“Gün ərzində suyun normadan az qəbulu böyrək xəstəliyinə səbəb ola bilər”

883
Tibbin inkişafına baxmayaraq, böyrək çatışmazlığı əhali arasında hələ də geniş yayılmış xəstəliklər sırasındadır.
 Statiskaya görə, dünya əhalisi arasında xroniki böyrək çatışmazlığı (XBÇ) və bu səbəbdən dializ müalicəsinə cəlb olunan xəstələrin sayı artır. Bu xəstəlik və onun müalicəsi Azərbaycan dövlətinin də diqqət mərkəzindədir. İndiyədək dövlət tərəfindən bunula bağlı bir sıra addımlar atılıb, paytaxda, regionlarda dializ mərkəzləri açılıb. Bu mərkəzlərdən biri də 2012-ci ilin may ayında Ağdaşda istifadəyə verilib. Mövzu ilə bağlı suallarımızı Dializ Mərkəzinin şöbə müdiri Ziyafət Hacıyevaya ünvanladıq. Qeyd edək ki, Ziyafət Hacıyeva dializ mütəxəssisidir, Səhiyyə Nazirliyinin və Dünya Bankının maliyyəsilə Ankarada dializ mövzusunda keçirilən konfransda iştirak edib. 

– Ziyafət xanım, öncə şöbəniz haqqında məlumat verərdiniz.

– Əvvəllər şöbəmizə Ağdaş, Göyçay, Bərdə, Kürdəmir, Mingəçevir, Zərdab, Ucar, Goranboy, Ağsu, Yevlax, Tərtər və İsmayıllı bölgələrindən xəstələr qəbul olunurdu. Aparatların azlığı xəstələrin qəbulunda çətinliklər yaradırdı. Sonradan bölgələrdə dializ şöbələrinin açılması xəstə qəbulunda problemləri aradan qaldırdı. Əvvəl 8 aparatımız var idi, müraciət edən xəstələrin sayı çox olduğundan əlavə 2 aparat da gətirildi. Düzü, şöbənin işi ağır olduğundan üç növbə işləyirik. Xəstələr aparatda 4 saat qalmalıdırlar. Hətta, elə olur ki, bir xəstəni vəziyyətdən çıxarmaq üçün əlavə 40-45 dəqiqə də vaxt sərf edirik. Gün ərzində hər növbədə 10 xəstə qəbul olunur ki, bu da 30 xəstə deməkdir. Bu xəstələr günaşırı, həftədə 3 seans alırlar, əgər eksterimal hal olmasa, olarsa növbəti dəfə seans olunur. Xəstələrin laborator analizdən sonra həftədə neçə dəfə seans olacaqlarını təyin edirik.

 

– Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən xəstələr çoxdur. Ağdaşda bu xəstəliyə düçar olmuş neçə xəstə var?

-Hazırda 24 xəstə var ki, onlar Ağdaş sakinləridir. Demək olar, bu xəstəlik cavanlaşır. Amma nəzərə çarpan uğurumuz var ki, 5 nəfərin böyrəyi açılıb, dializdən azad olub. 3 nəfərin böyrək köçürməsi uğurla həyata keçirilib.

 

– Oxucularımıza böyrəyin insan orqanizmində hansı funksiyanı yerinə yetirməsi və fəaliyyətini yetərincə icra etmədikdə nə kimi fəsadlar əmələ gələ biləcəyi barədə məlumat verərdiniz.

