Gürcüstan vətəndaş müharibəsinə sürüklənir

477
Son günlər beynəlxalq aləmin diqqəti yenidən Gürcüstana yönəlib. 
Buna da səbəb Gürcüstan hökumətində bir-birinin ardınca baş verən istefalardır. Bu müstəvidə də son bir neçə gündə Gürcüstanın xarici işlər naziri Maya Pançikidzenin, həmçinin Avropa və Avroatlantika məkanı ilə inteqrasiya üzrə dövlət naziri Aleksi Petriaşvilinin müdafiə naziri İrakli Alasaniyanın vəzifəsindən çıxarılması ilə bağlı onunla həmrəylik nümayiş etdirmələri və tutduqları vəzifələrdən istefa vermələridir. Bunun ardınca isə Azad Demokratlar Partiyası ölkəni idarə edən “Gürcü arzusu” ilə koalisiyadan çıxdığını bəyan edib. Amma bu da son olmayıb. Gürcüstanın xarici ölkələrdəki bir çox səfirləri də istefa edənlərlə həmərəylik  nümayiş etdirərək istefa verdiklərini bəyan ediblər. Bu arada isə Gürcüstanın NATO-dakı səfiri İrakli Alasaniyanın lider olduğu “Bizim Gürcüstan-Azad demokratlar” partiyasının liderlərindən biri olan Viktor Dolidzenin qardaşı Levan Dolidze istefa verib. O, istefasının səbəbini hökumətin yeritdiyi siyasətlə razılaşmaması ilə izah edib. Bu isə faktiki olaraq  son seçkilərdən sonra ölkəni yeni siyasi böhran qarşısında qoyub.

 

Ölkə pərdə arxasından

idarə olunur?

Gürcüstanda vəziyyətin gərginliyin artması istiqamətində inkişaf etməkdə olmasını Azad Demokratlar Partiyasının ardınca Respublikaçılar Partiyasının da “Gürcü arzusu” ilə koalisiyadan çıxması da sübut etməkdədir. Bu isə faktiki olaraq koalisiyanın dağılması təhlükəsini əmələ gətirib. Prezident Georgi Marqvelaşvili  də mətbuata verdiyi açıqlamada Gürcüstanın siyasi böhranla üzləşdiyini və bunun ölkəyə yaxşı heç nə vəd etmədiyini bəyan edib. Georgi Marqvelaşvili son hadisələrdə ölkəni pərdə arxasından idarə etmək istəyənləri günahlandırıb . O: “Gürcüstanın  pərdə arxasından idarə edilməsinə son qoyulmalıdır. Siyasi qarşıdurmalar ölkənin Avroatlantika ilə inteqrasiyası yolunda ciddi əngələ çevrilə, ölkənin təhlükəsizliyinin və suverenliyinin qarantı olan ordunun müdafiə qabiliyyətini zəiflədə bilər”, – deyib.

Bununla da Prezident açıq şəkildə “Gürcü arzusu”nun qurucusu, milyarder Bidzina İvanişvilini hədəf alıb. İş orasındadır ki, Rusiyanın adamı hesab edilən İvanişvili rəsmi vəzifə tutmasa da, faktiki olaraq “Gürcü arzusu” vasitəsi ilə pərdə arxasından ölkəni idarə etməkdədir. Gürcüstanın siyasi böhrana sürüklənməkdə olduğunu müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının aparıcı simalarından biri, parlamentin üzvü David Darçiaşvilinin verdiyi açıqlamalar da sübut etməkdədir. Ölkədə baş verən son hadisələrdə İvanişvilinin günahkar olduğunu açıq şəkildə bəyan edən Darçiaşvili: “Bu gün Gürcüstanı faktiki olaraq rusiyalı oliqarx İvanişvili idarə edir”,- deyib.

Xatırladaq ki, Azad Demokratlar Partiyası və Respublikaçılar Partiyası 150 yerlik parlamentdə 22 yerə malikdirlər.

İstefalar davam edəcəyi təqdirdə isə “Gürcü arzusu” faktiki olaraq parlamentdə azlıqda qalmalı olacaq və yeni hökuməti təşkil edə bilməyəcək. Bununla belə, koalisiyanın “Gürcü arzusu”ndan olan üzvlərı qarşı tərəfdə baş verənlərdə Alasaniya və onunla həmrəylik nümayiş etdirən nazirləri günahlandırır.

Məsələn, Gürcüstanın Baş Naziri İrakli Qaribaşvili hökumətin iclasında istefa verən nazirlər Maya Pancikidze və Aleksi Petriaşvilini dövlətə və gürcü xalqına xəyanət etməkdə günahlandırıb. Onun sözlərinə görə, Alasaniya ilə həmrəy olmaq onun cinayətlərinə ortaq olmaq anlamına gəlir. Qaribaşvili  “Gürcü arzusu”nun son iclasında Bidzina İvanişvilinin də iştirak etdiyini gizlətməyib. Onun sözlərinə görə, İvanişvili Alasaniyanın müdafiə naziri vəzifəsindən azad edilməsinin məqsədəuyğun olacağını deyib. Baş nazirin bu açıqlaması isə ölkənin pərdə arxasında İvanişvili tərəfindən idarə olunduğunu irəli sürülən ittihamların əsassız olmadığını bir daha sübut etməkdədir.

