Günün sualı

0
594

Bu yaxınlarda Bakı-Quba yolundakı dəhşətli mikroavtobus qəzasından söz açan rəsmilərimiz dedilər ki, bəs sərnişinlərlə dolu mikroavtobus yolun kənarında quraşdırılan dəmir arakəsmələrə çırpılıb. Nəticədə avtomobili deşib keçən dəmir arakəsmə sərnişinlərə ciddi xəsarət yetirib. Hadisə nəticəsində ölənlərin sayının çox olmasına səbəb də elə həmin dəmir arakəsmələr olub.

Odur ki, bu sonuncu hadisədən sonra bizim başbilənlərimiz arakəsmələrin həyat üçün daha təhlükəli olmasını, hətta dünya praktikasında yollarda onlardan istifadənin qəbuledilməzliyini gündəmə gətirdilər. Və başladılar həmin dəmir arakəsmələri həvəslə sökməyə. Deyəcəksiniz ki, həvəs hara, sökmək hara? Heç hənanın yeridir? Bəli, mən dünən həmin yoldan keçərkən oradakı boynu qalstukluların bu sökhasökdən necə həzz aldıqlarının şahidi oldum. Onların niyə sevindiklərinə də əlahiddə bir aydınlıq gətirməyə, məncə, əsla ehtiyac yoxdur. Çünki məhz belə sökhasöklərdən onların qaz vurub qazan doldurduqlarını hər kəs məndən yaxşı bilir.

Nə isə, camaat, hazırda təmir işləri aparılan Bakı-Quba yolunda dəmir arakəsmələr yığışdırılır. Onların əvəzinə beton arakəsmələr quraşıdırılır. Sən demə, beton arakəsmələrdə təkəri geri qaytaran hissə var və avtomobil hər hansı bir qəza hadisəsi törətdikdə ona çırpılarsa, daha az xəsarətlərlə xilas olmaq olar. Mən bu sahənin mütəxəssisi deyiləm, odur ki, bu məsələ ətrafında çox dayanmaq istəmirəm. Amma bir şeyi xatırlatmaq istəyirəm ki, 2-3 il öncə həmin yola elə dəmir arakəsmələr quraşdırılanda da bizim yollar üzrə başbilənlərimizin söz deyənləri buna bənzər şairanə ifadələr işlətmişdilər. Amma onlara bir sual ünvanlamasam, bağrım çatlayar: bəs elə isə bunu bilə-bilə niyə həmin yola dəmir arakəsmələr quraşdırmışdınız? Buna da, məncə, xüsusi bir aydınlıq gətirməyə, məncə, əsla ehtiyac yoxdur. Çünki bunun pul mənimsəmənin ən klassik yolu olduğunu hər kəs məndən yaxşı bilir.

Yenə nə isə ilə yazımızı davam etdirək. Ay yolumuzun başbilənləri, doğrudanmı həmin yoldakı qəzaların əsas səbəbkarı həmin arakəsmələrdir? Daha bu qədər yox da… Bu yerdə klassik bir lətifə yadıma düşdü. Onu nəql edim, sonra Allah kərimdir. Hə, deyilənlərə görə, bir gün Molla Nəsrəddinin evinə oğru girir və evdəki əşyaları götürüb aradan çıxır. Bu hadisədən xəbər tutan qonum-qonşu yığışıb gəlir Molla Nəsrəddingilə. Onlar Mollanı məzəmmət edirlər ki, bəs niyə ehtiyatlı olmayıb: niyə qapını arxadan möhkəm bağlamayıb, niyə ölü kimi yatıb və sairə. Molla da onlara cavabında deyir ki, bəs sizin sözlərinizdən belə məlum olur ki, bu oğurluqa oğru köpək uşağının heç bir günahı olmayıb? Bununla nə demək istəyirəm? Yəni sürücülərdə heç bir günah yoxdur? Odur ki, ərz edirəm: büdcədən filan qədər pul xərclənərək quraşdırılmış dəmir arakəsmələri deyil, rul arxasına keçən məsuliyyətsizləri, eləcə də onlardan rüvşət alıb “prava” verənləri, sözün həqiqi mənasında söküb-dağıtmaq lazımdır. Mən bununla kimlərə isə böhtan atmıram. İndi hamı bu alverdən danışır. Hə, yeri gəlmişkən, bir neçə gün öncə hansısa televiziya kanalında sürücülük vəsiqəsini imtahan verərək aldığını bildirən bir nəfər ona göstərilən 6 yol nişanından çətinliklə də olsa birini tanıya bildi. Ən pisi odur ki, həmin şəxs “qırmızı üçbucaq” – “Yol ver” nişanını da tanımadı. Buna nə deyəsən?

Bu mənada dəmir arakəsmələri sökmək heç bir məntiqə sığmır. Yenə deyirəm, onlardan rüvşət alıb “prava” verənləri, sözün həqiqi mənasında söküb-dağıtmaq lazımdır. Bağışlayın, deyəsən, bir qədər tünd alındı. Amma nə etməli, bu da mənim üslubumdur. Hə, həmin arakəsmə əvəzləməsindən sonra sonra belə bir sual məni narahat edir: görəsən sabah hansısa bir avtobus yaşayış binasına çırpılanda binanı da sökmək məsələsi gündəmə gələcəkmi? Allah, özün saxla bizi başbilərimizdən…

Qvami Məheəbbətoglu