Günah kimdədir?

0
450

Bir neçə gündür maliyyə fırıldağı ittihamı ilə bir qrup iş adamının həbs olunması gündəmi zəbt edib. Onlar korrupsiyada, maliyyə fırıldaqlarında, dövlətə məxsus vəsaitləri mənimsəməkdə ittiham olunurlar. Həbs olunanlardan “Khazar İsland”ın rəhbəri Hacı İbrahim Nehrəmlinin, neft oliqarxı Nizami Piriyevin, Bayraq meydanının bir neçə gün əvvəl işdən qovulan rəhbəri Rəşad Məmmədovun və sabiq millət vəkili Dünyamin Xəlilovun adları açıqlanıb. Bu həbslərin davam edəcəyi söylənilir.
Sözün düzü, mənim maliyyə məsələlərindən o qədər da başım çıxmır ki, bu barədə nəsə yazıb, oxuculara anladım. Digər tərəfdən, baş verənləri heç özüm anlaya bilmirəm. Məsələnin əsl mahiyyətindən bixəbər olan camaat da öz imkanları daxilində bu olaylara elə don geyindirir ki, bilmirsən, kimin dediyinə inanasan.

Odur ki, dünən bütün bunlara aydınlıq gətirmək məqsədilə özümü verdim bir tanışımın yanına… Onun mənə söylədiklərindən belə başa düşdüm ki, bəzi iş adamları verilən kreditləri nəzərdə tutulan vaxtda geri qaytarmırlar, necə deyərlər, günü-günə satırlar, elə bil nəyi isə gözləyirlər. Çünki elə düşünürlər ki, aldıqları kreditlər nə vaxtsa onlara dədə hədiyyəsi kimi bağışlanacaq. Yəni bəlkə bizdən həmin kreditlərin qaytarılmasını tələb edən olmayacaq xülyası ilə yaşayırlar. Bu isə heç zaman baş verə bilməz.

Belə xəyallara qapılanlar başa düşmək istəmirlər ki, həmin kreditlərin vaxtında qaytarılmaması ölkə üçün yeni bir iqtisadi bəlaya təkan verə bilər. Hətta bir millət vəkilinin verdiyi məlumatlara görə, kredit borcları, haradasa, 1 milyardı ötüb. Hökumət bunun qarşısını almaq, ayrı-ayrı iş adamlarında qalan vəsaitlərin geri alınması üçün sərt tədbirlərə əl atmalıydı, ya yox? Atdı da. Burada qeyri-adi nə var ki? Kim dövlətin qanun-qaydasını pozubsa, cəzasını çəkməlidir də… Dövlətin əmlakı mənimsənilibsə, hər kəs başa düşməlidir ki, qanun var və o, məsuliyyətə cəlb oluna bilər. Bu vəzifə sahibidir, məmurdur, şirkət rəhbəridir fərq eləmir. Qanun qarşısında hamı eynidir. Buna başqa cür don geyindirmək istəyənlər, görəsən nə demək istəyirlər? Yəni demək istəyirəm ki, bəziləri nədənsə bu kimi məsələlərdən hökumət əleyhinə istifadə etmək üçün dəridən-qabıqdan çıxmağa çalışırlar.

Tanışım bu yerdə nəfəsini dərib, məni adi bir məsəllə başa salmağa çalışdı. Tanınmış rəssam Ağəli İbrahimovun ətdən hazırlanmış yeməkləri yemədiyini hamı yaxşı bilir. Odur ki, rəssam özünün seçdiyi bu yola başqalarını da cəlb etməyə çalışır. Onlara ət əvəzinə, göy-göyərti yeməyin orqanizm üçün xeyirli olduğunu söyləyir və bunun onları cavan saxlayacağını, ömürlərini uzadacağını deyirmiş. Bir gün o, xalçaçı-rəssam Hacı Eldar Mikayılzadə də öz məsləhətlərini verir. Hacı Eldar Mikayılzadəyə Ağəli müəllimi diqqətlə dinlədikdən sonra deyir:

– Ağəli müəllim, gəlin dediklərinizi reallıqla müqayisə edək. Ömrü boyu ət yeyib, 150 il yaşayan Mahmud Eyvazovu, Şirəli Müslümovu və bir çox başqalarını görmüşük. Sizin dediyiniz göy-göyərti qoyun-quzu yeməyidir. Siz mənə 50 il yaşayan bir qoyun göstərin, mən də dediyinizin həqiqət olduğuna inanım. Ot yeməklə cavan qalmaq mümkün olsaydı, onda gərək onlar 200 il yaşayaydılar.

Ağəli müəllim həmkarının bu cavabına bir söz deyə bilmir və düşüncələrə qərq olur.

İndi onun sözü olmasın, sən mənə de görüm, indiyədək dövlət əmlakını mənimsəyib, rahatca üstündən su içib azadlıqda gəzən varmı? Amma mən sizə hər işini qayda-qanun çərçivəsində görən və xürrəm yaşayan yüzlərlə iş adamı göstərə bilərəm. Nə yazıq ki, belə olaylar barədə əhaliyə anında müfəssəl məlumat verilmir. Elə bu səbəbdən bəzi mətbuat orqanlarının nümayəndələri başlayırlar şayiələri üfləyib şişirtməyə… Onların da ki şişirtməyinə söz olmaz.

Onun bu izahatından sonra fikirlərə qərq oldum: “Bəs niyə rəsmi qurumlar bu kimi həbslərlə, həmçinin şirkətlərin bağlanması ilə bağlı ictimaiyyətə ətraflı məlumatları vaxtında vermirlər? Əgər versələr, təbii ki, dürlü-dürlü şayiələr peyda olmaz.

QVAMİ MƏHƏBBƏTOĞLU

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here