– Böyrəklər digər daxili orqanlar kimi çox vacib və mürəkkəb bir orqandır. Onların əsas vəzifəsi bədəndən zəhərli maddələri, suyu və mineralları ixrac etməkdir. Böyrəklərdə qan təmizlənir və böyrək damarları vasitəsi ilə bədənə qayıdır. Bundan əlavə olaraq, böyrəklər bədəndə duzları tarazlaşdırır, qan təziyiqini tənzimləyir, sümüklər üçün vacib olan D vitamininin aktiv formasını istehsal edir, qan hüceyrələrinin yaranmasında mühüm rol olan enitopoetini sintez edir, dərmanları kənarlaşdırır. Böyrək damarları öz fəaliyyətini itirdikdə qanda zəhərlənmə əmələ gəlir ki, bu da sözügedən xəstəliyə səbəb olur. “Ağıllı aparatlar” vasitəsi ilə həmin qan təmizlənir. Amma mənim fikrimcə, aparatlar o dərəcədə də ağıllı deyillər ki, orqanizmə bunu ziyan vermədən etsinlər. Demək olar ki, xeyrindən çox ziyanı var. Dializ prosesi müsbətə gedən bir proses deyildir. Mənim fikrimcə, böyrəyin bu vəziyyətə düşməsi əgər irsi deyilsə, insanın hansı həyat tərzi keçirməsi, hansı işlə məşğul olması, qidalanmada diqqətsizlik, hətta qripdən belə yaranma ehtimalı var. Təyinatsız antibiotiklərin həddindən çox istifadəsi də böyrək çatışmazlığına gətirib çıxara bilər.

 

– Böyrək çatışmazlığının əlamətləri nələrdir?

– Konkret hər kəsdə eyni əlamət olur – zəhərlənəmə. Mədədən mütəviatın atılması və suyun bədəndə ləngiməsi, suyun daxılı boşluqlara yığılması, tənginəfəslik. Şəkər xəstəliyindən əziyyət çəkənlərin son ünvanı dializ olur. Çünki şəkər xəstəliyindən əziyyət çəkən insanın damarlarının elastikliyi azalır, təbii halından çıxır, damar adətən paslanmış borunu xatırladır. Adətən, dializə 10-15 il davam edən şəkərli xəstələr tutulurlar.

 

– Hansı əlamətlər əsasında insan özü böyrək xəstəsi olduğunu müəyyənləşdirə bilər?

– Dünyada hər 100 adamdan biri böyrək xəstəsidir. Təəssüf ki, onların bundan xəbərləri yoxdur. Çünki böyrək xəstəlikləri çox gizli keçir. Böyrək xəstəsi olmalarını başqa həkimə müraciət edən zaman öyrənənlər də olur. Bəzi insanlar onlarda bu xəstəliyin olmasını bilərkən təəccüblənirlər. Bunun üçün ən azı ildə bir dəfə də olsa, həkimə müraciət edilməlidir. Qeyd edim ki, müalicənin daha çox effekti xəstəliyin erkən mərhələsində olur. Buna görə də xəstəliyin vaxtında təyin edilməsi və müalicəsi çox önəmlidir. Yüksək qan təzyiqi, sidikdə qan və ya zülalın olması, qanda kreatinin və sidik cövhərinin yüksəlişi, sidiyə tez-tez getmə, sidiyə getmə zamanı yanğı olması, göz altında şişkinlik, əllərin və topuqların ödemi böyrək xəstəliklərinin ilkin əlamətləridir. Zamanında aşkar edilən və dəqiq diaqnozu qoyulan böyrək xəstəliklərinin böyük bir qismi tamamən müalicə oluna bilər. Buna misal olaraq Ağdaş rayonunun Tofiqi kənd sakinini demək olar. Belə ki, həmin kəndin sakini 10 seansdan sonra bu xəstəlikdən azad olub. 1 ildir ki, öz böyrəklərilə  yaşayır.

 

– Böyrək xəstəlikləri hansı yaşlarda daha çox müşahidə edilir?

– Bu xəstəlik ən çox orta yaşlı nəslin nümayəndələrində müşahidə edilir. Amma bir xəstəmiz var – 16 yaşındadır, məktəblidir.

 

– Böyrək xəstəliyi müalicə olunmadıqda insan artıq xroniki böyrək çatışmazlığından əziyyət çəkir. Bu xəstəliyin hansı fəsadları var?