Qərb və Rusiya

tərəfdarları üz-üzə

Gürcüstanda baş verən son hadisələri sırf ölkədaxili güclərin mübarizəsi kimi qələmə vermək əslində səhv olardı. İş orasındadır ki, vəzifəsindən çıxarılan müdafiə naziri Alasaniya NATO və Avropa ilə inteqrasiyanın qızğın tərəfdarlarından biri hesab edilir. Məhz onun  müdafiə naziri vəzifəsində NATO ilə Gürcüstanın daha da yaxınlaşmasına yönələn addımlar atması bunun əleyhinə olan Rusiya tərəfdarlarını ciddi şəkildə narahat edirdi. Bu müstəvdə də  Alasaniyanın vəzifəsindən götürülməsi və onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə göstərişin İvanişvilidən gəldiyini Qaribaşvilinin son açıqlamalarından anlamaq olar. Təsadüfi deyil ki, Alasaniya məhz Fransa və Almaniyaya səfərə çıxmağa hazırlaşdığı ərəfədə vəzifəsindən çıxarıldı. Bundan əvvəl isə Alasaniyanın Fransa və Almaniyaya səfərlərinə mane olmaq üçün hərbiçilərin yeməkdən kütləvi şəkildə zəhərlənməsi halları baş verdi. Bundan az sonra hərbçilər arasında zəhərlənmə halları yenidən təkrarlandı. Bu dəfə isə hökumət təcili şəkildə komissiya yaradaraq müdafiə nazirliyinin ərzaq şöbəsini yoxlamağa başladı. Bununla da Alasaniyanın Avropaya səfərinə mane ola bilməyəcəklərini anlayan iqtidarda olanlar onun vəzifədən götürülməsi və haqqında cinayət işi başladılması barədə qərar qəbul etdilər. Alasaniyanın bu yolla səfərinə hökumət mane oldu.

Hökumətin Alasaniyanın  Avropaya səfərindən narahat olması da səbəbsiz deyil. Belə ki, Alasaniya bu səfəri çərçivəsində Almaniya və Fransa rəhbərləri ilə keçirəcəyi görüşlərdə Gürcüstanın NATO-ya üzv olması və gürcü ordusunun  NATO-nun da arsenalında olan müasir hava hücumlarından müdafiə sistemləri ilə təchiz edilməsi məsələsini müzakirə edəcəkdi. Aydın məsələdir ki, Rusiyayönlü milyarder İvanişvili  və onun tərəfdarları Alasaniya tərəfindən Gürcüstanın NATO-ya üzv olmasına yönələn addımların atılmasına imkan verə bilməzdilər. Gürcüstan iqtidarı daxilində rusiyameyilli və qərbyönümlü qüvvələrin mübarizəsi isə əslində koalisiyalı hökumət qurulduğu ilk günlərdən  gedirdi. Yeri gəlmişkən onu da deyək ki, ötən həftə Gürcüstanla Rusiya arasında hava uçuşlarının bərpa edilməsi Rusiyameyilli qüvvələrin qələbəsi kimi dəyərləndirilə bilər. Alasaniyanın vəzifədən götürülməsi də rusiyameyilli güclərin NATO və Avropa ilə inteqrasiya tərəfdarlarının üzərinə açıq hücuma keçdiyini göstərir. Bəzi ekspertlərin fikrincə, Rusiya bu yolla Gürcüstanda Yanukoviç (Ukrayna) variantını sınaqdan çıxarmaq niyyətinə düşüb.

 

Koalisiya dağılır

Son hadisələr göstərir ki, Gürcüstanda Qərblə və NATO ilə inteqrasiya tərəfdarlarının sayı kifayət qədərdir. Bu çərçivədə də Azad Demokratlar Partiyasının və Respublikaçılar Partiyasının “Gürcü arzusu” ilə olan koalisiyasını tərk etmələri hazırda ölkəni idarəedənlərə vurulan ağır zərbə olub. Çünki bu faktiki olaraq “Gürcü arzusu” çoxluq təşkil etdiyi koalisiyasının dağılması anlamına gəlir. Koalisiya parçalanacağı təqdirdə Gürcüstanda növbədənkənar parlament seçkilərinin keçirilməsı məsələsi gündəmə gələcək. Bu seçilərdə isə qalib tərəfin kim olacağını öncədən söyləmək çox çətindir.

Gürcüstanda baş verən son hadisələr həm Rusiyada, həm də Qərbdə diqqətlə izlənilməkdədir. Məsələyə münasibət bildirən ABŞ rəsmi şəkildə ölkədə baş verənlərdən narahat olduğunu bildirib. Rusiya isə Gürcüstanda baş verənləri diqqətlə izlədiklərini bəyan edib.

 

Saakaşvili sərt üzünü göstərir

Gürcüstanda baş verən son hadisələr eks-prezident Mixail Saakaşvilinin də xüsusi diqqət mərkəzindədir. Bununla bağlı Gürcüstandakı son hadisələrə toxunan eks-prezident Saakaşvili iqtiadarda olanların ölkənin Qərblə, o cümlədən NATO ilə inteqrasiyasına mane ola bilməyəcəyini söyləyib. Saakaşvili məsələ ilə bağlı Qərb mətbuatına verdiyi açıqlamasında: “İvanişvili devriləcək. Bizim məqsədimiz Rusiyanın daxili çəkişmələrdən istifadə edərək Gürücstanın müstəqilliyinə son qoyma cəhdinin qarşısını almaqdır. Biz Rusiyanın Ukraynada oynadıqlarını Gürcüstanda da oynamasına imkan verməyəcəyik”,-deyib.

Beləliklə, Gürcüstan yenidən Rusiya ilə Qərb arasında növbəti çəkişmə meydanına çevrilə bilər. Bunun  qarşısının alınması isə ilk növbədə Gürcüstandaki siyasi partiyaların öz aralarında ortaq məxrəcə gələ bilmələrindən asılı olacaq.