“Günəşli” yaşayış massivinin problemləri çözülür

92

Mingəçevir şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılov Mingəçevirin “Günəşli” yaşayış massivində sakinlərlə səyyar görüş keçirib. Qeyd edək ki, Günəşli yaşayış massivi son illərdə inkişaf edərək böyük bir qəsəbəyə çevrilmişdir. Burada sakinlərin həyat şəraitini yaxşılaşdırmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirilmiş, insanların arzu və istəyinə uyğun işlər görülmüşdür. Başlıcası qaz, su, işıq təminatı, yolların asfaltlanması əsasən qaydaya salınmış, sakinlərin şəhərə gediş-gəlişlərinin nizamlanması məqsədi ilə marşrut avtobuslarının iş ahəngi normaya salınmışdır. Buna baxmayaraq  hələ ki, yaşayış massivində görüləsi işlər, həyata keçiriləsi tədbirlər  çoxdur. Görüş zamanı  insanları narahat edən bir sıra problemlər dilə gətirildi.

Icra hakimiyyətinin başçısı görüşə gəlmiş sakinləri salamladıqdan sonra ölkəmizdə və şəhərimizdə həyata keçirilən tədbirlər barəsində qısa məlumat verərək qeyd etdi ki, respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, sosial yönümlü layihələr tətbiq olunur.  Bununla yanaşı ölkəmizdə böyük quruculuq işləri aparılır, işğaldan azad edilmiş ərazilərdə abadlıq işləri görülür. Yaxın vaxtlarda öz torpaqlarından didərgin düşmüş insanların dədə-baba yurdlarına qaytarılması həyata keçiriləcək.

Görüşdə sakinlərdən Əmir Orucov, Məcnun Həsənov, Allahyar Bağırov, Gülnarə Məhərrəmova, Asif Məhərrəmov, Sevil Məmmədzadə, Həqiqət Məmmədova, Rəhim Quliyev, İsmayıl Həsənov çıxış edərək öz problem və çətinliklərindən bəhs etdilər. Qeyd olundu ki, yaşayış massivinin abadlaşdırılması üçün görülən işlər bizi qane edir. Buna görə ölkə rəhbərinə və şəhər icra hakimiyyətinə minnətdarlığımızı bildiririk. Lakin bir sıra məsələlərdə bizə dəstək durmağınızı xahiş edirik. Xüsusilə ağacların suvarılması üçün su xətlərinin çəkilməsini, kanaliasiya və qaz xətlərinin çəkilib yenilənməsini, məktəbmizin əsaslı təmir edilməsini və burada yeni korpusların tikilməsini, məktəbdə istilik sisteminin qaydaya salınmasını, yeni asfalt örtüyünün çəkilməsini istərdik. Sakinlər onları narahat edən ən vacib məsələyə toxunaraq yeraltı qaz xətlərinin üzə çıxarılıb nizamlanmasını istədiklərini deyiblər.

Görüşdə eyni zamanda şəxsi problemlərdən də söhbət açıldı. Xüsusilə sağlamlığının bərpası üçün tibbi yardıma ehtiyacı olanlar istəklərini dilə gətirdilər.

Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov bütün bu problemləri dinləyərək görüşdə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə, icra hakimiyyətinin məsul şəxslərinə xüsusi tapşırıqlarını verdi. Sakinlərə əminliklə bildirdi ki, qaldırılan bu problemlər nəzarətdə saxlanılacaq və mərhələli şəkildə aradan qaldırılacaq.

Esmira Hidayətova, Mingəçevir