Günahkarlar günahkar axtarır…

467

Elə bir dövrdə yaşayırıq ki… Hamı nədənsə şikayət edir. Sosial şəbəkələrdə paylaşılan statusların, rəylərin 90 faizindən çoxunda şikayət var, etiraz var… Yağış yağır yollardan, tıxaclardan şikayət edirik, havalar soyuyur qazın təzyiqindən şikayət edirik… Ciddi-cəhdlə günahkar axtarışındayıq. Hesab edirik ki, baş verənlərdə bizim heç bir günahımız yoxdur. Təxminən 10-15 gün əvvəl yağan yağışlar nəticəsində Binəqədi şossesi sözün əsil mənasında gölə çevrilmişdi. Yağış suyunu günlərlə yoldan təmizləmək mümkün olmadı. Nəqliyyatın hərəkəti iflic olmuşdu. Hamı yaranmış vəziyyətə görə Binəqədi rayon İcra Hakimiyyətinin başçısını günahlandırırdı. Binəqədi rayon İcra Hakimiyyətinin başçısını qarşı yönələn tənqidlərdə, etirazlarda kifayət qədər doğru məqamlar var. Çünki həmin rayonun hakimi-mütləqi kimi baş verən bütün çatışmazlıqlara o cavabdeh olmalıdı. Ancaq gəlin görək, bu məsələdə təkcə başçını günahlandırmaq nə dərəcədə doğrudur? Bilənlər bilirlər ki, Binəqədi şossesi “Böyük Şor” gölünə yaxın ərazidən keçir. Kənar ərazilərdən axıdılan çirkab suları bu gölə və ətraf ərazilərə axıdılır. Həmin çirkab suları şəhərin kanalizasiya xətlərinə yönəldilmədən “Böyük Şor” gölünə və ətraf ərazilərə torpaq tökülərək qurudulub və üzərində evlər, obyektlər tikilib. İndi də şikayət edirlər ki, evimizi, obyektimizi su basıb. Gölün üzərində ev tikəndə, obyekt tikəndə bəyəm fikirləşmirdiniz ki, nəticəsi nə ola bilər? Heç kim iddia edə bilməz ki, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı onu həmin ərazidə ev, obyekt tikməyə məcbur edib.

İctimai nəqliyyatdan istifadə edən hər kəs bu xidmət növündən narazıdır. Milyonlarla sərnişinin içərisindən, bəlkə, bir, ya da iki nəfər marşrut avtobuslarındakı durumdan razı ola bilər. Bu, bir-iki nəfərin də mütləq özlərinə məxsus anormal səbəbləri olacaq. Yerdə qalan hər kəs narazıdır. Avtobuslardakı basabasdan, sürücülərin özbaşınalığından və s. Narazı olmaq üçün ən azı onlarla səbəb tapmaq olar. Hamı günahkar axtarır. Heç kim özündə günah görmür. Sizin də tez-tez şahid olduğunuz bir mənzərəni təsvir edim: Hər gün minlərlə sərnişin avtobus sürücüsünü məcbur edir ki, dayanacaqdan kənar saxlasın. Ya avtobusa minmək üçün, ya da avtobusdan enmək üçün. Fərqi yoxdur, hər iki halda qayda-qanunları ayaqlarının altına salıb tapdalayırlar. Sonra da başlayırlar sürücülərdən şikayətlənməyə. Amma heç kim fikirləşmək istəmir ki, bu qanunsuz hərəkətləri sürücü təkbaşına etmir, sərnişinlərlə birgə edir. Mövzu ictimai nəqliyyatdan düşmüşkən sizilərin də, mənimdə dəfələrlə şahidi olduğumuz başqa hadisəni təsvir edim: Sonuncu dayanacaqda arxa-arxaya iki-üç avtobus dayanıb və 2 dəqiqə interval ilə hərəkət edirlər. Birinci avtobus ağzına qədər dolandan sonra hərəkət etmək istəyir ki, bu zaman yaşlı bir qadın özünü tələsik içəri salır və oturanlardan ona yer vermələrini gözləyir. Vay o günə ki, ona yer verilməsin, avtobusdan düşənə qədər indiki cavanların tərbiyəsizliyindən danışacaq. Amma həmin qadın cəmi 2 dəqiqə gec hərəkət edən arxadakı boş avtobusa minsəydi, ən azından onun üçün problem olan məsələlərdən biri (cavanların tərbiyəsizliyi) həll olunardı. Amma belə etmirik. Sanki, kiminsə bizim əlimizdən tutub, “bu avtobusa minmə, o birisi boşdur, ona min”, – deyəcəyini gözləyirik.

Televiziyalardan, qəzetlərdən narazıyıq. Hətta avtobusa minməyən, bahalı avtomobillərdə gəzən pullu, vəzifəli adamlar da televiziyalardan narazıdır. Bu yaxınlarda “yuxarılarda” ciddi müzakirə gedirdi ki, bəs, bəzi televiziya verilişləri və seriallar xalqın əxlaqını pozur. Pozur, baxma! Əlində pult yoxdur? Yoxsa səni kimsə məcbur edir ki, mütləq bu kanala baxmalısan? Yox, əgər əlin “təsadüfən” toxunursa, onda həmin kanalı yerli-dibli pozmaq üçün müasir televiziyalarda kifayət qədər texniki imkanlar var.

Yaxud mənim də tanıdığım, sizin də tanıdığınız yüzlərlə tələbə var ki, dərslərini oxumur. Qiymət almaq üçün müəllimə rüşvət veririk, sonra da təhsil sistemindəki rüşvətdən bəhs edirik. Univesitet tələbəsinin yerinə onun dərslərini kim oxumalıdır? Rüşvət alan müəllimlər oxumalıdır? Narazı olduğumuz onlarla, yüzlərlə bu cür problemlər var ki, günahkarı özümüzük. Başqasında günah axtarmağa dəyməz…

Allahverdi Aydın