– Xroniki böyrək çatışmazlığı olan xəstələrdə nəinki qidalanma, ümumiyətlə, həyat tərzi dəyişir. Bu xəstəlik geri dönməyən və irəliləyən hesab olunur. Xoroniki böyrək çatışmazlığı bir neçə xəstəliklərin fəsadı və nəticəsidir. Buna səbəb olan əsas amillər kimi şəkərli diabeti, yüksək arterial təzyiqi, böyrəklərin polikstoz xəstəliyini, xroniki pielonefriti, böyrək daşlarını, bəzi anomaliyaları və irsi xəstəlikləri, dərmanların və toksik zəhərlənmələri qeyd etmək olar. Ürək fəaliyyətinin pozulması, sümük mineral mübadiləsində disbalans və qan hüceyrələrində sintezin azalması xroniki böyrək çatışmazlığı zamanı müşahidə etdiyimiz ciddi fəsadlardır. Bu mərhələdə müalicələrin əsas məqsədi xəstəliyin irəliləməsinin sürətini azaltmaq və ortaya çıxan fəsadları minimuma endirməkdir. Xroniki böyrək çatışmamazlığının erkən aşkar edilməsi onun terminal böyrək çatışmamazlığına doğru irəlillməsini ləngidir. Lakin əksər hallarda bu mümkün olmur və xroniki böyrək çatışmazlığı terminal böyrək xəstəliyi ilə nəticələnir. Bu mərhələdə böyrəklərin funksiyası kritik mərhələyə çatır, zəhərli maddələrin, suyun və qanda mineralların ixracı pozulur və onlar qanda yığılaraq bəzən həyat üçün təhlükəli olan vəziyyətlər yaradırlar. Terminal böyrək çatışmazlığı olduqda böyrək əvəzedici müalicəyə başlamaq zəruridir. Bu müalicə üsulu böyrək köçürülməsi və dializ müalicələrdən ibarətdir.

 

– Böyrək çatışmazlığı olan insanların müalicəsi üçün ən effektli üsullardan biri onların daim dializ olunmasıdır. Belə xəstələr dializ aparatlarından xilas ola bilərlər?

– Böyrək köçürülməsi və ya transplantasiyası böyrək çatışmazlığının aradan qaldırılması üçün ən effektiv üsuldur. Nefroloq tərəfindən böyrək çatışmazlığı diaqnozu qoyulan xəstə ən qısa bir zamanda orqan transplantasiyası mərkəzinə müraciət etməlidir. Bu mərkəzlərdə nefroloq xəstələri canlı donordan böyrək transplantasiya olunması üçün dəyərləndirir. Böyrək köçürülməsi və ya transplantasiyası böyrək çatışmazlığının son mərhələsində ən effektiv müalicədir.

 

– Bu xəstələr necə qidalanmalıdır?

– Bu xəstələrin qidalanmasının demək olar ki, üçdə ikisi rasiyondan çıxarılır və qəbul forması dəyişdirilir. Məsələn, bu xəstələr bişmiş əti olduğu kimi heç vaxt qəbul edə bilməzlər, mütləq əti qaynadılıb suyu götürülməlidir. Ət buxarda bişmiş halda qəbul olunsa yaxşıdır. Süd və süd məhsullarının müəyyən miqdarda qəbul olunması vacibdir. Bəzi meyvə-tərəvəzlərdən qəti imtina olunmalıdır. Ağızın dada gəlməsi üçün ən çox istifadə etdiyimiz duzdur, böyrək çatışmazlığından əziyyət çəkənlər bundan da tamamən imtina etməlidirlər. Suyu da limitlə qəbul etməlidirlər. Çünki bu xəstələrdə ifrazat olmadığı üçün çox az bir hissəsi dəridən buxarlanır. Bu baxımdan çox çətindir.

 

– Gün ərzində suyun normadan az qəbul olunması böyrək xəstəliyinə gətirib çıxara bilərmi?

– Əlbəttə. Suyun normadan az qəbulu böyrəyin işini ləngidir. Təbii ki, söhbət normal böyrəkdən gedirsə, suyu da normada içmək lazımdır ki, dövriyyədən keçirsin. Normada işləməyən hər hansı bir orqan “yatar”. Bəzi pəhrizlər, suyun az və ya çox qəbulu böyrəklərə ziyan verə bilər.

Pərviz Əliyev, Ağdaş