Günümüzün “Poçt qutusu”

547

Yəqin xəbəriniz var: bu günlərdə “Bakubus” MMC-nin 5 nömrəli xətti ilə hərəkət edən avtobusda baş verən hadisəni deyirəm.

Xəbəriniz yoxdursa, həmin olayın ucundan-bucağından bir neçə kəlmə ərz edim. Deməli belə: “Bir qadın Şeyx Şamil küçəsindəki işıqforda dayanmış bu avtobusa minməyə cəhd edib, amma sürücü qapıları açmayıb. Bu “etinasızlıqdan” hirslənən sərnişinlərdən biri sürücüdən qapıları açmasını tələb edib. Tələbinin reallaşdırılmadığını görən sərnişin sürücünün üstünə cumub. Sürücünün yanında olan bir həmkarı mübahisənin qəzaya yol aça biləcəyindən ehtiyat edərək sərnişinə şirkət tərəfindən qoyulan qaydaları izah etməyə çalışıb. Bu izahatı həzm edə bilməyən sərnişin onu döyməyə başlayıb. Avtobusda mülki geyimdə olan polis əməkdaşı hadisəyə müdaxilə etmək məcburiyyətində qalıb. Nəticədə sərnişin polis bölməsinə aparılıb, sürücünün həmkarı isə xəstəxanaya çatdırılıb…

Bu hadisə mənə Cəlil Məmmədquluzadənin ilk mətbu əsəri sayılan “Poçt qutusu” hekayəsini xatırlatdı. Yəqin bilirsiniz, həmin hekayədə nəql olunur ki, Xan (Vəlixan) “İtqapan” kəndindən olan Novruzəliyə deyir: “Qulaq as, gör nə deyirəm: nəçərnik divanxanasının qabağında bir yekə dam-daş var, qapısının ağzında bir qutu vurulub divara, haman qutu poçt qutusudu. O qutunun bir xırda və uzun qapağı var. Bu saat apar bu kağızı haman qutunun qapağını qovza, kağızı sal qutunun içinə, qapağını yatırt və tez qayıt gəl!” Sonra da ərz edir ki, “Novruzəli, bilməzsən kağızı verərsən özgəsinə ha!.. Heç kəsə vermə, heç kəsə göstərmə!” Novruzəli də deyir ki, “mən uşaq deyiləm ki, kağızı özgəsinə verəm. Məni o qədər xam bilmə. Heç nəçərnik də bu kağızı mənim əlimdən ala bilməz”. Amma Xan poct qutusunun yerinə yetirdiyi funksiya barəsində Novruzəliyə bir kəlmə belə söyləmir. Elə Novruzəli də bu məlumatsızlığın güdazına gedir. Nə isə… Gözünə döndüyüm Novruzəli kağızı poçt qutusuna saldıqdan sonra görür ki, bir nəfər, yəni dövlət məmuru (poçt xidmətçisi) qutunu açıb onun da saldığı məktubu götürüb getmək istəyir. Həmin şəxsi oğru zənn edən Novruzəli ondan məktubları yerinə qoymasını tələb edir. Lakin həmin şəxs onun dediklərinə məhəl qoymur. Bu zaman hirs vurur Novruzəlinin təpəsinə: ikiəlli yapışır həmin adamın çiynindən və onu üzü üstə yerə vurur. Elə bu əməlinə görə o, həbs olunur. Bu hadisəni eşidən Xan isə qəh-qəh çəkir.

Yox, mən avtobusda baş verən hadisəni eşidəndə əsla gülmədim, heç eynim də açılmadı. Sadəcə, fikrə (hərçənd Xan da sonradan fikrə gedir) getdim. Kim nə deyirsə desin, mənə elə gəlir ki, bu gün müxtəlif marşrutlar üzrə hərəkət edən “Bakubus” MMC-nin “İveco” markalı avtobusları (hazırda onlar 14 marşrut üzrə hərəkət edir) elə “poçt qutusu” mənziləsindədir. Yəni bu avtobuslar barədə əhaliyə kifayət qədər məlumat verilmir. Onlardan söhbət düşəndə isə ən çox: “BakuBus”da nağd ödəniş qəbul edilmir və bu nəqliyyat vasitələrində elektron ödənişli vahid kart – BakıKart (metroda istifadə olunan kart) tətbiq olunur” xəbərdarlığı edilir. Amma əksər hallarda vurğulanmır ki, bu avtobuslar yalnız xüsusi təyin olunan dayanacaqlarda dayanır. Hətta tıxaca düşdükdə belə qapıların açılmasına icazə verilmir. Nə qədər qəribə olsa da, qadağalar, həmçinin avtobusların hərəkət trayektoriyaları barədə onların salonlarında heç bir məlumat yoxdur. Elə bu səbəbdən sərnişinlər onları düşündürən suallarla əlaqədar sürücüyə müraciət etmək (belə hallarda sürücünün də diqqəti yayınır) məcburiyyətində qalırlar. Mənim fikrimcə, elə novruzəlilik də bu kimi səbəblərdən qaynaqlanır. Yəni bu avtobuslarda “Poçt qutusu” hekayəsindəki Novruzəlinin aqibətini yaşayanların bundan sonra da olacağı istisna deyil…

Amma insafən, onu da qeyd edək ki, həmin avtobusların bir çox üstünlükləri var. Məsələn, yaşlılar və əlillər üçün də yerlə təchiz olunmuş bu avtobusların pilləkənləri yoxdur, dayanacaqlar səsli anonslarla elan edilir, salonlarında 5, xaricində isə 3 təhlükəsizlik kamerası quraşdırılıb. Eyni zamanda avtobusda iqlim-nəzarət və havalandırma sistemi də mövcuddur. Avtobusların daha bir üstünlüyü isə onların sıxılmış təbii qazla işləməsidir. Bu da ekoloji baxımdan əhəmiyyətlidir.

Qvami Məhəbbətoğlu