“Günbəzli hamam” bərpa olunur

516

Quba rayonunun tarixi memarlıq abidələrindən olan “Günbəzli hamam” bərpa olunur. Layihə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondu (SMİQF) tərəfindən ABŞ-ın ölkəmizdəki səfirliyi tərəfindən həyata keçiriləcək. Bu məqsədlə Qubaya xanımı ilə birgə səfər edən Robert Sekuta sözügedən layihənin icrası ilə bağlı “Günbəzli hamam”la tanış olub. Tədbirdə çıxış edən Robert Sekuta ictimaiyyəti Azərbaycan dilində salamlayaraq, çıxışını ingilis dilində davam etdirərək bildirdi ki, bu layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və SMİQF tərəfindən birgə həyata keçirilir. Daha sonra səfir Sekuta çıxışını belə davam etdirdi: “Quba-alması, xalçaları, əl sənəti ilə, müxtəlif etnik xalqların mehriban yaşaması ilə, təbiəti ilə, o cümlədən tarixi-memarlıq abidələri ilə də tanınır. Quba həmçinin turizmi ilə də diqqəti cəlb edir və bu da yeni iş yerlərinin olması üçün mühümdür. Dünyada ən ucqar yaşayış məntəqəsi kimi tanınan Xınalıq kəndi UNESCO-nun Dünya İrsi Fonduna daxil edilib. Ümidvaram ki, bu layihə tezliklə başa çatacaq və turistlər üçün də maraqlı olacaq”. Daha sonra qonaqlar “Günbəzli hamam”ı gəzərək buranın tarixi, fəaliyyəti, memarlıq üslubu ilə tanış olublar.

Məlumat üçün bildirək ki, mərasimdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov, Quba Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Fuad Orucov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ABŞ bəşəriyyətin tarixi hadisələrinin və töhfələrinin bir xatirəsi olan mədəni irsi qorumaqla digər mədəniyyətlərə olan öz hörmət və ehtiramını ifadə edir. Layihənin 2017-ci ilin iyun ayında tamamlanması nəzərdə tutulur. İlkin mərhələdə maliyyə dəyəri 70 min dollar təşkil edir və növbəti gedişat və texniki detallarla bağlı səfirlik məlumat yayacaq.

Qeyd edək ki, bu hamam XVIII əsrin sonlarında qubalı sahibkar Mehrəli kişi tərəfindən tikilib. Böyük zal kişilər, kiçik zal qadınlar tərəfindən istifadə olunub. Memarlıq baxımından maraqlı olan bu hamamın girişi şimal tərəfdəndir. 6 otaq, 2 qapı, 6 pəncərədən ibarət, bişmiş qırmızı kərpicdən tikilən hamam Şərq memarlıq üslubu ilə tikilib. El arasında “Çuxur hamam”, “Günbəzli hamam”, “Bəkir hamamı”, “Məşədi Əlimərdan hamamı” kimi tanınıb, Quba şəhərinin mərkəzində Musabəyov küçəsi ilə Ərdəbil küçəsinin kəsişməsində yerləşir. Hamamın tarixi ilə bağlı məlumat verən Quba sakini Fərhad Ələkbərov bildirir ki, atası Məşədi Əlimərdan Ələkbərov 1911-ci ildən bu hamamı Bəkir kişidən alıb. 1937-ci ilə kimi hamam xüsusi olub. Öküz arabaları ilə hamama odun daşınıb. Hər gün 1 araba odun hamamın isidilməsinə sərf olunub. Hamamın döşəməsi istilik sistemi ilə döşənib.

Hamam 1985-ci ilə kimi təyinatına uyğun istifadə olunub. Kanalizasiya xətti tutulduğundan və suyun yaxınlıqdakı evlərin bünövrəsinə axması nəticəsində buranın fəaliyyəti dayandırılıb.

Sonuncu dəfə 1986-1987-ci illərdə hamamda təmir-bərpa işləri aparılıb. Onu da bildirək ki, hamamdan təyinatı üzrə istifadə edilməyəcək. Burada Quba rayonunun sənətkarlarının əl işlərinin sərgilənməsi nəzərdə tutulur.

Xatırladaq ki, yaxın keçmişdə Azərbaycanda səfərdə olan Amerikanın Smitson İnstitutunun Asiya və Avropanın Mədəni Tarixi Proqramının direktoru dr. Pol Teylor “Günbəzli hamam”ın qorunmasını vacib sayaraq, Quba şəhərinin də tarixi əhəmiyyətli olduğunu vurğulamışdı.

Amil Tağıyev, Quba