Gürcüstan Ermənistana qəti etiraz edib

549
Mayın 4-də Ermənistanın Gürcüstandakı səfiri Yuri Vardanyan Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.
 Səfir xarici işlər nazirinin müavini Gigi Giqiadze ilə görüşüb. Görüş zamanı Gürcüstan tərəfi Ermənistan parlamentinin sədri Qalust Saakyanın Gürcüstanın işğal olunmuş Sxinvali bölgəsinin (Cənubi Osetiya) “parlament sədri” Anatoli Bibilovla görüşməsi faktından ciddi narahatlığını ifadə edib. Belə ki, Q. Saakyan və A. Bibilov Azərbaycanın işğal olunmuş ərazisi – Dağlıq Qarabağda görüş keçiriblər və “ikitərəfli əməkdaşlığın inkişafına dair aktual məsələləri” müzakirə ediblər. G. Giqiadze bildirib ki, bu fakt Gürcüstanla Ermənistan arasında ənənəvi dostluğa və ikitərəfli münasibətlərə ziyan vurur. Nazir müavini görüşün qeyri-formal xarakter daşıdığı barədə yayılan xəbərdən də təəccübləndiyini söyləyərək qeyd edib ki, gürcü tərəfi üçün dost ölkənin işğalçı rejimin nümayəndələri ilə istənilən xarakterli kommunikasiyası tamamilə qəbuledilməzdir. Ermənistan səfiri baş verənlərdən təəssüflənərək, Gürcüstan tərəfinin mövqeyini ləngimədən Ermənistan rəhbərliyinə çatdıracağını vurğulayıb.

Hadisə ilə əlaqədar Gürcüstanın Baş Naziri İrakli Qaribaşvili ilə Ermənistanın baş naziri Ovik Abramyan arasında telefon danışığı da olub. O. Abramyan A. Bibilovun qeyri-iş günü Dağlıq Qarabağa şəxsi səfər etdiyini və Q. Saakyanla şəxsi görüş keçirdiyini iddia edib.