq ki, bir az gedib dayanar. Kirşə, sən demə, bizimlə zarafat edəcəkmiş. Nəzərdə tutduğumuz yerdə dayanmadan getdi girdi çayın içinə və aşdı. Yorğun olmağımıza baxmayaraq, var gücümüzlə qaçıb, un kisələrini islanmaqdan xilas etməyə çalışdıq. Ançaq iş işdən keçmişdi. Kisələrdən birinin bir hissəsi yaxşıca islanmışdı. Kirşəni sudan çıxarıb yola qoya bilsək də, bu çıxılmaz vəziyyətdən bir çıxış yolu tapa bilmədik…

Biz həyətə girəndə müəllim xarakterinə uyğun ağırlıqla odun doğrayırdı. Qorxudan, həyəcandan elə pörtmüşdük ki, elə bil indicə buxar hamamından çıxmışdıq. Müəllim tapşırığını layiqincə yerinə yetirdimizə görə bir az gülümsədi və həyat yoldaşına: – Ə, kişinin qızı, uşaqlara çay hazırla, – dedi.

Biz islanmış kisənin üstünə bir az qar tökmüşdük ki, bilinməsin. Müəllim ürəyimizi oxuyubmuş kimi, kisələri götürəndə yaxınlaşıb onları yoxladı. Kisənin vəziyyətini görüb, əlinə bir odun parçası götürüb yenə yoldaşına səsləndi: – Ə, kişinin qızı, darvazını bağla!

Qorxu pis şeydir. Həyətdən necə qaçıb qurtulduq, bu gün də bilmirəm. Düz bir ay dərsə getmədik…

Köhnəlməyən bir pedaqoji hikmət vardır: “Uşaq ailənin güzgüsüdür”. Bu deyim bəzən “Tərbiyə hər şeydir” ifadəsi ilə qarışdırılır. Tərbiyə hər şey deyil. O, hər şey olsaydı, dünyada problem qalmazdı, pedaqogika yarandığı gündən daha kamil üsul və vasitələr aramazdı, hərəyə bir resept yazmaqla qənaətlənərdi. Digər tərəfdən, “uşaq ailənin güzgüsüdür” fikri də nisbidir. Bu və ya digər səbəbdən ailə tərbiyəsindən məhrum olmasına baxmayaraq, kamil insan kimi yetişən, cəmiyyətin nümunəsi olan o qədər insanlar var ki. Lakin insanın yetişməsində ailənin rolunun daha çox əhəmiyyət daşıdığını da danmaq olmaz. Başqa sözlə desək, tərbiyə prosesdir, ona təsir edən amillər daha çoxdur. Müəllim özü də güzgüdür. Bu güzgüyə daha çox şagirdlər baxır. Özü də təmizliyə çox həssas bir güzgüdür. O, ləkə sevməz. Niyə, bilirsinizmi? Adi güzgünün ləkəsini silib təmizləmək olduğu halda, “müəllim” adlı güzgünü heç bir vasitə ilə təmizləmək olmur. Bu güzgünün təmiz qalmasının yeganə yolu onu ləkələnməkdən qorumaqdır.

Maşınının üstünə tüpürdüyündən şübhələnib şagirdə ağır cəza vermək müəllim şəxsiyyətinə yaraşmır. Cəza yerinə ona fərdi yanaşıb belə hərəkəti onun kimi gözəl bir oğlandan heç gözləmədiyini, Allahın gül ləçəkləri kimi yaratdığı dodaqları, dili, ağızı gözəl sözlər deyə bilmək, nemətlərindən yeyib ləzzət almaq, şükür etmək üçün verdiyini izah etsəydi, şagirdi utandıra və gələcək hərəkətlərdən çəkindirə bilərdi. Amerikalı yazar Filip Gordon Vili yazırdı: “İnsan həyatındakı bir yaxşı müəllim bəzən ən problemli şagirdi belə etibarlı vətəndaşa çevirə bilir”.

Müəllimin biliyi nə qədər əhəmiyyət daşıyırsa, səbri, təmkini də o qədər vacibdir. Dövrümüzdə, qlobal mənada, əsl müəllim olmaq, bu sənətlə yaşayıb qocalmaq son dərəcə çətindir – əsl müəllim olmaq hər oğulun, hər qızın işi deyil. Bir nəğmədə deyildiyi kimi:

Qərənfil abı gərək,

Yar yarın babı gərək.

Zərrəcə eşq olanın,

Dərya qədər tabı gərək.

Allah – Təala müəllim – şəxsiyyətin memarı olmaq kimi müqəddəs, şərəfli və məsuliyyətli missiyanı həyat yolu seçənlərə dünya boyda geniş ürək, dərya qədər səbir və təmkin nəsib eləsin! Amin!

Rahib Alpanlı